Məhkəmə qərarları › İş №2-1(116)-411/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-411/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-411/2024 01.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil Vəlyəddin oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə iddiaçıya satılmış 120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması, plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə iddiaçıya satılmış 120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması, plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2567/2023 nömrəli qərardadı ilə Qəbələ rayonu Hacıallı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-411/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ rayonun Hacallı bələdiyyəsinin 14 saylı iclasının 26 dekabr 2006-ci il tarixli qərarı ilə Qəbələ rayonu Hacallı kəndində yerləşən Hacallı Bələdiyyəsinin perspektiv inkişaf fonduna aid, kənd təsərrüfatına yararsız, alqı-satqı predmeti olan torpaq sahəsindən 120 m2 ölçüsündə torpaq sahəsi kommersiya məqsədi ilə Hacallı kənd bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsinin 1100 manat dəyərini Hacallı kənd bələdiyyəsinin hesabına ödədikdən sonra müvafiq torpaq sahəsinin sxematik planı hazırlanmışdır. Həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir, iddiaçı öz tələb hüququnu bu torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsini iddiaçının adına tərtib edilmiş A N°355800 N°-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədi ilə əsaslandırmışdır. Lakin xx.xx.2023-cü il tarixi cavab məktubu ilə tələbi təmin olunmamış və imtina verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı qız Qəbələ rayonu, Hacaliı kəndində yerləşən 120 kv.m sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxslər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarından görünür ki, İddiaçı Qəbələ rayonu Hacıallı bələdiyyəsi ərazisindən 120 kv.m torpaq sahəsi ayrılmışdır.

3. A seriyalı 355800 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 120 kv.m torpaq sahəsi ayrılmış, X12 kitabında xx.xx.2011-ci il tarixli 387 nömrə ilə uçota alınmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-602/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə ayrılmış, onun adına tərtib edilmiş **********0023 nömrəli plan ölçü sənədində göstərilmiş 120 kv.m torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla uqodiyasi şərti yararsız islahat uqodiyasi isə tikinti altı (ictimai tikililər), X4 X7 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla ümumi istifadədə olan ərazilərə aid edilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə ayrılmış, **********0023 nömrəli plan ölçü sənədində göstərilmiş 120 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan və faktiki istifadə edilən 120 kv.m torpaq sahəsinin 65 kv.m hissəsi X1 adına tərtib edilmiş **********0041 nömrəli plan ölçü sənədində göstərilmiş 250 kv.m torpaq sahəsi ilə, 29 kv.m hissəsi X2 adına tərtib edilmiş **********0012 nömrəli plan ölçü sənədində göstərilmiş 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən 120 kv.m torpaq sahəsinin 26 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid əraziyə düşür.

5. Təqdim edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, İddia olunan torpaq sahəsinən üst-üstə düşən X1 adına tərtib edilmiş **********0041 nömrəli plan ölçü sənədi və X2 adına tərtib edilmiş **********0012 nömrəli plan ölçü sənədi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. Üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçiləri X1 adına tərtib edilmiş **********0041 nömrəli plan ölçü sənədinin faktiki istifadə vəziyyəti mövcud deyil. X2 adına tərtib edilmiş **********0012 nömrəli plan ölçü sənədində qeyd edilmiş torpaq sahəsində X6 tərəfindən inşa edilmiş qeyri yaşayış tikilisi mövcuddür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə İddiaçı Qəbələ rayonu Hacıallı bələdiyyəsi ərazisindən 120 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – hüquqmüəyyənedici sənədləri tam təqdim edilməməsi ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin yoxlanılması məqsədi ilə Qəbələ rayonu Hacıallı Bələdiyyəsinə sorğu verilmişdir.Təqdim edilən sənədlərdən görünür ki, Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasın qərarı ilə İddiaçı Qəbələ rayonu Hacıallı bələdiyyəsi ərazisindən 120 kv.m torpaq sahəsi ayrılmış. Torpaq sahəsinin yerləşmə vəziyyətinə dair **********0023 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı iclasının qərarı ilə iddiaçıya ayrılmış 120 kv.m torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı mülkiyyət hüqunun qeydiyyata alaraq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar