Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-415/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonu, Calut kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinin (3-56 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən) yerləşdiyi 0,08767 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Calut kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,08767 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002ci il tarixli, 37 nömrəli Sərəncamına əsasən Oğuz rayon Calut kəndində olan ev iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən evin oktyabr 2002-ci il tarixli 1265 nömrəli Texniki pasportunda həyətyanı torpaq sahələrinin ölçüsü 1246,7 kv.m göstərilmişdir. Hal-hazırda həmin 0,08767 ha həyətyanı torpaq sahəsi faktiki olaraq qapalı həyət kimi iddiaçının istifadəsindədir və heç bir mübahisə yoxdur. Ona görə də iddiaçı hesab edir ki, Oğuz rayon Calut kəndində yerləşən evə, həmin evin Texniki pasportunda qeyd edilən və faktiki istifadəsində olan 0,08767 ha torpaq sahəsinə onun mülkiyyət hüququ qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarış hazırlanmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********64 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 10-cu maddəsinə əsasən iddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin əsli, torpaq sahəsinin yerləşmə sxemi və şəxsiyyət vəsiqəsi ilə birlikdə Ərazi İdarəsinin Oğuz rayon şəbəsinə müraciət etməklə daşınmaz əmlakını qeydiyyata aldıra bilər. Həmçinin hüquqların qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 30 dekabr 2008-ci il tarixli 757-İİİQD nömrəli əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 saylı qərarına uyğun olaraq xidmət haqqı ödənilməlidir. Bundan sonra hüquqların qeydiyyatına qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********37 nömrəli etiraz məktubunda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi 0,8767 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etmədiyi bildirmiş və tələbin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-415/2023 nömrəli qərardadı ilə Oğuz rayonu Calut bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxs Oğuz rayonu Calut bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Oğuz rayonu Calut bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Oğuz rayonu, Calut kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinin (3-56 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən) yerləşdiyi 0,08767 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə əlavə olunmuş: Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3-56 nömrəli, xx.xx.2002-ci il tarixdə qeydə alınmış “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Oğuz rayon Calut kəndində yerləşən bir otaqlı yaşayış evi iddiaçı X1 xüsusi mülkiyyətindədir. Oğuz rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş arxiv nüsxəsi verilmiş Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 37 nömrəli sərəncamından görünür ki, Oğuz rayon Calut kəndində məskunlaşmış X5 ərizə ilə müraciət edərək, əvvəllər erməni millətindən olan X3 yaşadığı evdə məskunlaşdığını, yaşadığı dövrdə təmir işlərini apardığını, həyətdə müxtəlif tikililər tikdiyini bildirmiş və həmin evin onun adına sənədləşdirilməsini xahiş etmişdir. “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramının təsdiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 895 nömrəli sərəncamına, Azərbaycan SSR Ali Sovetinin xx.xx.1991-ci il tarixli qərarına əsasən Oğuz rayon Calut kəndində yerləşən, əvvəllər erməni millətindən olan X6 yaşayan, 1890-cı ildə tikilmiş, bir yaşayış otağından ibarət, ümumi sahəsi 34,0 kv.m, yaşayış sahəsi 14,0 kv.m-dən ibarət yaşayış evi həyətyanı yardımçı tikililər və həyətyanı torpaq sahəsi ilə birlikdə Oğuz rayonunda məskunlaşmış qaçqın X2 mülkiyyətinə verilmiş, yaşayış evinin həyətyanı torpaq sahəsinin X2 adına sənədləşdirilməsi rayon Texniki İnventarlaşdırma Bürosuna, rayon Sığorta Agentliyinə, Oğuz şəhər İcra nümayəndəliyinə və Calut bələdiyyəsinə tapşırılmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1265 inventar nömrəli, 2002-ci ilin oktyabr ayında tərtib olunmuş Texniki pasportdan görünür ki, Oğuz rayonu Calut kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Texniki pasportda faktiki torpaq sahəsinin 1246,7 kv.m olması göstərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: 153 inventar nömrəli, 2002-ci ilin oktyabr ayında tərtib olunmuş Texniki pasportdan görünür ki, Oğuz rayonu Calut kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Texniki pasportda faktiki torpaq sahəsinin 1246,7 kv.m olması göstərilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 37 nömrəli sərəncamından çıxarışın təsdiq olunmuş surəti məktuba əlavə edilmişdir. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubu ilə Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 37 nömrəli sərəncamının arxiv nüsxəsi Oğuz RİH-ə göndərilmiş, Oğuz Rayon İcra Hakimiyyətinin 6/4-875 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə sərəncam məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1228/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı Medrabovanın nümayəndəsi tərəfindən göstərilmiş Oğuz rayonu Calut kəndində yerləşən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmişdir. Faktiki naturada ölçülmüş 0,09 hektar torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr, mülkiyyətçisi Oğuz rayon Calut bələdiyyəsi olmaqla İddiaçı Medrabovanın istiafadəsindədir. Sözügedən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı Medrabovanın istifadəsində olan torpaq sahəsi, təqdim etdiyi 1265 inventar nömrəli, 25 noyabr 2002-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eynidir. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-36 RA/2-56/2023 nömrəli məktubunda Oğuz (Vartaşen) rayon 5 nömrəli tütünçülük sovxozunun 02 nömrəli qaytanlanmış torpaq kitabında Sarxanyan Eduart adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Oğuz RİH başçısının Calut İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-68- 12/2-13/2023 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Oğuz rayon Calut kəndində 1960-cı ildə divarları saman kərpic, mişar daşı və qırmızı kərpicdən tikilmiş, dam örtüyü azbest şifer və gildən hazırlanmış kirəmit ilə örtülmüş, yarım zirzəmili ümumi sahəsi 70 kv.m, yaşayış sahəsi 50 kv.m olan iki otaqlı bir mərtəbəli fərdi yaşayış evi və həyətində 16 kv.m köməkçi tikili vardır. Arayış verilən tarixə qədər həmin əmlaka həbs və qadağa qoyulmayıb. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlər və mütəxəssis rəyindən də göründüyü kimi, iddia tələbində qeyd edilən mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 37 nömrəli sərəncamı ilə iddiaçının mülkiyyətinə verilmişdir, faktiki naturada ölçülmüş 0,09 hektar torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları olmaqla İddiaçı Medrabovanın istiafadəsindədir. Sözügedən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı Medrabovanın istifadəsində olan torpaq sahəsi, təqdim etdiyi 1265 inventar nömrəli, 25 noyabr 2002-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eynidir. Yerli icra hakimiyyəti orqanının mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyətinə verilməsi barədə müvafiq inzibati akt qəbul etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, müvafiq sərəncamla torpaq sahəsi ayrılmış, faktiki olaraq torpaq sahəsi istifadəyə verilmişdir. Arxiv sənədlərinə əsasən mübahisəli torpaq sahəsinin ayrıldığı, həmçinin iddiaçıdan əvvəlki istidafəçisinə məxsus ölçüdə verilməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Oğuz (Vartaşen) rayon 5 nömrəli tütünçülük sovxozunun 02 nömrəli qaytanlanmış torpaq kitabında S.Eduart adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Göstərilənlərə nəzərən məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə sərəncam ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır qərar qəbul olunur. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın tələblərinə görə həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Odur ki, müvafiq sərəncamla hüquqların şəxsə əvvəlki mülkiyyətçiyə məxsus həcmdə keçməsi qanunvericiliyin tələbləri baxımından hüquqa zidd hesab edilə bilməz. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). İşin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Oğuz rayonu, Calut kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin (3-56 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən) yerləşdiyi 0,08767 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-415/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-415/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver