Məhkəmə qərarları › İş №2-1(116)-408/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-408/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-408/2021 12.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri İslamzadə küçəsi 9/11 saylı evin 1 saylı mənzilinin yerləşdiyi 6 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri İslamzadə küçəsi 9/11 saylı evin 1 saylı mənzilinin yerləşdiyi 6 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri İslamzadə küçəsi 9/11 saylı evin 1 saylı mənzili iddiaçının mülkiyyətindədir. İddiaçı 40 ildən artıq müddətdir ki, evin mülkiyyətçisi olmasına baxmayaraq evin yerləşdiyi 6 sot həyətyanı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********93 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingəçevir şəhəri, İslamzadə küçəsi 9/11 nömrəli evin, 1 nömrəli mənzili xx xxxxxxx 2005-ci il tarixli, 428 saylı qərar ilə 7074 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mingəçevir şəhəri, İslamzadə küçəsi 9/11 nömrəli evin, 1 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Ona görə də İddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddiadan imtina etməsə də iddianı geri götürmüşdür ki, mütəxəssis rəyinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri İslamzadə küçəsi 9/11 saylı evin 1 saylı mənzilinin yerləşdiyi 6 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar