Məhkəmə qərarları › İş №2-1(116)-41/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-41/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-41/2025 18.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli akt ilə X1 adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinin X1 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının Əmlakdan pay haqqının verilməsi baradə akt 11 nömrə ilə X1 adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-257/2024 nömrəli qərardadı ilə Balakən rayonu Meşəşambul Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, “Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli akt ilə X1 adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinin X1 mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-257/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli akta istinad edərək “mal tövləsi” və fərdi yaşayış evi üzərində mərhum atasının əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, sözügedən daşınmaz əmlak obyektlərinin dəyərinin (449764 manat) mərhum atası tərəfindən ödənildiyini 2001-ci ildən həmin obyektlərə sahiblik etməsini bildirir. Cavabdeh orqan iddia tələbinə etirazını ərizədə qeyd olunan daşınmaz əmlakların (mal damı, süd bloku və yaşayış evi) dair iddiaçının mərhum atası tərəfindən əldə olunması barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi və dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-cü il tarixli imtina məktubu; Əmlakdan pay haqqında verilməsi barədə 11 nömrəli akt, "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, 925322 nömrəli ölüm haqqında şəhadətnamə. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli akt ilə verilmiş “mal tövləsi” və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən daşınmaz əmlak obyektlərinə münasibətdə hüquq müəyyənedici sənəd qismində əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli akta istinad edir. Təqdim edilmiş “akt”da mərhum Mütəllib Padarova verilmiş əmlaklara dair mal tövləsi və yaşayış evi ilə bağlı məlumatlar göstərilmiş, həmçinin bu “Akt”-ın Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsas olması qeyd edilmişdir. Məhkəmə tərəfindən iddia olunan daşınmaz əmlak obyektlərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikililərin yerləşdiyi ərazi Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd zonasında, Alazan çayının kanarında yerləşir. İddiaçı tərəfindən kənarları kol-kosla bərkidilməklə iribuynuzlu heyvanların saxlanması üçün ferma olaraq istifadə edilir. Baxış zamanı iddia olunan "mal tövləsi"-nin bir hissəsinin köhnə tikili olması, digər hissəsinin isə mişar daşı və beton sütunlarla yeni tikilməsi müəyyən edilmişdir. İddiaçı, "mal tövləsi”nin bir hissəsinin köhnə tikilinin sökülərək onun yerində 5-6 il ərzində inşa edilməsini bildirmidir. İddia olunan "fərdi yaşayiş evi”nə baxış keçirilən zaman tikilinin tamamilə istifadəyə yarasız, bəzi hissələrinin uçmuş vəziyyətdə olması, faktiki olaraq içərisinə heyvanlar üçün saman yığılması məqsədilə istifadə edilməsi müəyyən edilmişdir. İddiaçı bildirmişdir ki, fərdi yaşayış evinin qırmızı kərpiclə tikilmiş hissəsi kolxoz dövründən mövcud olmuş, mişar daşı ilə tikilən hissəsi isə 2002-2003-cü illərdə atası tərəfindən əlavə olaraq artırılmışdır. Məhkəmə tərəfindən sözügedən daşınmaz əmlak obyektlərinə dair mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydə qeyd edilmişdir ki, iddia tələbində qeyd olunmuş qeyri-yaşayış sahəsi naturada mövcuddur və həmin ərazidə hal-hazırda mövcud vəziyyətdə olan yaşayış evinin (köhnə Çoban evinin) sahəsi 90 kv.m, “Mal damı”nın (yeni tikilən) sahəsi 784 kv.m. “Mal damı”nın (köhnə “mal damı”) sahəsi 301 kv.m olan tikililələrin yerləşdiyi torpaq sahəsi Balakən rayonu Meşəşambul bələdiyyəsinin mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan ferma ərazisidir. Mübahisəli ərazidə yerləşən yaşayış evinin və mal damının naturada faktiki istifadəçisi İddiaçıdır və digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Göründüyü kimi iddiaçı, 2001-ci ildə verilmiş əmlakdan pay haqqının verilməsinə dair akta istinad edərək daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiyyatını tələb etsə də, həmin aktda və digər sənədlərdə göstərilən “mal tövləsi”-nin 301 kv.m hissəsi köhnə tikili olaraq mövcuddur və sözügedən aktın təsir dairəsinə düşür. Tikilinin qalan 784 kv.m hissəsi isə əvvəlki tikili söküldükdən sonra inşa edildiyindən iddiaçı, tikilinin həmin hissəsi üzərində əmlak hüquqlarının qeydiyyatını tələb etməkdə haqlı sayıla bilməz. İddia olunan fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən tikilinin tamamilə yararsız vəziyyətdə olması və yaşayış məqsədləri üçün istifadə edilməməsi işin mübahisəsiz halıdır. Fərdi yaşayış evləri layihələndirmə normalarına (AzDTN 2.7-3) əsasən fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Məhkəmə araşdırması zamanı iddia olunan “yaşayış evi”nin faktiki vəziyyətinin istifadəyə yarasız, bəzi hissələri uçmuş və faktiki olaraq heyvanlar üçün saman yığılması məqsədilə istifadə edilən tikili olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evləri, yalnız yaşayış məqsədli istifadə üçün nəzərdə tutulmuş və müəyyən edilmiş layihələndirmə normalarına uyğun gələn tikililərdir. Sadalanan hallar bu, tikilinin yaşayış məqsədləri üçün istifadə edilən obyekt olmadığını və onun fərdi yaşayış evi anlayışına cavab vermədiyini göstərir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi yeni tikilmiş 784 kv.m sahəsi olan qeyri-yaşayış binasına və “yaşayış evi”nə aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.18-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon “Nizami” adına kolxozun X7 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 11 nömrəli aktı ilə verilmiş 301 kv.m sahəsi olan qeyri-yaşayış binası (“mal tövləsi”) üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Zaqatala İnzibati Məhkəməsi (Zaqatala şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Zaqatala Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar