Məhkəmə qərarları › İş №2-1(116)-401/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-401/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-401/2022 11.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı tərəfindən verilmiş ərizəyə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə elektron poçt vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, o, ikinci qrup əlildir, ağ ciyər xəstəsidir. 2009-cu ildən əziyət çəkir. 130 manat pensiya alır, onu da tuturlar aliment kimi. İkinci dəfə müraciət göndərmişdir, əlilliyinin bərpa olunması ilə bağlı. ƏƏSMN-dən 22.10.2021-ci il tarixdə imtina gəlib. Heç bir səbəb olmadan. İddia qaldırır. Məhkəmədən xahiş edir ki, onun məsələsinə baxılıb qərar qəbul edilsin. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 26.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, ərizəsi İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin Sizin ərizənizdə qeyd olunan tələblərə riayət olunmamışdır. Ərizənin məzmunundan məhkəməyə müraciət etməkdə iddiaçının məqsədinin əlilliyin bərpa edilməsi ilə bağlı olduğu aydın olsa da, tələb ərizədə dəqiq göstərilmədiyindən məhkəmə tərəfindən hansı inzibati orqana qarşı iddia qaldırdığı və ya hansı inzibati aktı, yaxud inzibati orqanın imtinasını mübahisələndirdiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçının diqqətinə çatdırılmışdır ki, İPM-in 46.2-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin iddiaçının öz tələbini əsaslandırdığı faktlar, digər sübutetmə vasitələri, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar, iddiaçının istəyinə uyğun olaraq həmin inzibati aktın layihəsi, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, iddiaçının vəsatətləri, əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla mübahisələndirilən inzibati akt, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı və ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. İPM-in 46.3-cü maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Odur ki, yuxarıda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya vaxt verilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən iddianın mümkünlüyü məsələsinə İPM-in 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmənin yardım məktubu 01.11.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə iddiaçıya çatdırılmış, lakin məhkəmə tərəfindən müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Ali Məhkəmənin qərarının göstərilən tələblərinə istinadən məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü məsələləri yoxlanılarkən, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yardım məktubu məhkəmə tərəfindən ünvanlanmış, bununla da onun dinlənilmə hüququ təmin edilmiş, öz mövqeyini məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçı öz hərəkətsizliyi ilə məhkəmənin yardımına münasibət bildirməmiş, faktiki olaraq İPM-in tələblərinə cavab verməyən ərizəsini 27-ci və 46-cı maddələrin tələblərinə uyğunlaşdırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, ərizənin məzmunundan iddiaçının məhkəməyə müraciət etməkdə məqsədinin onun əmək pensiyasının bərpa edilməsi ilə bağlı olduğunu ehtimal etmək mümkün olsa da, bunu ərizəyə əsasən qəti olaraq təsdiq etmək mümkün deyildir. Ərizəyə iddia mövqeyindən yanaşılsa belə, iddia tələbinin nədən ibarət olduğu aydın olmayan ərizə üzrə iddia mümkün hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar