Məhkəmə qərarları › İş №2-1(116)-412/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-412/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-412/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1923/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, əmək fəaliyyətinə 13 noyabr 1979-cu ildən başlamış və müxtəlif müəssisələrdə, o cümlədən 13 sentyabr 1993-cü ildən 16 oktyabr 2005-ci ilədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü vəzifəsində çalışmışdır. O, 21 aprel 1977-ci ildən 23 aprel 1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək kitabçası və müvafiq dövlət qurumlarının arayışlarına əsasən, onun ümumi əmək stajı 13 il 9 ay 19 gün kimi hesablanmışdır. Lakin "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməməsi və əmək kitabçasının doldurulması qaydasının pozulması (işdən azad olunma əmri qeyri-iş gününə təsadüf etdiyi üçün) əsas gətirilərək, ona yaşa görə əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmayaraq, əmək stajının tam hesablanması üçün hazırkı tələblə məhkəmə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməmiş və onun ümumi sığorta stajının 13 il 9 ay 19 gün olduğu müəyyən edilmişdir. Bu isə qanunvericiliklə tələb olunan minimum 25 illik sığorta stajından az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeyd edilmiş pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya təyin edilir. Əgər bu şərt ödənilmirsə, yaşa görə pensiya hüququ yalnız azı 25 il sığorta stajı olan şəxslərə verilir. 01 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçı 02 dekabr 2023-cü il tarixdə bu yaş həddinə çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərindən, həmçinin müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusundan ibarətdir. Sözügedən qanunun 22-1.1-ci maddəsinə əsasən, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində qeyd edilən pensiya kapitalı əsas götürülür. Əgər 01 iyul 2018-ci ildən əvvəl qeydiyyata alınmış pensiya kapitalı mövcuddursa, qanunun 7-ci maddəsinə əsasən, yaş həddinə çatan sığorta olunan şəxsə yaşa görə pensiya təyin edilərkən 01 yanvar 2006-cı ilədək olan sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən, onun sığorta stajı (21 aprel 1977-ci ildən 23 aprel 1979-cu ilədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 13 il 9 ay 19 gün təşkil edir. Mübahisələndirilməyən bu staj dövründən başqa, 01 yanvar 2006-cı ildən 01 iyul 2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına" əsasən, əmək kitabçasında edilən qeydlər müvafiq əmrlərə, sərəncamlara və əmək müqavilələrinə uyğun aparılmalıdır. Lakin iddiaçının 13 sentyabr 1993-cü ildən 16 oktyabr 2005-ci ilədək olan əmək fəaliyyəti dövrü inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Səbəb kimi əmək kitabçasının doldurulması qaydalarının pozulması (16 oktyabr 2005-ci il tarixli işdən azad olunma əmri qeyri-iş gününə təsadüf etdiyi üçün) göstərilmişdir. Bu səbəbdən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxs əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququna malikdir. Bu maddənin tələblərinə uyğun olaraq, iddiaçıya 02 dekabr 2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, SHXÇÜDX-nin xx.xx.2019-cu il tarixli, 450 №-li arayışı, ИТ-0579791 №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti, X2 Filialının xx.xx.2019-cu il tarixli, 282 №-li arxiv arayışı və xx.xx.2024-cü il tarixli məktubu, DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Bunun üçün iddiaçı, cavabdeh orqan tərəfindən mübahisələndirilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini tələb edir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş ИТ-0579791 №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sözügedən əmək kitabçasında iddiaçının Yevlax T/H avtomobil dəstəsində işə qəbul edilmə tarixi xx.xx.1993-cü il qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma tarixi xx.xx.2005-ci il qeyd edilmiş, "xxxx" ASC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmişdir. Cavabdeh orqan 16 oktyabr 2005-ci il tarixli işdən azad olunma əmrinin qeyri-iş gününə təsadüf etməsini əsas gətirərək əmək kitabçasının mötəbərliyini şübhə altına almışdır. Sözügedən tarix həqiqətən qeyri-iş gününə düşdüyündən əmək kitabçasında icra edilmiş işdən azad olunma barədə əmrinin əsaslılığının yoxlanılması zərurəti yaranmışdır. X2 Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, "xxxx" ASC-nin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini bildirdiyi "xxxx" ASC xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında isə sözügedən qurumun Dövlət qeydiyyatına alındığı tarix - xx.xx.2003-cü il qeyd edilmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC-nin səhmdarına məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və müəssisəyə aid əmr kitablarının və digər sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müəssisənin fəaliyyət göstərməməsi, binasının tamamilə dağıdılaraq yerində boş torpaq sahəsinin olması bildirilmişdir. İnzibati orqanın praktikasının yoxlanılması məqsədilə məhkəmə, iddiaçıya "xxxx" ASC-də onunla birgə işləmiş ən azı 3 nəfər haqqında məlumat təqdim etməyi təklif etmiş, lakin iddiaçı 12 il fasiləsiz işlədiyini iddia etdiyi həmin müəssisədə özü ilə birgə çalışmış bir nəfərin belə adını xatırlamadığını bildirmişdir. Bütün sadalanan hallar, xüsusilə "xxxx" ASC-nin xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınması iddiaçının həqiqətən də, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə işləməsini və iddiaçının əmək kitabçasında icra edilmiş, sonuncu - işdən azad olunma barədə qeydin mötəbərliyini şübhə altına alır. Həmin qeyd nəzərə alınmadıqda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 25 il sosial sığorta stajı tamamlanmır. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış müəssisədə iddiaçının 1993-cü ildən işləməsi müvafiq qeydin mötəbərliyini şübhə altına almaq üçün kifayət qədər əsas yaradır. İddiaçının əmək kitabçasında icra edilmiş sonuncu işdən azad olunma barədə qeydin digər sənədlərlə sübut olunması mümkün olmamış, iddiaçı tərəfindən sözügedən qeydin əsaslığına dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar