Məhkəmə qərarları › İş №2-1(116)-405/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-405/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-405/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı X1, cavabdeh nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu, Car bələdiyyəsi ilə iddiaçı X2 arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu, Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu, Car bələdiyyəsi ilə iddiaçı X2 arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu, Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-405/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Car bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi əsasında Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki 2000 kv.m torpaq sahəsinə dair Zaqatala Rayonu Car Bələdiyyəsi ilə aralarında icrarə müqaviləsinin bağlanmasını bildirərək, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsini cavabdeh orqandan xahiş etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilə olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi bələdiyyə üzvlərinin xx.xx.2014-cü il tarixli 06 saylı iclasında müzakirə edilərək iddiaçı ilə müqavilə bağlanmışdır. Bələdiyyənin xx.xx.2021-ci il tarixli 07 saylı qərarı ilə bağlanmış həmin müqavilə ləğv olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının protokolunun 01 nömrəli qərarından çıxarışdan görünür ki, həmin bələdiyyənin icarə predmeti olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin abadlıq məqsədilə icarəyə verilməsilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Bununla əlaqədar icarə hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin icarə haqqının aşağı həddi barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən, bələdiyyənin icarəyə verilməsi məqsədilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair çıxarışın verilməsinin Azərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi İdаrəsindən xahiş edilməsi qərara alınmışdır. - Car Bələdiyyəsindən abadlıq məqsədilə icarəyə verilmiş torpaq sahəsinə dair Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin baş məsləhətçısı F.Qaziyevin mütəxəssis rəyindən görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən abadlıq məqsədilə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. - Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən verilmiş arayışdan görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə abadlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid olmaqla, kolluq ərazidir. Həmin torpaq 2000 kv.m. və ya 0,20 ha sahədən ibarətdir. - Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn X4 mülkiyyətindən abadlıq məqsədilə 0,20 ha torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə təqdim edilmiş sənədlərə dair 24.012013-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, Car Bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.20 ha olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsi həmin torpaq sahəsinin icarəyə verilməsini qanuna müvafiq hesab edir. - Car Bələdiyyəsinin sədri M.Xiniyevin iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubunda göstərilir ki, torpaq sahəsinin icarəyə verilməsi tələbinə dair iddiaçının ərizəsi Zaqatala Rayonu Car Bələdiyyəsinin üzvlərinin xx.xx.2013-cü il tarixli yığıncağında müzakirə edilmişdir. İddiaçının icarəyə verilməsini tələb etdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair qeydiyyata alınma proseduruna başlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 489/2021 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Zaqatala rayonu Car Bələdiyyəsinə qarşı “cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq məqsədi ilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsi ilə iddiaçı X2 arasında icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamədən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. - xx.xx.2014-cü il tarixli 01 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, idiaçı ilə car bələdiyyəsi arasında xx.xx.2014-cü il tarixli 06 saylı qərar əsasında 2000 kv.m torpaq sahəsinə dair bağçılıq məqsədi ilə icarə müqaviləsi bağlanmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh orqan tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin cavabdehə ünvanladığı məktubundan görünür ki, sözügedən 0.20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car bələdiyyəsinin hüdudları daxilində yerləşir. - üçüncü şəxs tərəfindən təqdim edilmiş, Kadastr və yerquruluşu Layih-Tədqiqat Mərkəzi” MMC-nin üçüncü şəxsə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən 0.20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car bələdiyyəsinin mülkiyyətinə aiddir. - üçüncü şəxsin xx.xx.2021-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı, 73-cü maddəsinin 6-cı bəndi rəhbər tutularaq 2014-cü ilin iyun ayında sabiq bələdiyyə sədri X3 ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin hüquqi qüvvəsinin itirdiyi nəzərə alınarq həmin müqavilənin ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Mülki Məcəllə Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. İş materiallarından görünür ki, iddiaçının tələbi onunla Zaqatala rayonu Car bələdiyyəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (torpağın mülkiyyətçisi bələdiyyədir) ilə icarəsinə verilmiş 2000 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. Cavabdeh orqanının həmin hüquqların qeydə alınmasından imtinasının əsas dəlili bağlanmış müqavilənin notariat qaydasında təsdiqlənməməsi ilə əlaqədardır. Bu baxımdan, hazırkı iş üzrə müəyyən edilməli və qiymət verilməli məsələ torpaq sahəsi ilə bağlı icarə müqavilələrinin notariat qaydasında bağlanmasının qanunvericiliklə nəzərdə tutulub-tutulmaması ilə bağlıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-763/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında aşağıda qeyd olunan hüquqi mövqe öz əksini tapmışdır: Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 2 Göründüyü kimi, müqavilənin forma tələbləri ilə bağlı şərt qanunla birbaşa tənzimlənmədiyi halda, müqavilə azadlığı prinsipi baxımından tərəflərin mülahizəsindən asılıdır. İcarə müqaviləsi ilə bağlı münasibətlər Mülki Məcəllənin 34-cü fəsli (700-722-ci maddələr) ilə tənzimlənir. Həmin fəsildə isə icarə müqaviləsinin notarial formada bağlanmalı olması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi də məzmun baxımından Mülki Məcəllənin 139-1.1.3-cü maddəsini təkrarlayır. ... Hüquq nəzəriyyəsinə əsasən, əşya hüquqları əşya üzərində hüquqi baxımdan birbaşa hakimiyyət təmin edən və bu səbəblə də hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli hüquqlardır. Əşya hüquqlarının predmeti bir qayda olaraq əşyadır. Əşya dedikdə isə mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanına və iqtidarına sahib olduqları iqtisadi dəyər kəsb edən və xüsusi mülkiyyətə əlverişli olan fiziki cisimlər başa düşülür. Bir şeyin, mülki hüquq baxımından “əşya” sayıla bilinməsi üçün həmin şey müəyyən və müstəqil əşya keyfiyyəti qazanmış olmalı və üzərində şəxsi hakimiyyətin təsis edilməsi mümkün olmalıdır. Əşya hüquqları hər kəsə qarşı irəli sürülə bilər və hər kəs bu hüquqa hörmət etməlidir (başqa sözlə, mütləq hüquqlardır). Bu baxımdan, əşya hüquqları hər kəs tərəfindən bilinməsini təmin edən təzahür formasında olmalıdır. Buna ədəbiyyatda “əşya hüquqlarının şəffalığı” prinsipi də deyilir. Daşınmaz əmlakla bağlı əşya hüquqlarının mövcudluğu “reyestrdəki qeydlər” vasitəsi ilə müəyyən olunur. Eyni zamanda, əşya hüquqlarında “vicdanlılığın qorunması” prinsipi rəhbər tutulur (MM-nin 140,148.2,149.2-ci maddələri). Əşya hüquqlarından istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur. Digər tərəfdən, bir şəxsin başqa bir şəxsdən müəyyən bir hərəkəti yerinə yetirməsini və ya müəyyən bir hərəkəti etməkdən çəkinməsini tələb etmək imkanını təmin edən səlahiyyətlər tələb hüququnu yaradır. Tələb hüququ, əşya hüquqlarından fərqli olaraq yalnız onları əmələ gətirən hüquq münasibətinin, daha doğrusu onu əmələ gətirən öhdəlik münasibətinin tərəfinə qarşı irəli sürülə bilir. Tələb hüquqları hər kəsə qarşı irəli sürülə bilinmədiyindən nisbi hüquqlardır. Bununla belə, qanunla nəzərdə tutulan hallarda dövlət reyestrində qeydə alındığı təqdirdə tələb hüququ üçüncü şəxsə qarşı irəli sürülə bilər. Hüquq ədəbiyyatında belə hüquqlar təsiri gücləndirilmiş nisbi hüquqlar adlandırılır. Qanunla nəzərdə tutulmadığı hallarda isə hər hansı bir nisbi hüququn reyestrdə qeydə alınması, həm qanunvericiliyə ziddir, həm də bu cür qanunsuz qeydiyyata əsaslanaraq nisbi hüququn üçüncü şəxslərə qarşı irəli sürülməsi hüquqi baxımdan mümkünsüzdür. Bu, mülki qanunvericiliyin öhdəlik və əqdlərlə bağlı ümumi sistemindən, həm əşya hüquqlarına dair Mülki Məcəllənin 3-cü bölməsindən, eləcə də 139.1-ci maddəsinin xüsusi müddəasından, həm də reyestr haqqında qanunvericiliyin ümumi sistematikasından irəli gəlir. Yuxarıda qeyd edilənlər icarə münasibətləri nöqteyi-nəzərindən tətbiq edildikdə icarə müqaviləsindən yaranan hüquqların tələb hüququna aid olduğu müəyyən olunur. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, icarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur ki, bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur. İcarə müqaviləsində isə icarəyəverənin mütləq mülkiyyətçi olması ilə bağlı imperativ norma yoxdur. İcarəyə verənin mülkiyyətçi olması hüquqi zərurət deyildir. Əksinə, bu cür yanaşma, Mülki Məcəllənin məqsədlərinə (mülki dövriyyə azadlığının təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə azadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa təminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd olmaqla yanaşı, gündəlik həyat ehtiyaclarına da uyğun deyildir. Mülki Məcəllənin 700.1-ci maddəsinin məzmunundan da görünür ki, icarə müqaviləsi ilə bir tərəf (icarəyə verən) icarə predmetindən istifadəni qarşı tərəfə vermək öhdəliyi daşıyır, qarşı tərəf isə (icarəçi) bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi isə bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyü nəzərdə tutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb hüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə açıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya qarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli sürülməsinin mümkünlüyünü təmin edir. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir və yuxarıda qeyd edilənlərə əsasən MM-nin 144.1-ci maddəsi icarə müqaviləsinə münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 329.1-ci maddəsi yalnız MM ilə deyil, digər qanunvericilik aktlarında da müqavilənin forma tələblərinin təsbit edilə bilməsinin mümkünüyünü qeyd etmişdir. Bu baxımdan, torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə münasibətdə “Torpaq icarəsi haqqında” Qanunun normaları nəzərdən keçirilməlidir. Həmin Qanunun 10-cu maddəsi torpağın icarəyə verilməsi ilə bağlı xüsusi müddəaları özündə əks etdirir və xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edilməli olduğunu bildirir. Bununla yanaşı, həmin maddədə dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanılması şərti nəzərdə tutulmamışdır. ... Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir, sahəvi qanunvericilik olan “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsi isə yalnız xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını tələb edir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə isə notarial təsdiqli müqavilənin bağlanmasına zərurət yoxdur. ... Cavabdeh reyestr orqanının icarə hüquqlarının qeydə alınmasından imtinasının qanuni əsası yoxdur. Əlavə olaraq, cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi baxımından yalnız notariat qaydasında təsdiq edilmiş müqavilələrin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmasına dair dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin maddədə, o cümlədən MM-nin eyni məzmunlu 139-1.1.3-cü maddəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr dedikdə, qanunvericilikdə notarial təsdiqlənməsi forma şərti baxımından məcburi olan müqavilərdən söhbət gedir. Mülki Məcəllə ilə tərəflərin üzərinə notarial qaydada bağlanmasına dair imperativ göstəriş qoyulmamış müqavilələrin notariat qaydasında təsdiqlənməsini tələb etmək qanunvericilik normalarına ziddir. Göründüyü kimi oxşar inzibati mübahisə üzrə icarə müqaviləsinin notarial qaydada bağlanması tələbinin məcburi olmaması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının təcrübəsi formalaşmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə notarial təsdiqli müqavilənin bağlanmasına zərurətin olmaması qeyd edilmişdir. Hazırkı iş üzrə tələbdə qeyd edilən 0.20 ha torpaq sahəsinin Zaqatala rayonu Car bələdiyyəsinin ərazi hüdudlarında yerləşməsi və bələdiyyə mülkiyyətinə aid olması işin mübahisəsiz halıdır. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qeyd edilsə də, nəzərə alınmalıdır ki, müvafiq müqavilənin bağlanmasına əsas Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi olmuş və həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-489/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Zaqatala rayonu Car bələdiyyəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçı ilə torpaq icarəsi müqaviləsi bağladığından, iddiaçı haqlı olaraq həmin icarə müqaviləsinin dövlət qeydiiyatına alınmasını cavabdeh orqandan tələb etmişdir. Sözügedən müqavilənin xx.xx.2021-ci il tarixli 07 saylı qərar əsasında ləğv edilməsi ilə bağlı üçüncü şəxsin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, üçüncü şəxs tərəfindən qəbul edilmiş həmin qərar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmiş, mübahisələrin mövcud qanunvericiliyə uyğun həll edilməsi qeyd edilmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Üçüncü şəxs həmin müqavilənin ləğvi ilə bağlı qərarını Torpaq Məcəlləsinin 73-cü maddəsinin 6-cı bəndi ilə əsaslandırmışdır. İstinad olunan maddədə 6-cı bənd olmasa da, məhkəmə hesab edir ki, üçüncü şəxs Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasını (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə) nəzərdə tutmuşdur. Bununla belə yuxarıda qeyd edildiyi kimi üçüncü şəxs, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına istinad etməklə icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyətinə malik olmadığından, qəbul edilmiş qərar müqavilənin ləğvinə səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 1.2.bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “Zaqatala rayonu, Car bələdiyyəsi ilə iddiaçı X2 arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu, Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar