Məhkəmə qərarları › İş №2-1(116)-409/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-409/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-409/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X15, üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X4, digər üçüncü şəxslər X16 və X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Mingəçevir şəhəri, S.Vurğun prospektində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən “Universam təsərrüfat hesablı mağazanın ticarət zalının icarəyə verilməsinə dair Cavabdeh başçısının 11.12.1994-cü il tarixli 783 saylı Sərəncamının ləğv olunması barədə” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Mingəçevir şəhəri, S.Vurğun prospektində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən “Universam təsərrüfat hesablı mağazanın ticarət zalının icarəyə verilməsinə dair Cavabdeh başçısının 11.12.1994-cü il tarixli 783 saylı Sərəncamının ləğv olunması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2-1(116)-409/2022 nömrəli qərardadı ilə X16, X5, X11, X18, X8, X23, X24, X19 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Həmçinin Məhkəmənin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-409/2022 nömrəli qərardadı ilə X25, X13, X31, X17 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 29.03.2021-ci il tarixli 2-1(116)-409/2022 nömrəli qərardadı ilə adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmiş, yuxarıda adları qeyd edilən şəxslərin inzibati məhkəmə icraatında iştirakı zəruri cəlbetməyə dəyişdirilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhəri S.Vurğun prospektində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən ticarət mağazasının bir hissəsindən iddiaçının anası, X1 icarə hüququ ilə istifadə etmiş, Mənsurə Fətəliyevanın 2021-ci ildə vəfatından sonra onun vərəsəsi olan qızı (hazırkı iş üzrə iddiaçı) həmin mağaza binasının özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bu zaman müəyyən olunmuşdur ki, həmin ticarət mağazasının müxtəlif vətəndaşların icarəsinə verilməsi ilə bağlı Cavabdeh 11.12.1994-cü il tarixli 783 nömrəli sərəncamı mövcuddur. Həmin sərəncam qüvvədə olduğuna görə mağaza binasının iddiaçı tərəfindən özəlləşdirilməsi mümkün olmamışdır. Odur ki, iddiaçı qeyd edilən daşınmaz əmlakın özəlləşdirilməsinə nail olmaq üçün Cavabdeh 11.12.1994-cü il tarixli 783 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 22.11.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın 11.12.1994-cü ildə qəbul edilmiş qərarının ləğv olunması barədədir. Yəni hazırkı iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır. Azərbaycan Respublikası İPM-də mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmuşdur. İddiaçının ləğvini tələb etdiyi inzibati akt 1994-cü ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Odur ki, artıq ötürülmüş bir aylıq prosessual müddət İPM-lə bərpa oluna bilməz. 01.01.2011-ci il tarixədək mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisələndirilə bilməzlər. İddia tələbinin mümkünsüzlüyü iş üzrə keçirilmiş 29.03.2022-ci il tarixdə tərəflərin iştirakı ilə bir daha müzakirə edilərək iddiaçıya izah edilmişdir. Məhkəmə iclasında iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, məhkəmədən iddia tələbinə mahiyyəti üzrə baxılmasını və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ləğvi tələb edilən sərəncamın, həmin sərəncamda adları qeyd edilən şəxslərin mənafeyinə toxunmasının nəzərə alınmasını bildirərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X9, digər üçüncü şəxslər X16 və X25 həmin mağaza binasının icarə hüququ ilə yalnız iddiaçının anasına verilmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İşdə olan, Cavabdeh 12.12.1994-cü il tarixli 783 nömrəli sərəncamından görünür ki, Universam təsərrüfat hesablı mağazanın 1-ci mərtəbəsindəki ticarət zalı, iddiaçının mərhum anası X7 (20.0 kv.m) da daxil olmaqla, cəmi 18 nəfərin icarəsinə verilmişdir. İşdə olan Cavabdeh 27.09.2019-cu il tarixli 1596 nömrəli məktubundan görünür ki, Mingəçevir ŞİH-nin 1994-cü il tarixli 783 nömrəli sərəncamı qüvvədədir. İşdə olan AZ-İİ 161783 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 03.02.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan, Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 28.01.2022-ci il tarixli 126 nömrəli məktubundan görünür ki, X2 miras qalmış əmlaka dair İddiaçı ərizəsinə əsasən 02.03.2021-ci il tarixdə V-104/2021 saylı vərəsəlik işi açılmışdır. Hər hansı əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında bağlanmış, 14.04.2021-ci il tarixli 822 nömrəli icarə müqavləsindən görünür ki, 18.0 kv.m qeyri-yaşayış sahəsi iddiaçının icarəsinə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Mübahisələndirilən sərəncamın verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsinin məzmununda iddiaçı mərhum anasının 1997-ci il tarixdən vəfatınadək mağazanı qoruyub saxlamasını və mübahisəsiz istifadə etdiyini, özəlləşdirmə başa çatmadan 2021-ci il tarixdə vəfat etdiyini qeyd etmişdir. Bu isə bütövlükdə 24 il müddətdir ki, özəlləşdirmə prosesi həmin müddətdə davam edə bilməzdi. X1 hazırda mübahisələndirilən sərəncam əsasında onun icarəsinə 20.0 kv.m qeyri-yaşayış sahəsinin verilməsindən, həmçinin mübahisəli daşınmaz əmlakın ticarət zalının sərəncamda adları qeyd edilmiş digər şəxslərin də icarəsinə verilməsindən məlumatlı olmuş, lakin, ötən 24 il ərzində həmin sərəncamı mübahisələndirməmişdir. Yəni, qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etməmişdir. İddiaçının həmin sərəncamdan nə vaxt məlumatlı olmasının artıq iş üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mərhum anası həmin sərəncamı mübahisələndirmək imkanını itirdiyindən, iddiaçıya münasibətdə də həmin sərəncamın mübahisələndirilməsi imkanı itirilmiş sayılmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Mingəçevir şəhəri, S.Vurğun prospektində yerləşən 2/1 saylı binanın birinci mərtəbəsində yerləşən “Universam təsərrüfat hesablı mağazanın ticarət zalının icarəyə verilməsinə dair Cavabdeh başçısının 11.12.1994-cü il tarixli 783 saylı Sərəncamının ləğv olunması barədə” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar