Məhkəmə qərarları › İş №2-1(116)-411/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-411/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-411/2020 21.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qətnamə çıxarılması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qətnamə çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayır. Həyətində iki yaşayış evi vardır. Bunlardan biri hazırda mübahisələndirilən ev, 1962-ci ildə tikilmişdir. Ev köhnə olmaqla hazırda yaşayış üçün yararsızdır. Həmin evdə babası X6 tək yaşamış, ona o baxmışdır. Həyətdə tövlə tikmiş, həyətin kənarını hasara almışdır. Üçüncü şəxs həmin evdən və həyətdən çıxarılmağına dair məhkəmədə iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, babası yaşadığı ev və həyətyanı torpaq sahəsi Çıxarış əsasında üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Hansı ki, Fatimat Sofiyeva evləndiyi vaxtdan şəhərdə yaşamış, babası ona şəhərdə ev almışdır. Torpaq islahatı aparılarkən üçüncü şəxs kənddə yaşamamış, şəhərdə qeydiyyatda olmaqla orada yaşayır. Babası 1987-ci ildə vəfat etmişdir, ondan qalan mirası o qəbul edərək otuz ildir ki, idarə edir. Müəyyən olunmuşdur ki, babası 1987-ci ildə vəfat etdiyi halda 1996-ci ildə torpaq islahatı aparılarkən subyekt kimi onun adı siyahıya salınmış və Aqrar İslahat Komissiyasının qərarı ilə həmin vaxt sağ olmadığı halda torpaq sahəsi onun adına verilmişdir. Sonradan iş üzrə üçüncü şəxs həmin qanunsuz verilmiş Torpaq sahəsinin planı və Ölçüsü əsasında öz adlarına sənədləşdirmişlər. Belə ki, 1982 ci ildə guya babası X6 vəsiyyətnamə verərək nəyi varsa hamısını ona vəsiyyət etmişdi. Üçüncü şəxsin əri olan mərhumun oğlu X1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli Çıxarış almışdır. X5 xx.xx.2016-ci il tarixdə vəfat etmiş, bundan sonra isə iş üzrə üçüncü şəxsə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, o, isə həmin şəhadətnamə əsasında mübahisə predmeti olan ev və torpaq sahəsinə dair seriya RX №137832 saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. O, bununla bağlı Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin, mübahisəiəndirilən torpaq sahəsinin Planı və Ölçüsü sənədi AİK-sı tərəfindən verildiyindən, eyni zamanda üçüncü şəxsə mülkiyyət hüququ verən Çıxarışın verilməsinə əsas sözügedən torpaq sahəsinin Planı və Ölçüsü sənədi olduğundan və mübahisəyə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmənin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin Aşağı Çardaxlar kənd inzbati ərazi dairəsinin nümayəndəliyi tərəfindən 12 fevral 2019-cu il tarixdə verilmiş 48 nömrəli arayışda qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı 0,22 ha torpaq sahəsi X1 (iş üzrə 3-cü şəxs X3 əri) adına 06 fevral 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bundan başqa, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi AİK-nın 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A №205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi ilə 06 fevral 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X1 (iş üzrə 3-cü şəxs X3 əri) adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahasi ilə üst-üstə düşmür. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş A № 205473 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsi başqa ərazidə yerləşir. Qeyd olunanlara əsasən iddaçının ərizəsinin icra edilməsi tərəfimizdən mümkün olmamış və bu barədə ona 07 mart 2019-cu il tarixli, **********38 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra, İddiaçı cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi və 3-cü şəxs X4 qarşı “3-cü şəxsin adına tərtib edilmiş 0,22 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər sənədlərin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(033)-724/2019 saylı qərardadı ilə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı 2012-ci ildə Zaqatalada zəlzələ olanda mübahisəli torpaq sahəsinin mərhum əmisinə aid olduğunu, 2012-cildən X1 ondan qeyd olunan sahədən çıxçmasını tələb etdiyi, 2013-cü ildən onda çıxarış olmasını, mərhum əmisi ilə torpağın qiymətində razılığa gələ bilmədiklərini, özünün adına 0.12 ha torpaq sahəsi olsa da, əslində qardaşında olduğunu bildirib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsini ən azından 2003ci ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa hələ 2013-cü il tarixində X1 adına çıxarış verilməsindən xəbərdar olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş A №205648 nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qətnamə çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar