Məhkəmə qərarları › İş №2-1(116)-412/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-412/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-412/2024 04.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi cavabdehin nümayəndəsi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X5 Filialına qarşı “iddiaçıya pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxx 1958-ci il təvəllüd olmaqla pensiya yaşı çatdığı tarixdə əmək fəaliyyətini təsdiq edən sənədləri, o cümlədən istintaq altında və həbsdə olduğu müddət barədə istintaq qərarlarını və hökmləri, habelə işə bərpa edilməsi barədə qətnaməni yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X5 Filialına təqdim etmişdir. Müraciətindən sonra ona təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajımnın tam olmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı səbəb göstərilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyinindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: iddiaçı iddia ərizəsinin əsasları kimi İsmayıllı rayon 2 saylı üzüm emalı zavodunda xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan məcburi iş buraxma müddətinin,habelə Kürdəmir rayon "Natiq” X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlərin ümumi sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən 19 il 1 ay 15 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sosial sığorta stajı qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olduğu və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığı üçün ona ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı Ə.X6 Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1987-ci il tarixdə 3 nömrəli X9 diektor vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il tarixdə sözügedən müəssisənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası keçmiş Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1995-ci il tarixli 437K saylı əmri ilə o zaman qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən İsmayıllı rayon 2 saylı X7 həmin zavodun yerləşdiyi İsmayıllı rayon Kuybişev adına kolxozun nəzdinə keçdiyindən müəssisənin ləğv edildiyi əsası ilə tutduğu direktor vəzifəsindən azad edilmişdir. Daha sonra həmin əmrin qanunsuz olması əsası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işə bərpa tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə iddiaçı İsmayıllı rayon 2 saylı X9 yenidən direktor vəzifəsinə təyin edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamışdır. Yasamal rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli "C.Ələkbərovun işə bərpa olunması ilə bağlı” qətnaməsi bugünədək icra edilmədiyi üçün 21 06.1995-ci il tarixdən 22 05.2001-ci il tarixədək olan müddətin ‘‘məcburi iş buraxma müddəti" hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndirilən sosial sığorta stajı:

1. xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan məcburi iş buraxma müddəti;

2. Kürdəmir rayon "xxxx" X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi və ona əlavə edilən sənədlər;

4. İddiaçıya məxsus Г-İ 024261 nörməli diplom.

5. İddiaçıya məxsus 12 noyabr 1975-ci il tarixli Əmək kitabçası

6. Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubu.

7. İsmayıllı rayon Dövlət arxivinin arxiv arayışının əsli,

8. Kürdəmir rayon Dövlət arxivinin arxiv arayışının əsli,

9. Barəmdə olmuş cinayət işi üzrə ittiham aktının surəti,

10. Qəbələ rayon məhkəməsinin 1-93 saylı xx.xx.1995-ci il tarixli hökmünün surəti,

11. Göyçay rayon məhkəməsinin 1-75 saylı xx.xx.1996-cı il tarixli qərardadının surəti,

12. Əlibayramlı şəhər məhkəməsinin 1-10 saylı xx.xx.1998-ci il tarixli hökmünün surəti,

13. İsmayıllı rayon polis şöbəsinin İB-nin xx.xx.2001-ci il tarixli qərarının surəti

14. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2-791 saylı xx.xx.2001-ci il tarixli qətnaməsinin surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; Həmin məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixində yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Cavabdeh iddiaçının əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən 19 il 1 ay 15 gün sosial sığorta stajını qəbul etmişdir.Məhkəmə həmin dövrün əsaslılığını qəbul etməklə yanaşı cavabdehin mübahisələndirdiyi dövrlərə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının Kürdəmir rayon "xxxx" X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrə münasibətdə qeyd edir ki,həmin dövr məcburi iş buraxma müddətinə daxil olduğu dövrlə əhatə edildiyindən həmin dövrün araşdırılmasına zərurət yoxdur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Bakı şəhər Yasamal rayon məhkəməsinin 2-791 saylı xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İsmayıllı rayon 2 saylı X9 direktor vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Cavabdehin həmin dövrü qəbul etməkdən imtina etməsininə dair dəlili qətnamənin icra olunmaması ilə bağlıdır.Həmin dəlili əsassız hesab edən məhkəmə qeyd edir ki,qətnamənin faktiki və ya hüquqi səbəblərdən icra oluna bilməməsi şəxsin hüququnun pozulması ilə nəticələ bilməz.Sözügedən qətnaməyə əsasən iddiaçının işdən azad olunmasına dair xx.xx.1995-ci il tarixli əmr qanunsuz sayılaraq ləğv edilmişdir.Əmrin ləğv edilməsi onun yaratdığı hüquqi nəticəni də aradan qaldırmışdır.Bununla da həmin tarixdən qətnamə qanuni qüvvəyə mindiyi -xx.xx.2001-ci il tarixinədək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir.Beləliklə iddiaçının cəmi 25 il 5 ay 26 gün sosial sığorta stajı mövcud olduğundan ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin X5 Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar