Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-409/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xx.xx.N-cü il tarixdə döyüş bölgəsinə getmiş, xx.xx.N-xx.xx.1994-cü il müddətində Ağdərə uğrunda gedən döyüşlərdə ayağından yaralanmış və N nömrəli hərbi hissədə müalicə olunmuşdur. Müalicədən sonra hərbi komissarlığa gedərək qeydiyyata düşmüş və zavoda işə göndərilmişdir. Komissarlıqdan iddiaçıya ehtiyac olduqda onu çağıracaqlarını bildirmişlər. İddiaçı döyüşlərdə iştirak etməsini əsas tutaraq cavabdeh orqandan ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığını bildirərək bundan imtina etmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı xx xxxxxx 1994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı qanuni əsaslarla ordu sıralarından tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh orqan göstərilənlərə əsasən hesab edir ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli “Hərbi bilet”in təsdiq edilmiş surətinin 6-cı səhifəsində qeyd edilir ki, iddiaçı xx.xx.N-cü il tarixdə yaralanmış, lakin müalicəsi tamamlandıqdan sonra hərbi hissəyə qayıtmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli 8223 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə stasionar müalicə almışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixində yaradılmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-286 nömrəli məktubundan müəyyən edilir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 8 nömrəli əmri ilə İddiaçı 2-ci MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N () nömrəli hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba kitablarında, N-cü il tarixli yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli,19HP941 nömrəli məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 1179-1220 nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 2 saylı Əlavədən müəyyən edilir ki, ünvan 1 203 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara ******* nömrəli “Hərbi bilet”in təsdiq edilmiş surəti, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli 8223 nömrəli məktubu, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubu, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-286 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli 9/2-286 nömrəli məktubu, Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-1179-1220 nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 2 saylı Əlavə aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Mingəçevir ŞHK tərəfindən hərbi xidmətə səfər edilsə də, xx.xx.N-cü il tarixdə yaralandıqdan sonra xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə almışdır. Lakin müalicəsi tamamlandıqdan sonra bir daha hərbi hissəyə qayıtmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-409/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-409/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver