Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-414/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evləri yerləşdiyi 0,12837 ha həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi iddiaçının adına dövlət reyestrində qeydə alınması və həmin evə və yerləşdilyi torpaq sahəsinə dair adına DƏDRX-dən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 2 ünvanında yerləşən 1030.1 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X1 satın almışdır. Daha sonrakı tarixlərdə qeyd edilən alqı-satqı müqaviləsini Oğuz Rayon Texniki İnventarlaşdırma Bürosuna təqdim etmişdir. Evin texniki pasportunda əvvəlki sahibinin adı pozularaq iddiaçının adı qeyd olunmuş, Oğuz RTİB-da ev iddiaçının adına qeydiyyata alınmışdır. Müqavilə bağlanan tarixdən indiyə qədər ev və digər tikililərlə birlikdə iddiaçının xüsusi mülkiyyətində, evin yerləşdiyi 0.12837 ha həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. İddiaçı evin yerləşdiyi 0.12837 ha torpaq sahəsinə mülkiyyət hüququnu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini 9 saylı Qəbələ Ərazi İdarəsinin Oğuz rayon Şöbəsindən xahiş etmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi səndlər tərəfimizdən araşdırılan zaman məlum olmuşdur ki, Oğuz şəhəri, S.Vurğun küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.12837 ha həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 6843 nömrəli qərarı əsasında JN1769A saylı Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Eyni zamanda bildirmək istəyirik ki, sözügedən torpaq sahəsi ilə bağlı tərtib edilmiş alqı-satqı müqaviləsində də evin yerləşdiyi torpaq sahəsi 0.141 kv.m olaraq göstərilmişdir. Bundan başqa fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri və ölçüləri fərqlidir. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Oğuz rayon texniki inventarlaşdırma bürosu tərəfindən mart 1980-ci il tarixdə verilmiş 57 inventar nömrəli fərdi yaşayış evinin qeydiyyat sənədi və texniki pasportu;
2. iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.1989-cu il tarixli alğı-satqı müqaviləsi.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli etiraz məktubuna əlavə edilmiş JN-1769A kod 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır.
5. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2447/2023 nömrəli məktubuna əlavə olunmuş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli iclas protokolu ilə təsdiq edilmiş Oğuz şəhəri üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır.
6. xx.xx.1989-cu il tarixli ev alqı-satqısı müqaviləsindən X3 məxsus ünvan 1 ünvanında yerləşən tikili İddiaçı satılmışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6396/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, JN-1769 saylı Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0.11 ha torpaq sahəsinin daxilindədir. Şəhadətnaməyə əsasən verilmiş və faktiki istifadədə olan torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası yaşayış məntəqələri, uqodiyası tikinti altı torpaqlarıdır. TEKUİS-ə əsasən kateqoriyası yaşayış məntəqəsi, uqodiyası tikinti altı torpaqlarıdır. Faktiki istifadə olunan torpaq sahəsinin 0.06 ha hissəsi N-1769 saylı Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə, 0.05 ha hissəsi Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İlkin texniki sənəddə göstərilən torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) tərtib olunmadığına görə faktiki istifadə edilən ərazi ilə eyni olub olmadığını təyin etmək mümkün deyil.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdehin imtinasının əsasını iddia olunan 1283.7 kv.m torpaq sahəsinin 528 kv.m hissəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Həmçinin, xx.xx.1989-ci il tarixli ev alqı-satqısı müqaviləsindən görünür ki, X3 məxsus Oğuz şəhəri, S.Vurğun küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsində yerləşən tikili İddiaçı satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar xx.xx.1989-ci il tarixli ev alqı-satqısı müqaviləsi ilə də təsdiq edilir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində 0,11 hektar torpaq sahəsi, Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası tikinti altı torpaqlarıdır. Faktiki istifadə olunan torpaq sahəsinin 0.06 ha hissəsi N-1769 saylı Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə, 0.05 ha hissəsi Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İddiaçının hüquqi marağı 0.12837 kv.m hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Həmin torpaq sahəsinin 0.06 hektar hissəsi JN-1769A nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd vardır :
1. Alqı-satqı əsasında əldə olunan mənzilin texniki pasportunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1283.7 kv.m olaraq qeyd edilmişdir.
2. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 6843 nömrəli qərarı əsasında JN1769A saylı Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixli alğı-satqı müqaviləsi ilə verilən 0.11 ha torpaq sahəsinin 0.06 ha hissəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, yerdə qalan 0.05 ha hissəsi isə qeyd olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən iddiaçının mülkiyyətə verilməmiş 0,05 ha hissəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Araşdırma zamanı təqdim olunan mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsinə cəmi 0,11 ha torpaq sahəsi mövcuddur.Odur ki,iddia olunan torpaq sahəsində iddiaçının faktiki istifadəsi 0,11 ha torpaq sahəsi olduğundan iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.