Məhkəmə qərarları › İş №2-1(116)-41/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-41/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-41/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X10 qızının katibliyi iddiaçının vəkili X8, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Cavabdehnə qarşı “01.03.1999-cu il tarixdən 28.12.2000-ci il tarixədək Gəncə şəhər Z.Hacıyev 62 ünvanda yerləşən X3 nəzdində olan çörək sexində, 01.01.2001-ci il tarixdən 31.12.2003-cü il tarixədək Kombinatın nəzdində olan "xxxx" firmasında, 02.01.2004-cü il tarixdən, 16.01.2006-cı il tarixədək "xxxx" MMC-də fəhlə işində işlədiyi illərin iş stajını əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə müraciət etdiyi gündən cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 04 aprel 1982-ci ildə Şəki rayon Baş Göynük kəndində anadan olmuşdur. Hazırda Şəki şəhəri, Baş Göynük kəndində yaşayır. İddiaçı əmək fəaliyyətinə 01 mart 1999-cu il tarixdən 28 dekabr 2000-ci il tarixədək Gəncə şəhər Z.Hacıyev-62 ünvanda yerləşən X3 nəzdində olan çörək sexində fəhlə işləməklə başlamışdır. 01.01.2001-ci il tarixdən 31.12.2003-cü il tarixədək Kombinatın nəzdində olan "xxxx" firmasında fəhlə, 02.01.2004-cü il tarixdən, 16.01.2006-cı il tarixədək "xxxx" MMC-də fəhlə işləmişdir. Xəstəliyilə əlaqədar olaraq təqaüdə çıxdığı üçün ona məxsus əmək kitabçasında qeyd olunan illərin onun əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh onun əmək kitabçasında göstərilən işlədiyi illərin Sosial sığorta stajına hesablanmasını təmin edilməsinin mümkün olmadığını bildirilmişdir. Bildirir ki, ona məxsus olan əmək kitabçasında göstərilən təşkilatlarda fəhlə işində işləmiş və işləməsi faktı Kəlbəcər rayon Dövlət Arxiv İdarəsindən Cavabdehnə verilən arayışında öz əksini tapır. Halbuki, Cavabdeh sorğusu əsasında DSMF-nin Kəlbəcər rayon şöbəsi onun işlədiyi təşkilatların Dövlət Arxiv İdarəsində qorunub saxlanılan Əmr kitablarına, əmək haqqı cədvəllərinə baxış keçirərək işləmə faktını doğruluğunu AKT tərtib edərək Cavabdehnə göndərilmişdir. Hesab edir ki, cavabdehin bu imtinası konstitusiya hüquqlarını pozur. Ona görədə Məhkəmə qaydası ilə cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və onun əmək kitabçasında göstərilən işlədiyi illərin Sosial sığorta stajına hesablanması vəzifəsini, Cavabdehnə müraciət etdiyi gündən cavabdehin üzərinə qoyulmalıdır. Bu səbəbdən də o, qanunla verilmiş hüquqlarından istifadə edə bilmədiyi üçün Məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazı: Vətəndaş İddiaçı 22.06.2015-ci il tarixdən İİ qrup əlilliyə görə sosial müavinət təyin edilərək ödənilir. Vətəndaş tərəfindən əvvəllər edilmiş müraciət nəzərə alınaraq təqdim olunmuş əmək kitabçasına əsasən şöbə tərəfindən vətəndaşın 1999-2006-cı illərdə olan iş stajının əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən yerində qarşılıqlı yoxlanması DSMF-nin Kəlbəcər rayon şöbəsinə 18.02.2019-cu il tarixdə **********3 saylı sorğu məktubu göndərilmişdir. DSMF-nin Kəlbəcər rayon şöbəsindən 07.03.2019-cu il tarixdə **********0 saylı reyestr nömrə ilə daxil olmuş cavaba əsasən Kəlbəcər rayon Dövlət Arxivində 05.03.2019-cu il tarixli akt tərtib olunaraq göndərilmişdir. Lakin həmin aktda vətəndaşın hansı müddətlərdə əmək haqqı alması göstərilməmiş, ancaq 01.03.1999-cu il tarixdən 31.12.2005-ci il tarixədək əmək haqqı ödəniş cədvəllərində adının qeyd olunması göstərilmişdir. Lakin vətəndaş tərəfindən təqdim olunmuş 30.09.2016-cı il tarixli 17 nömrəli əmək haqqı arayışında 2004-cü ilin fevral-avqust aylarında əmək haqqı almaması və analıq məzuniyyətində olması qeyd olunmuşdur. Lakin bu barədə yoxlama aktında heç bir qeyd aparılmamışdır. Nəticədə qeyri-müəyyən akt tərtib olunmuşdur. Həmçinin akta əsasən X9 2000-ci ilin 3 və 4-cü rüblərində, "xxxx" firması 2001-ci ilin 1,2,3-cü rüblərində DSMF-nin Kəlbəcər şöbəsi ilə hesablaşma aparmamışdır. Bu dövrlərin sosial sığorta stajına daxil edilməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən mümkün deyildir. Vətəndaşın müraciət tarixinə (12.03.2019-cu il tarixə) 37 yaşı tamam olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əmək pensiyası növünə keçirilərən təyinat aparılması üçün 7 il 4 ay sosial sığorta stajı və 10560,0 manat pensiya kapitalı tələb olunur. Yuxarıdakıları nəzərə alaraq, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün vətəndaşa əlilliyə görə əmək pensiyası təyin olunması mümkün deyildir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, İddiaçı və qeyrilərinin X4 işləməsinə dair Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə dair qəbul olunmuş qərara istinadən İddiaçı öz izahatında müəssisədə işləməməsi barədə izahat vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-780/2019 saylı 02.09.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Cavabdehnə qarşı “01.03.1999-cu il tarixdən 28.12.2000-ci il tarixədək Gəncə şəhər Z.Hacıyev 62 ünvanda yerləşən X3 nəzdində olan çörək sexində, 01.01.2001-ci il tarixdən 31.12.2003-cü il tarixədək Kombinatın nəzdində olan "xxxx" firmasında, 02.01.2004-cü il tarixdən, 16.01.2006-cı il tarixədək "xxxx" MMC-də fəhlə işində işlədiyi illərin iş stajını əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə müraciət etdiyi gündən cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmış və işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(107)-551/2019 saylı 09.10.2019-cu il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 780/2019 saylı 02.09.2019-cu il tarixli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli ş/v-nin surəti, Cavabdeh 27.03.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu və 13.05.2019-cu il tarixli **********1 nömrəli məktubu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 17 saylı Tibbi Sosial Ekspert Komissiyanın arayışı, ИТ seriyalı ******* nömrəli əmək kitabçası, Azərbaycan Respublikasının Gəncə Şəhər Prokurorluğun 12.01.2019-cu il tarixli qərarı, "xxxx" və "xxxx" MMC-nin 30.09.2016-cı il tarixli 17 nömrəli arayışı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon İcra Hakimiyyəti Kəlbəcər Rayon Dövlət Arxivinin 10.05.2019-cu il tarixli 05 nömrəli məktubları, Kəlbəcər Rayon çörək komtinatı üzrə 82 nömrəli 02.02.1999-cu il tarixli, 83 nömrəli 02.01.1999-cu il tarixli, 84 nömrəli 14.02.1999-cu il tarixli, 85 nömrəli 01.03.1999-cu il tarixli, 86 nömrəli 31.03.1999-cu il tarixli, 86 A seriyalı 01.04.1994-cu il tarixli, 03.12.2000-ci il tarixli, 54 a nömrəli 28.12.2000-ci il və 55 nömrəli 31.12.2000-ci il tarixli əmrləri, "xxxx" firması üzrə 04 nöməli 01.01.2001-ci il tarixli, 29 nömrəli 31.12.2003-cü il tarixli, 30 nömrəli 31.12.2003-cü il tarixli əmrləri, "xxxx" MMC üzrə 02 nömrəli 02.01.2004-cü il tarixli, 03 nömrəli 20.01.2004-cü il tarixli, 03 A nömrəli 30.01.2004-cü il tarixli, 05 nömrəli 20.02.2004-cü il tarixli, 06 nömrəli 27.02.2004-cü il tarixli, 62 nömrəli 24.08.2004-cü il tarixli, 63 nömrəli 29.08.2004-cü il tarixli, 64 nömrəli 01.09.2004-cü il tarixli, 65 nömrəli 01.09.2004-cü il tarixli, 03 nömrəli 16.01.2006-ci il tarixli əmrləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin 14.08.2019-cu il tarixli 05/9-1469/13 nömrəli məktubu, 19.03.2003-cü il tarixli 12 nömrəli X14 Qeydi, AZ-İ seriyalı 880402 nömrəli X2 təsdiqlənmiş surəti, İİ-AZ seriyalı 040137 nömrəli Azərbaycan Respublikası Nigahın X1 təsdiqlənmiş surəti, Gəncə Şəhər Prokurorluğunun 11.02.2020-ci il tarixli 300-C-18 nömrəli məktubu, 13.08.2018-ci il tarixli izahat, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 25.02.2020-ci il tarixli 33/1139 nömrəli məktubu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26.02.2020-ci il tarixli **********0 nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan Gəncə şəhər Prokurorluğunun 12.01.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, iddiaçı həmin araşdırma zamanı prokurorluq orqanları tərəfindən dindirilmişdir. O, izahatında bildirmişdir ki, ona təqdim olunmuş sənədlərdə əks olunmuş "xxxx" MMC, "xxxx" firması, X9 kimi müəssisələri tanımır. Həmin firma və cəmiyyətlər barədə məlumatı yoxdur, həmin hüquqi şəxslərdə işləməmiş və ümumiyyətlə Gəncə şəhərinin hansı tərəfdə yerləşdiyini bilmir. X11 bir necə il öncə ərinə ailə üzvlərinin birinin adına dövlət pensiyasının ayrılmasını təşkil edəcəyini bilrdirmiş, əri isə onun adına ayrılmasını istəmişdir. Kazım Surxayev onun adına olan təqdim etdiyi sənədləri ona məlum olmayan şəxslərdən əldə edərək ərinə vermiş və əridə onun adına pensiya ayrılması üçün DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Ona təqdim olunmuş sənədlərdə əks olunmuş məlumatlar düzgün deyildir. İzahat vermək məqsədi ilə Şəki Prokurorluğuna gəlməmişdən qabaq əri ona əmək kitabçasının əslini vermiş və ona əmək kitabçasını müstəntiqə verməyi tapşırmışdır. İş materiallarında olaniddiaçının 13.08.2018-ci il tarixli izahatının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı səmimi olaraq təqdim olunan sənədlərdə əks edilmiş məlumatların düzgün olmadığını bildirmişdir. İzahatı özünün oxuduğunu, sözlərindən düzgün yazıldığını əlyazma ilə qeyd edərək imzası ilə təsdiq etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 18.03.2003-cü il tarixdə nikaha daxil olmuş və ona nikahdan sonra Mürşüdova soyadı verilmişdir. Lakin sonuncunun adına 01.04.1999-cu il tarixdə doldurulmuş ИT seriyalı ******* nömrəli əmək kitabçasında onun soyadı Mürşüdova kimi göstərilmiş və həmin soyadın altında Abdullayeva soyadı göstərilmişdir ki, mövcud təcrübədə əmək kitbçasında olan soyadlar əksinə yazılır. Bundan başqa iddia ərizəsində və ИT seriyalı ******* nömrəli əmək kitabçasında iddiaçının 02.01.2004-cü il tarixdən 16.01.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi göstərilsə də məhkəmə araşdırması zamanı 04.05.2004-cü il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, 30.04.2004-cü il tarixdə sonuncunun Qazaxstan Respublikasında X7 adında oğlu doğulmuş və o, həmin dövrdə Azərbaycan Respublikasında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 25.02.2020-ci il tarixli 33/1139 nömrəli məktubundan görünür ki, iddiaçının 14.11.2004-cü il tarixində Rusiyadan Azərbaycan Respublikasına girişi qeyd olunmuşdur. Halbuki iş materiallarında olan əmr kitabından çıxarışdan görünür ki, (səh.37) iddiaçı analıq məzuniyyəti qurtardığı üçün 01.09.2009-cü il tarixindən öz işinə bərpa edilmişdir. Azərbyacan Respublikasında olmadığı halda onun işinə bərpa olunması inandırıcı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Cavabdehnə qarşı “01.03.1999-cu il tarixdən 28.12.2000-ci il tarixədək Gəncə şəhər Z.Hacıyev 62 ünvanda yerləşən X3 nəzdində olan çörək sexində, 01.01.2001-ci il tarixdən 31.12.2003-cü il tarixədək Kombinatın nəzdində olan "xxxx" firmasında, 02.01.2004-cü il tarixdən, 16.01.2006-cı il tarixədək "xxxx" MMC-də fəhlə işində işlədiyi illərin iş stajını əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə müraciət etdiyi gündən cavabdehə həvalə edilməsi”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar