Məhkəmə qərarları › İş №2-1(116)-403/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-403/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-403/2022 21.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “03.06.1992-20.11.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni 01.04.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, pensiyanın növünün əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilməsi və 01.04.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. O, 21.08.1972-ci ildən 29.04.1978-ci ilədək Ağdaş rayonu X5 əyani təhsil almış, əyani təhsil dövründə hərbi xidmətə çağırılmış və 26.11.1974-cü ildən 24.12.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı 13.02.1980-cı ildən 14.01.1983cü ilədək və 04.05.1983-cü ildən 17.02.1984-cü ilədək Bakı şəhərində Boru-prokat sahəsində, 03.12.1984-cü ildən 28.05.1985-ci ilədək X7, 21.03.1986-cı ildən 01.06.1992-ci ilədək Ağdaş ƏMX İstehsalat İdarəsində, 03.06.1992-ci ildən 20.11.2000-ci ilədək 180 saylı SMD-də, 01.12.2000-ci ildən 02.07.2001-ci ilədək X8 işləmişdir. İddiaçı 2007-ci ildən 31.03.2021-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. Əlilliyinin müddəti bitdiyi üçün 2021-ci ilin aprel ayından əmək pensiyası ala bilmir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı 10.11.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinəd air ərizə təqdim edərək “03.06.1992-20.11.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni 31.03.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.11.2021-ci il tarixli 2-1(116)-1582/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 05.03.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 31 avqust 2021-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialına müraciət etmiş və onun əlilliyə görə pensiya növünün yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı tərəfindən müraciət üzrə aparılmış inzibati icraat çərçivəsində İddiaçı əmək kitabçasında qeyd edilmiş 03.06.1992-ci il tarixindən 20.11.2000-cİ il tarixinədək dövrün araşdırılması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş 15.09.2021-ci il tarixli **********710400 nömrəli cavab məktubunda 180 №-li X2 Dəstənin 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatından keçmədiyi qeyd edilmişdir. Beləliklə iddiaçının 1992- 2000-ci illərdəki stajının düzgünlüyünü yoxlamaq mümkün olmadığı üçün 27.09.2021-ci il tarixli məktubu ilə ona pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.1.2-ci maddəsinə görə işləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir; Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir. Bundan başqa İddiaçı təqdim etdiyi əmək kitabçasında onu verən müəssisənin möhürü yoxdur, mübahisəli 10-cu işə daxilolma və 11-ci işdənçıxma qeydlərinə isə bir möhür vurulmuşdur. Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”-nın 3.11-ci bəndinə görə əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir; hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin qaydaların 3.7-ci bəndinə uyğun olaraq əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd edərək “03.06.1992-20.11.2000-ci illərdə 180 nömrəli X1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni 01.04.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: DSMF-nin 13 saylı regional ərazi filialının 18.11.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya təminatı şöbəsinin mütəxəssisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandığı üçün 31.08.2021 -ci il tarixdə ƏƏSMN-i tabeliyində DSMF publik hüquqi şəxsinin 13 saylı Regional Ərazi Filialına ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüd olduğu üçün 65 yaş tamamında, yəni 28.12.2020-ci il tarixdə pensiya hüququ yaranmışdır. İddiaçı mübahisələndirilməyən iş stajı aşağıdakı qaydadadır: 01.09.1972-29.04.1978 = 5 il - 7 ay - 29 gün 13.12.1980-14.01.1983 = 2 il - 1 ay - 01 gün (ORS) 04.05.1983-17.02.1984 = 0 il - 9 ay - 13 gün (ORS) 03.12.1984-28.05.1985 = 0 il - 5 ay - 25 gün (Ağdaş ictimai iaşə idarəsi) 21.03.1986-01.06.1992 = 6 il - 2 ay -10 gün (Ağdaş ƏMX) 01.12.2000-02.07.2001 = 0 il - 7 ay - 01 gün (X9) Cəmi: 15 il - 9 ay - 19 gün İddiaçı tələbində qeyd olunan mübahisələndirilən stajı aşağıdakı kimidir: 03.06.1992-20.11.2000 = 8 il - 5 ay - 17 gün (180 №-li T/arası Mexanikləşdirilmiş Səyyar dəstə) Cəmi: 24 il - 03 ay - 05 gün Göründüyü kimi İddiaçı 03.06.1992-20.11.2000-ci illərdə 180 №-li T/arası Mexanikləşdirilmiş Səyyar dəstədə işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, 9 saylı Ərazi Vergilər İdarəsinin 15.09.2021-ci il tarixli **********710400 nömrəli məktubuna əsasən həmin idarənin dövlət qeydiyatından keçməməsi, idarənin hazırda fəaliyyətinin olmaması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olmaması və əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il əmək (sığorta) stajı olmadığı üçün ona əmək pensiyası təyin etmək qanunamüvafiq hesab edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus AT-İİ ******* nömrəli əmək kitabçasında 1-ci sırada iddiaçının 13.02.1980-cı ildən əmək fəaliyyətinə başladığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının 13.12.1980- 14.01.1983-cü illər üzrə iş stajı mübahisələndirilməsə də, həmin dövrdə iddiaçının əmək fəaliyyətinə başladığı tarix düz qeyd edilmədiyindən, iddiaçının stajı 2 il 1 ay 1 gün kimi qiymətləndirilmişdir. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyətinə 13.12.1980-ci il tarixdən deyil 13.02.1980-ci il tarixdən başlamışdır. İddiaçının vəzifəyə təyin edilməsi barədə əmrin tarixi əmək kitabçasının 3-cü səhifəsində 13.02.1980-ci il kimi qeyd olunmuşdur. Odur ki, 13.02.1980-ci il tarixdən hesablanmaqla iddiaçının 14.01.1983-cü il tarixədək əmək stajının 2 il 11 ay 01 gün olduğu müəyyən edilmişdir. DSMF-nin 13 saylı regional ərazi filialı tərəfindən məhkəməyə ünvanlanan 18.11.2021-ci il tarixli məlumat məktubunda iddiaçının mübahisələndirilməyən iş stajı hesablanarkən formal xətaya yol verildiyi aşkar olunmuşdur. İddiaçıya məxsus AT-İİ ******* nömrəli əmək kitabçasın 8 və 9-cu səhifələrində 10cu və 11-ci sırada iddiaçının 03.06.1992-ci ildən 20.11.2000-ci ilədək 180 nömrəli SMD-də işlədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən həmçinin iddiaçının 180 nömrəli SMD-də işlədiyi 8 il 05 ay 17 gün müddət mübahisələndirilmişdir. Cavabdeh sözügedən iş illərini iddiaçının sosial sığorta stajına daxil etməməsinə səbəb kimi 9 saylı Ərazi Vergilər İdarəsinə göndərilmiş sorğuya verilən cavabı göstərmişdir. Belə ki, ƏVİ 15.09.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, 180 nömrəli SMD dövlət qeydiyyatından keçməmiş, idarə isə hazırda fəaliyyətdə olmadığından iddiaçının iş illərinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı isə həmçinin iddiaçının 180 nömrəli SMD-də işə daxilolma və işdənçıxma qeydlərinə bir möhür vurulduğunu əsas gətirmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlillərinə münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının 180 nömrəli SMD-də əmək fəaliyyəti dövrü ona məxsus əmək kitabçasında göstərilmiş, işə daxilolma və işdən çıxmasına dair müvafiq əmrlər qeyd edilmiş və möhürlə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının həmin müəssisədə işləməsinə dair qeydlər əmək kitabçasında sonuncu qeyd olmamış, əmək kitabçasının ardıcıl gələn və 9-cu səhifənin əks tərəfində olan 10 və 11-ci səhifələrində 12-13-cü sıralarda iddiaçının 01.12.2000- 02.07.2001-ci illərdə X8 işlədiyi illərə dair qeydlər aparılmışdır ki, cavabdeh tərəfindən həmin illər mübahisələndirilməyən iş stajı olaraq qəbul edilmişdir. Bu isə, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə olan şübhəni aradan qaldırmaqdadır. Cavabdeh iddiaçının 180 nömrəli SDM-də işlədiyi illərə dair qeydlərin yalnız bir möhürlə təsdiqləndiyini qeyd edərək etiraz etsə də, iddiaçının mübahisələndirilməyən iş sajına dair məlumatların əks olunduğu səhifələrdə bir sıra qeydlərin yalnız bir möhürlə təsdiq edilməsi, cavabdehin formal əsaslardan mübahisələndirilən stajı nəzərə almadığını deməyə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisədən işdən çıxmasına dair qeyd olunmuş məlumatlar möhürlə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilməyən 16 il 07 ay 19 gün iş stajının üzərinə 180 nömrəli SMD-də işlədiyi 08 il 05 ay 17 gün iş stajını əlavə etdikdə cəmi 25 il 01 ay 06 gün müddət edir ki, bununla da da tələb olunan 25 il müddət tamamlanmış olur. Beləliklə, ayrı-ayrılıqda dəqiq hesablanmaqla iddiaçının: təhsil və hərbi xidmət müddəti nəzərə alınaraq 01.09.1972-29.04.1978-ci illər üzrə 5 il 7 ay 29 gün; 13.02.1980-14.01.1983-cü illər üzrə 2 il 11 ay 1 gün; 04.05.1983-17.02.1984-cü illər üzrə 9 ay 13 gün; 03.12.1984-28.05.1985-ci illər üzrə 5 ay 25 gün; 21.03.1986-01.06.1992-ci illər üzrə 6 il 2 ay 10 gün; 01.12.2000-02.07.2001-ci illər üzrə 7 ay 1 gün olmaqla, cəmi 16 il 7 ay 19 gün cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı vardır. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının 180 nömrəli Təsərrüfatlar arası səyyar müxanikiləşdirilmiş dəstədə işləmiş olduğu 03.06.1992-20.11.2000-ci illər üzrə 8 il 5 ay 17 gün müddətdə iş stajının nəzərə alınmaması əsassız olmuşdur. Məhkəmə işin hallarına qiymət verərək iddiaçının toplam iş stajını 16 il 7 ay 19 gün + 8 il 5 ay 17 gün = 25 il 1 ay 6 gün olaraq müəyyən edir. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-30 iyun 2021-ci il dövr aralığında kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, 28.12.2020-ci il tarixədək 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Lakin o da qeyd olunmalıdır ki, iddiaçı 31.03.2021-ci il tarixədək əlilliyə görə pensiya aldığından, pensiya ödənişinin dayandırıldığı 01.04.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən illərinin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 03.06.1992-20.11.2000-ci illərdə 180 nömrəli X3 Dəstədə işlədiyi illər onun sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi tarixdən, yəni 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar