Məhkəmə qərarları › İş №2-1(116)-411/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-411/2021

11.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-411/2021 11.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "xx.xx.2004-cü il təvəllüdlü X1 doğum akt qeydində atasının adı "Ümudvar" deyil, "Umudvar" kimi qeyd edilməklə, düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "xx.xx.2004-cü il təvəllüdlü X1 doğum akt qeydində atasının adı "Ümudvar" deyil, "Umudvar" kimi qeyd edilməklə, düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXXVİİ fəslində olan 339-cu maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. (339.1-ci maddə) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. (339.2-ci maddə) Həmin Məcəllənin 341-ci maddəsində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Sadalanan normalardan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında, o cümlədən doğum akt qeydində düzgün olmayan qeyd yazılmışdırsa və qeydiyyat orqanı qeydə düzəliş və ya dəyişiklik etməkdən imtina edirsə, bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə ərizəçinin yaşadığı yerin ümumi məhkəməsində baxılır. Həmin məhkəmə qeydin düzgün olmamasını müəyyən edən qətnamə çıxararsa, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra qeydin qeydiyyat orqanı tərəfindən düzəldilməsi, yaxud da dəyişdirilməsi üçün əsas hesab edilir. Beləliklə, vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizələrə inzibati məhkəmədə deyil, ümumi məhkəmədə baxılmalıdır. İddiaçı hazırkı iddia ərizəsində iddia tələbini "xx.xx.2004-cü il təvəllüdlü X1 doğum akt qeydində atasının adı "Ümudvar" deyil, "Umudvar" kimi qeyd edilməklə, düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" şəklində ifadə etsə də, həmin iddia ərizəsinin əsaslandırma hissəsindən aydın olur ki, iddiaçının ərinin adı bütün mövcud sənədlərdə "Umudvar" kimi yazılmış olsa da, xx.xx.2004-cü il təvəllüdlü övladı X1 doğum akt qeydində atasının adı səhvən "Ümudvar" kimi yazılmışdır. Göründüyü kimi, iddiaçının nail olmaq istədiyi hüquqi məqsəd qızının doğum akt qeydində səhv yazılmış ata adının düzəldilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, bu məqsədə nail olmaq üçün o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslində nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməli və qızının doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməlidir. Həmin işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid deyil. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPMin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, həmin Qərarda da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXXVİİ fəslində nəzərdə tutulmuş vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə baxılmasının ümumi məhkəmənin səlahiyyətinə aid olması göstərilmişdir. Hazırkı işin məhkəmə aidiyyəti ilə bağlı iddiaçının mövqeyi öyrənilmiş və o, məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə verərək işə ümumi məhkəmədə baxılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "xx.xx.2004-cü il təvəllüdlü X1 doğum akt qeydində atasının adı "Ümudvar" deyil, "Umudvar" kimi qeyd edilməklə, düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar