Məhkəmə qərarları › İş №2-1(116)-402/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-402/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-402/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonunun Kortala kənd “Həzi Aslanov”(Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasın qərarı ilə ona ev tikmək və istifadə etmək üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə dair onun yəni Balakən rayonunun Kortala kəndində yaşayan İddiaçı İsrafil oğlunun adına Hüquqların Dövlət Qeydiyyatından Çıxarışın” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonunun Kortala kənd “Həzi Aslanov”(Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasın qərarı ilə ona ev tikmək və istifadə etmək üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə dair onun yəni Balakən rayonunun Kortala kəndində yaşayan İddiaçı İsrafil oğlunun adına Hüquqların Dövlət Qeydiyyatından “Çıxarış”ın” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Balakən rayonunun Kortala kənd keçmiş “Həzi Aslanov” (Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasın qərarı ilə iddiaçıya ev tikmək və istifadə etmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikdirmişdir. Hal-hazırda mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olan “ Çıxarış” almaq istəyir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş,ərizəyə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X14 filialı və Balakən rayon Dövlət Arxivi tərəfindən 0.10 ha həyətyanı torpaq sahəsi verilməsini təsdiq edən arayışları əlavə etmişdir. Müraciətinə 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmış və “ Çıxarış” ın verilməsinin mümkün olmaması barədə 22 noyabr 2023-cü il tarixli 3-21-3-47/2- 4271/2023 saylı imtina bildirişi göndərilmişdir. İmtinanın səbəbi olaraq qeydiyyata alınmasını tələb etdiyi 0.10 ha torpaq sahəsinin 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğu göstərilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,10 torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4271/2023 (**********71) nömrəli imtina məktub göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. Şəki şəhər dövlət arxivinin xx.xx.2021-ci il tarixli 747 nömrəli arxiv arayışının surəti.

3. Arxiv İdarəsi Respublika X10 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Kortala kəndi İcra Nümayəndəliyinin 1991-1995-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı adı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-ci il tarixli məktubuna əlavə edilmiş 2002-ci il tarixli Balakən rayonu Kortala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir.

5. JN-197 Kod 40106018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.40 ha sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

6. “ Həzi Aslanov” (Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli iclas protokolunun surəti.

7. 720 inventar nömrəli, 2003-cü il tarixli texniki pasportun surətindən görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin hüquqi suyekti X6r.

8. Balakən rayonu Tülü kənd icra Nümayəndəliyinin 2000-ci ilo tarixli 05 nömrəli Təsərrüfatbaşına kitabında X4 təsərrüftı haqqında məlumat qeyd edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-4933/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X1 xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasın qərarı ilə verilmiş 0.10 ha torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən təsdiqlənmiş sxemə əsasən koordinatlarını müəyyən etmək mümkündür. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi ilə üst- üstə düşür.İddia olunan 0.10 ha torpaq sahəsi Kortala bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları kimi işlənilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında isə kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. İddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir ancaq fərdi yaşayış evi isə iddia olunan torpaq sahəsinin hüdudlarından kənarda inşa olunmuşdur.

10. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 08 saylı qərarının arxiv nüsxəsinin surəti.

11. JN-197 (kod ********) saylı Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 29 saylı qərarı ilə X5 0.40 ha torpaq sahəsi verilmişdir.

12. 3624003182 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.0549 ha torpaq sahəsinin mülkiyyətçisi X3r.

13. Kortala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 311 saylı arayışdan məlum olur ki, Kortala kəndində iddiaçıya məxsus yaşayış evi var. Həmçinin ərizəyə əlavə edilmiş Balakən rayon Kortala kənd Bələdiyyəsi tərəfindən tərtib edilərək möhürlənmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən məlum olur ki, iddiaçının istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsi var.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-498/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavədən görünür ki, Rəyə əsasən iddia olunan torpaq sahəsinin hüdudlarından kənarda yerləşən fərdi yaşayış evi ilə iddia olunan torpaq sahəsi eyni qapalı həyət daxilində yerləşir. Rəyə əsasən iddia olunan torpaq sahəsinin hüdudlarından kənarda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi TEKUİS məlumat bazasınada Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfayı təyinatlı çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. İddiaçıya və ailə üzvlərinə Aqrar islahat nəticəsində pay torpaq sahəsinin verilməsinə dair hüquq müəyyənedici sənədlərin surətləri təqdim edilir. İddia olunan torpaq sahəsinin birbaşa qonşuluğunda yerləşən torpaq sahələrinə dair Şəhadətnamələrin və ya digər hüquqmüəyyənedici sənədlərin arxiv surətləri təqdim edilir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin iddia əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası xx.xx.1996-cı il tarixli Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Cavabdehin imtinasının əsası iddia olunan torpaq sahəsinin kənd təsrrüfatı təyinatlı olması ilə bağlıdır.Təqdim edilən mütəxəssis rəyinə əsasən iddia olunan 0.10 ha torpaq sahəsi Kortala bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları kimi işlənilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında isə kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. İddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə yuxarıda qeyd olunanlara qiymət verərək qeyd edir ki,torpaq sahəsinin təyinatının müvafiq baza məlumatlarına düzgün daxil edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir.İş materiallarına əsasən də müəyyən edilir ki,iddia olunan torpaq sahəsinə qonşu olan torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ qeydə alınmışdır.Həmin çıxarışa əsasən torpağın kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. Halbuki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin edilməli, Balakən rayonunun Kortala kənd “Həzi Aslanov” (Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasın qərarı ilə ona ev tikmək üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində (faktiki istifadəyə uyğun olaraq) iddiaçının mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonunun Kortala kənd “Həzi Aslanov”(Kommunizm) adına kolxozun xx.xx.1996-cı il tarixli 04 nömrəli ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı İsrafil oğlunun mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar