Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-414/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2007-ci ildə ərizə ilə Zərdab Bələdiyyəsinə müraciət edərək, yaşadığı 25 nömrəli binanın qarşı hissəsindən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 20.07.2007-ci il tarixli 202 nömrəli məktubla Zərdab Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,002 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi də Zərdab Bələdiyyəsinə rəy verərək, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmiş, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə şəhərin 11ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 03.08.2007-ci ildə 20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən həmin 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı sözügedən 0,002 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 12.10.2020-ci il tarixli **********54 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehə təqdim etdiyi ödəmə qəbzi torpağın dəyərinin tam ödənildiyini təsdiq etməklə mülkiyyətçinin və alıcının alqısatqı barədə razılıqlarının olduğunu, Zərdab Bələdiyyəsi ilə aralarında mübahisənin olmadığını və tərtib olunmuş plan və cizgilərin alqı-satqının tam qanuni və qüvvədə olan prosedurlar əsasında aparıldığını təsdiq edir. Buna görə də cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya 25.01.2021-ci il tarixli **********26 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab- Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli 2-1(116)- 414/2021 nömrəli qərardadı ilə Zərdab Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Zərdab Bələdiyyəsi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarından görünür ki, şəhərin 11-ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən Zərdab Bələdiyyəsinə verilmiş rəydən görünür ki, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş və Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı satılmış 0,002 ha torpaq sahəsi əks olunmuşdur. - İşdə olan, 03.08.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 20 manat pul ödənilmişdir. - İşdə olan, cavabdehin 12.10.2020-ci il tarixli **********54 nömrəli imtina məktubundan görünür ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. - İşdə olan, cavabdehin 11.03.2021-ci il tarixli **********11 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, gərginliyi 10 kvt olan elektrik naqillərinin 10 metr mühafizə zonası müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşdən göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Məhkəmə ilk növbədə iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəldi, ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı sorğu edilərək mütəxəssis rəyi alındı. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.04.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş yerquruluşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı Zərdab Bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,002 ha torpaq sahəsi isə elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Məhkəmənin 22.06.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab Bələdiyyəsinə sorğu edilərək bələdiyyənin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab Bələdiyyəsi 08.07.2021-ci il tarixli 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı. Cavabdehin imtinasının və etirazının dəlili, yəni iddiaçının "Torpaqların alqısatqısına dair akt" təqdim etməməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 15.02.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının 08.07.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçı nə cavabdehə, nə də məhkəməyə belə bir akt təqdim edə bilməmişdir. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Zərdab Bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yoxdur, ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 04/27/39 nömrəli smetadan görünür ki, mübahisələndirilən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 311 manat təşkil edir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməli və ondan alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Bələdiyyəsinin 25.07.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin və ondan 311 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-414/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-414/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver