Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-407/2025 16.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin (faktiki müddəti nəzərə alınmaqla) hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, iddianın müraciət etdiyi tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “işlədiyi illərin (faktiki müddəti nəzərə alınmaqla) hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, iddianın müraciət etdiyi tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, 1971 - 1972-cü il tarixədək Zaqatala rayon Muğanlı kənd “Moskva “ adma kolxozda şagird, kolxozçu işləmişdir. Həmin iş stajını AR Milli Arxiv İdarəsi Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala Dövlət Arxivindən alınmış 23 yanvar 2024-cü il tarixli arayışla təsdiq edir. 1972-ci il tarixdən 1977-ci il tarixədək X7 texnikumunda tələbə, 1973-1975-ci il tarixədək hərbi xidmət, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X3 parkında dispetçer, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Zaqatala Kolxozlararası tikinti idarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Baş Avtobazatla çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-ci il tarixədək MCU-89 sürücü, xx.xx.1984 cü il tarixdən xx.xx.1984 cü il tarixdən Avtobazada dəmirçi, xx.xx.1984-cü ii tarixdən xx.xx.1986- cı il tarixədək tikinti ustası, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək satıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Toxumçuluq müəssisəsində usta, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək SMU-1 də mexanik işlədiyi illəri əmək kitabçası, hərbi bilet və diplom ilə təsdiq edir. Yığdığı arayışları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Sosial Müdafiə fondunun Zaqatala Rayon Sahəsinə təqdim etmişdir. Lakin ona № 3-17-1 /2-S-30164/2024 12 fevral 2024-cii il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından imtina məktubu gəlmişdir, imtina məktubundan görünür ki, işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra onun pensiya işinə yenidən baxıla bilər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Hazırki iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajı tələb olunan müddətdən az olduğu üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının sosial sığorta stajı 20 il 04 ay 03 gün olduğundan qanunvericiliklə müəyyən edilmiş pensya təminatına imkan vermir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1977-cı il tarixədək hərbi xidmətdə olduğu müddət və əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 20 il 4 ay 3 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 3 ay 3 gün sığorta stajına uyğun olaraq 15017,70 manat. xx.xx.2019-cu il tarixdən 01.01 2020-ci il tarixədək (1 ay sığorta stajına uyğun) 23,08 manat olmaqla, ümumilikdə 15040,78 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə Azərbaycan Respuolikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (işdən çıxma əmri SSR möhürü ilə təsdiq edildiyindən) və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (işə daxil olma və işdən çıxma əmrləri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirirlər ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınadaxil edilməsinə baxıla bilər. İddiaçı xx.xx.1991-cı il tarixdən 27.11 1997-ci il tarixədək Qazaxıstan Respublikasındakı əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yarandığından xx.xx.1991-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr sığorta stajına daxil edilsə də xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdir. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluqunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. 58.5-ci maddəsinə əsasən xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə iddiaçının yaşa görə pensiyaya hüququ xx.xx.2020-ci il tarixdən yaranacaqdır. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (işdən çıxma əmri SSR möhrü ilə təsdiq edildiyindən) və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (işə daxil olma və işdən çıxma əmrləri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçı X2 tərəfindən xx.xx.1991-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Qazaxıstan Respublikasında işlədiyi dövrlərlə bağlı onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim edilmədiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır, Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən (aktiv vergi ödəyicisi kimi fəaliyyəti 02 02.2022-ci il tarixdən dayandırıldığı üçün) 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, 01 01.2023-cü il tarixdən 220 manata çatdırılmışdır Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci ilədək əmək fəaliyyətinin əks olunduğu ИТ-1 ******* nömrəli digər əmək kitabçası ümumiyyətlə mövcud deyil, ilkin icraat zamanı həmin sənədin cavabdeh orqana hansı qaydada təqdim edilməsindən məlumatsızdır və həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Zaqatala rayonu Dövlət Arxivinin 31 yanvar 2024-cü il tarixli arayışı, ИT-İ ******* nömrəli Əmək kitabçası, 019663 nömrəli Diplomun surəti, Н3 ******* nömrəli hərbi biletin surəti, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İddia tələbinə hüquqi qiymət verərkən məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair ilkin icraat zamanı cavabdeh orqana surəti təqdim edilmiş ИТ-1 ******* nömrəli əmək kitabçasının mötəbərliyi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də, sözügedən illərə dair digər əmək kitabçasının mövcud olmamasını və ilkin icraat zamanı həmin sənədin cavabdeh orqana hansı qaydada təqdim edilməsindən məlumatsız olduğunu bildirmişdir. İddia tələbinin məzmununda da, iddiaçı xx.xx.2003- xx.xx.2005-ci il tarixlərini əmək fəaliyyətinin tərkib hissəsi kimi qeyd etməmişdir. Odur ki, qeyd olunan dövr üzrə iddiaçının əmək fəaliyyətinə dair hər hansı mötəbər sübut mövcud olmadığından həmin müddət iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. İddia tələbində yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçının yaşa görə əmək pensiyası hüququnun mövcud olub-olmamasının əsasları onun 65 yaşının bitdiyi xx.xx.2020-ci il və tələbdə qeyd edilmiş xx.xx.2022-ci il tarixə münasibətdə yoxlanılmış, lakin, yaşa görə əmək pensiyası hüququnun yaranması əsasları müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2003- xx.xx.2005-ci illər nəzərə alınmadan cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən ümumi sosial sığorta stajının cəmi 30 il 8 ay 13 günə bərabərdir. Həmin müddətə iddiaçının 5 il 10 ay 26 gün (xx.xx.1992-xx.xx.1997) Qazaxıstan Respublikasında işlədiyi dövr daxildir. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında 1999-cu il oktyabrın 22-də Astana şəhərində imzalanmış Saziş təsdiq edilmişdir. Həmin Sazişin 9-cu maddəsinə əsasən əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. Sözügedən Saziş təsdiq edilənədək isə 1996-cı il sentyabr ayının 16-da Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır ki, həmin sazişə əsasən (m.5) tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınmışdır. Məhkəmə istinad olunan normativ sənədlərə əsasən qeyd edir ki, hər bir halda iddiaçının xx.xx.1992-xx.xx.1997-ci illər ərzində Qazaxıstan Respublikasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Belə ki, iddiaçı, əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim edə bilmədiyindən, yalnız əmək kitabçasına istinadla sözügedən dövr sosial sığorta stajına daxil edilə bilməz. Qeyd olunan dövr (5 il 10 ay 26 gün) nəzərə alınmadan iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 25 il sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqanın imtinası hər bir halda əsaslı olmuşdur. Odur ki, məhkəmə əlavə olaraq mübahisələndirilən digər dövrlərə hüquqi qiymət verilməsinə lüzum görmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.