Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-418/2021 04.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.10 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə uyğun olaraq onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “0.10 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə uyğun olaraq onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 02 dekabr 2020-ci il tarixdə yardım məktubu göndərilərək, nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı cavabdehin ona ünvanladığı 15.10.2020ci il tarixli, **********29 nömrəli imtina məktubunu məhkəməyə poçt vasitəsilə göndərmiş və sözügedən sənəd 15.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh 17 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana “xxxx müştərək müəssisəsi”nə ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. İşlə bağlı 17.03.2021-ci il tarixə məhkəmə iclası təyin edilərək, tərəflərə bu barədə bildiriş göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı isə məhkəməyə 15.03.2021-ci il tarixdə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa vaxta təyin edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya yenidən yardım məktubunun göndərilməsi zərurəti yarandığından 17.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclası təxirə salınmış və iddiaçıya yenidən 31.03.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, məhkəmə araşdırması zamanı onun məhkəməyə təqdim etdiyi iddia ərizəsi və cavabdehin ona ünvanladığı 15.10.2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, o, “xxxx” müştərək müəssisəsinə ayrılmış 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini cavabdehdən xahiş etməsinə baxmayaraq, iddia ərizəsində iddiaçı qismində öz adını qeyd etmişdir. Odur ki, əgər tələbi “xxxx” müştərək müəssisəsinə ayrılmış 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə bağlıdırsa iddiaçı qismində “xxxx” müştərək müəssisəsinin adını qeyd edərək, yenilənmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi iddiaçıya tövsiyyə edilmiş və bununla bağlı ona 10 gün vaxt verilmişdir. İddiaçı 31.03.2021-ci il tarixli yardım məktubunu aldıqdan sonra məhkəməyə ərizə ünvanlamış və ərizə məhkəməyə 21.04.2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, tələbdə qeyd olunan torpaq sahəsinin “xxxx” Müştərək Müəssisəsinin adına qeydiyyata alınmasını xahiş edir. İddiaçının qeyd olunan 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olan ərizəsinin düzgün tərtib olunmadığı müəyyən edilmiş və bu səbəblə ona növbəti dəfə yardım məktubu ünvanalanaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab vermir. Yardım məktubu ilə iddiaçıya tövsiyyə edilmişdir ki, iddia ərizəsində iddiaçı qismində “xxxx” Müştərək Müəssisəsinin adını qeyd edərək, yuxarıda sadalanan normaların tələblərinə uyğun tərtib olunmuş iddia ərizəsini məhkəməyə təqdim etsin. Həmçinin qeyd edilmişdir ki, iddia “xxxx” Müştərək Müəssisəsinin adından qaldırıldığı halda, həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və iddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı yardım məktubunu 12.05.2021-ci il tarixdə almış və iddia ərizəsi tərtib edərək məhkəməyə ünvanlamış və ərizə məhkəməyə 31.05.2021-ci il tarixdə daxil olmuşdur. Tərtib etdiyi iddia ərizəsində iddiaçı bildirmişdir ki, “xxxx” Müştərək Müəssisəsi 1996-cı ildə bağlanmış və əldə heç bir sənəd olmadığı üçün məhkəməyə təqdim edə bilmir. İddia ərizəsində iddiaçı 0.10 ha torpaq sahəsinin “xxxx” Müştərək Müəssisəsinin adına deyil, filialın sədri kimi onun adına qeydiyyata alınmasını xahiş etmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçının məhkəməyə ünvanladığı ərizələri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən görünür ki, iddiaçı ilkin tələbində 0.10 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Lakin cavabdehin imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin “xxxx” Müştərək Müəssisəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçıya yardım məktubu ünvanlanaraq tələbini dəqiqləşdirməsi tövsiyyə edilmiş və iddiaçı torpaq sahəsinin Müəssisənin adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onun ərizəsi İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab vermədiyindən ona yenidən yardım məktubu ünvanlanmış və iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim etməsi tövsiyyə edilmişdir. Lakin iddiaçı sonuncu ərizəsində nöqsanları aradan qaldırmamış, sadalanan normaların tələblərinə uyğun iddia ərizəsi tərtib etməmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin müəssisənin deyil, özünün adına qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının sonuncu ərizəsindən ərizəsinin İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab verməməsi ilə yanaşı, həmçinin onun tələbinin konkret olmadığı müəyyənləşir. Belə ki, iddiaçı ərizələrinin bir qismində 0.10 ha torpaq sahəsinin onun adına, digər qismində isə Müəssisənin adına qeydiyyata alınmasını xahiş edir. Bundan başqa cavabdehin ona ünvanladığı 15.10.2020-ci il tarixli məktubda onun müraciətinin təmin olunmasından faktiki olaraq imtina olunmamış, ona ilkin hüquqmüəyyənedici sənədlərin təqdim olunması təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı məktub imtina xarakterli hesab edilə bilməz. Yuxarıda qeyd olunan səbəblərə görə iddiaçının hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.10 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə uyğun olaraq onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-418/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-418/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver