Məhkəmə qərarları › İş №2-1(116)-41/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-41/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-41/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 (üçüncü şəxslər: X4, Şəki şəhər Mənzil İstismar Sahəsi) qarşı “Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 145 saylı evin 21 saylı mənzilinin 2 otaqlı hissəsinin İddiaçı1 və İddiaçı2 adına özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Mübahisəli mənzil Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin 585 saylı, xx.xx.1964-cü il tarixli orderi əsasında iddiaçının mərhum qaynanası X5 verilmiş və tərəflər arasında xx.xx.1974-cü il tarixdə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı Ə.Lətifovanın mərhum oğlu X2 xx.xx.1993-cü il tarixdə ailə həyatı qurmuş və həmin mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından Nərmin və Əfşan adında iki övladları dünyaya gəlmişdir. Ə.Lətifova 1995-ci il 22 may tarixində, iddiaçının həyat yoldaşı E.Lətifov isə 2013-cü ilin dekabr ayının 27-də vəfat etmişdir. Mərhumların vəfatından sonra gəlin və baldız arasında mübahisə yaranmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinə cavabdehlər (hazırkı iş üzrə icraata cəlb edilmiş üçüncü şəxslər) X3 və Şəki Şəhər Mənzil İstismar Sahəsinə qarşı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 145-də yerləşən 21 saylı mənzilin bölünməsi tələbi ilə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-195/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mənzilin 16.4 kv.m və 12.5 kv.m yaşayış sahəsi olan 2 otaqla bağlı hissəsi üçün iddiaçılarla ayrıca sosial kirayə müqaviləsinin bağlanılması qət edilmişdir. Qətnamənin tələbinə əsasən Şəki Mənzil İstismar Sahəsi ilə iddiaçılar arasında xx.xx.2019-cu il tarixdə 05 və 06 nömrəli “Sosial yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanılmışdır. İddiaçı1 cavabdeh orqana müraciət edərək, 06 saylı kirayə müqaviləsinə əsasən mənzilin özünə düşən hissəsinin özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəmə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********20 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaş tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, bina 145-də yerləşən 21 saylı mənzilin 2 otağına xx xxxxxx 2019-cu il tarixli, 06 saylı kirayə müqaviləsi təqdim edilməklə qeydiyyat üçün müraciət edilmiş, təqdim olunan kirayə müqaviləsi xx xxxxxx 2019-cu il tarixdə bağlanıldığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi qeydiyyat üçün əsas olduğundan, həmçinin Azərbaycan Respublikası “Mənzil Məcəlləsi”nin 146.2-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993cü il tarixli Qanunu və bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət rənzil fondunun yaşayış sahələrinə şamil edilmədiyindən mənzilin bir hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi mümkün olmamış və vətəndaşın ərizəsinin icrasından imtina edilmişdir. İddia tələbi paylı mülkiyyətdə olmaqla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, bina 145-də yerləşən 21 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi dəyişdirilərək müvafiq məhkəmə qərarı qəbul olunarsa qeydiyyat üçün ərazi idarəsinə müraciət edilə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 2-1(116)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə X4 və Şəki Şəhər Mənzil İstismar Sahəsi üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İş materiallarında olan 585 nömrəli orderin surətindən görünür ki, order xx.xx.1964cü il tarixdə tərtib edilmiş və orderə əsasən mənzil mərhum Ə.Lətifovaya verilmişdir. İş materiallarında olan Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli sənədinin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Lətifova (Sadıqova) Zenfira Nadir qızı xx.xx.1993-cü il tarixdə nikah müqaviləsi bağlamışlar. İş materiallarında olan 478860 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DİN tərəfindən verilən ******* nömrəli Yaşayı yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçılar və X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 145, mənzil 21 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 05 və 06 tarixli kirayə müqavilələrinin surətindən müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-195/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin tələbinə əsasən həmin müqavilələr Şəki Mənzil İstismar Sahəsi ilə iddiaçılar arasında bağlanmışdır. Əsaslandırma hissəsi: Cavabdeh orqan və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh orqan və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İddiaçılar tələbində mənzilin deyil, həmin mənzilin 2 otağına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsini xahiş edirlər. Yuxarıda qeyd olunan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Mənzilin otaqlarının ayrı-ayrılıqda özəlləşdirilməsinə qanun yol vermir. İddiaçılar faktiki olaraq digər şəxsin razılığı olmadan 2 otağa münasibətdə bağlanmış kirayə müqavilələri əsasında mənzilin otaqlarını özəlləşdirmək istəyir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət vəya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxsin özəlləşdirmənin aparılmasına dair razılığı olmadığı üçün cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçinin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Baxılan məsələ ilə bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Digər tərəfdən isə məhkəmə hesab edir ki, mülahizə səlahiyyətinin göstərilən qaydada həyata keçirilməsi cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlmiş məqsəd daşımışdır. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi mülkiyyət formasına görə mənzil fondunun üç növünü – özəl, dövlət və bələdiyyə mənzil fondunu tanıyır (Mənzil Məcəlləsinin 17-ci maddəsi). Başqa sözlə, hər hansı bir mənzil vahid şəkildə bir tam olaraq həmin mənzil fondunun üç növündən yalnız birinə aid ola bilər. Bu, mənzillərin hüquqi rejimi, onların idarə olunması və orada yaşayan şəxslərin mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi baxımından olduqca zəruridir. Ona görə də, sözügedən ümumi maraqların təmin edilməsi üçün qanunverici mənzillərin yalnız bütöv şəkildə, orada yaşayan özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslər buna razı olduqları halda özəlləşdirilməsinin mümkünlüyünə dair yanaşmanı qəbul etmişdir. Belə tənzimləmə mənzil islahatlarının həyata keçirilməsi zamanı cəmiyyətin ümumi maraqlarını təmin etməyə yönəlmişdir və legitim məqsəd daşıyır. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar. Beləliklə, hazırkı işdə digər hüququ olan şəxs buna razılıq vermədiyi üçün iddiaçıların mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir. Həmçinin iddiaçıların iddia etdiyi otaqlara dair Şəki Mənzil İstismar Sahəsi ilə aralarında bağlanan müqavilələr Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra, yəni 2009-cu il oktyabr ayının 1-dən sonra bağlandığı üçün qanunvericiliyin tələbinə əsasən həmin kirayə müqavilələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. İddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, həmin mənzilin 2 otağının iddiaçıların mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 (üçüncü şəxslər: X4, Şəki şəhər Mənzil İstismar Sahəsi) qarşı “Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 145 saylı evin 21 saylı mənzilinin 2 otaqlı hissəsinin İddiaçı1 və İddiaçı2 adına özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar