Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-414/2023 09.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdehnə qarşı “X1 iddiaçıya məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X1 iddiaçıya məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. X3 ilə iddiaçının qardaşı X2 arasında nikah 2013-cü ildə pozulmuşdur. İddiaçı L.Əliyevanın Gərəkli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışdan görünür ki, fərdi yaşayış evi deyil, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda torpaq sahəsinə çıxarışa malik olması iddiaçıya hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq tanımır. Bu səbəblə iddiaçıya X1 qeydiyyatdan çıxarılmasını tələb etdiyi yaşayış evinə dair hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif olunmuş və bunun üçün ona vaxt verilmişdir. Hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş və iddia tələbində göstərilən ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia tələbinə əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı Balakən rayonunun Gərəkli kəndində yerləşən fərdi yaşayış evindən Leyla Əliyevanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Lakin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışla iddiaçının Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evinə deyil, 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmənin yardım məktubuna cavab verilməmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi L.Əliyevanın qeydiyyat ünvanı ümumi olaraq ünvan 1əmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X1 iddiaçıya məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-414/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-414/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver