Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-418/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə fərqləndirici əlaməti - qiyməti 35000 manat, 2008-ci il buraxılışlı olan “RANGE ROVER” minik markalı (qara rəngli), **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 35000 manat məbləğdə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 5326,03 manat borcuna görə 35000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2584/2023 nömrəli sərəncamı cavabdehə ünvanlanmış və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən yazılı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi ərizəsində işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İş materiallarında olan: “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdadır. İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********2 nömrəli protokoldan görünür ki, 1 ədəd, “RANGE ROVER” markalı, **-ZR-*** dövlət nömrə nişanlı minik avtomobili iddiaçı tərəfindən siyahıya alınmışdır. “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim təqdim edilməməsi (imtina edilməsi) barədə” xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, vergi ödəyicisinə mülkiyyətində olan “RANGE ROVER” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********352900 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Vergi ödəyicisi mülkiyyətində olan avtonəqliyyat vasitəsini siyahıya alınmağa təqdim etməmiş və qərarın icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan ona məxsus **-ZR- *** dövlət nömrə nişanlı “RANGE ROVER” markalı avtonəqliyyat vasitəsi siyahıya alınaraq protokol tərtib edilmişdir. Protokolda mütəxəssisin adı göstərilməmiş, onun dəvət olunmadığı qeyd edilmiş və beləliklə protokol mütəxəssis tərəfindən imzalanmamışdır. Əmlakın qiymətləndirilməsi zamanı mütəxəssisin cəlb edilməsi və ya hansı meyar əsasında qiymətləndirmənin aparılması barədə heç bir məlumat təqdim edilməmişdir. Həmçinin müəyyən olunur ki, protokol cavabdeh tərəfindən imzalanmamış, adının qarşısında “imtina” qeydi aparılmışdır. Protokolun surətinin cavabdehə təqdim edilməsi barədə məktub iddia ərizəsinə əlavə edilsə də, həmin məktubun cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut təqdim olunmamışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. Lakin müəyyən olunur ki, akt cavabdeh tərəfindən imzalanmamış və adının qarşısında “imtina” qeydi aparılmışdır. Halbuki iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda avtonəqliyyat vasitəsinin siyahıya alınmasında vergi ödəyicisinin iştirak etmədiyi göstərilmişdir. Belə olan halda onun tərəfindən aktların və protokolun imzalanmaması imzalamaqdan imtina kimi qiymətləndirilə bilməz, odur ki, müvafiq sənədlərdə iştirak etməyib qeydi aparılmalı idi. Məhkəmənin sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16-4/2-3820/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, “RANGE ROVER” markalı 99ZR036 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən Qəbələ rayonu Böyük Pirəlli kənd sakini Cavabdeh adında qeydiyyatdadır və avtomobilin üzərində məhdudiyyət (həbs) yoxdur. Məhkəmə hesab edir ki, işin yuxarıda göstərilən faktiki hallarına aşağıda göstərilən hüquq normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Məcəllənin 89.5-ci maddəsinə görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. VM-nin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarilxi 393 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 1.40-1-ci bəndinə görə həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmə işin faktiki hallarına yuxarıda qeyd olunan qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək, iddianın təmin olunmaması qənaətindədir. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün “zəruri və kifayət olan həcmdə” əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur. Vergi orqanı tərəfindən elə həcmdə əmlak siyahıya alınmalı və satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait tələb olunan ödənişlərin və xərclərin qarşılanmasına kifayət etsin. Vergi orqanı məhz tələb olunan məbləğdə əmlakın siyahıya alınmasını həyata keçirməyə borcludur. Lakin məhkəməyə müraciət edənədək və ya müraciət edildikdən sonra vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Bununla yanaşı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması zamanı onun əmtəə xassələrinə malik olmasını təsdiq edən sübutlar da əlavə edilməlidir. Hazırkı iş üzrə vergi ödəyicisinin əmlakının siyahıya alınması həyata keçirilərkən dəyəri vergi orqanı tərəfindən 35000 manat olaraq qiymətləndirilmiş nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcud olmuşdur. Vergi ödəyicisinin istifadəsində olan nəqliyyat vasitəsinin siyahıya alınması və satışa çıxarılması hazırkı iş üzrə qalıq borc məbləğinə nəzərən vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Həmçinin iş materiallarına əsasən müəyyən olunmuşdur ki, vergi orqanının vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş **********2 nömrəli protokolda uyğunsuzluqlar mövcuddur. Belə ki, protokolda onun tərtibində iş üzrə Cavabdeh iştirak etdiyi, ona hüquq və vəzifələrinin izah edildiyi, o cümlədən protokolda qeyd olunan hərəkətlərə dair irad və təkliflərinin bildirilməsinin təklif edildiyi, həmçinin siyahıya alınmış əmlakın məsul saxlanmaya verilmək üçün Cavabdehn oğluna təhvil verildiyi qeyd olunmasına baxmayaraq, məhkəmə araşdırması ilə aşkar edilmişdir ki, protokol Cavabdeh iştirakı olmadan tərtib olunmuş, protokolda Cavabdeh adının qarşısında imza qrafasında “imtina” qeydi aparılmışdır. Cavabdehin siyahıya almada iştirak etməməsi iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda da öz əksini tapmışdır. Həmçinin əmlakın qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilməmiş, qiymətləndirmənin hansı meyarlar əsasında aparılması göstərilməmişdir. Siyahıya alınmış əmlaka münasibətdə reyestr məlumatları öz əksini tapsa da, nəqliyyat vasitəsinin əmtəə xüsusiyyətlərinə malik olub-olmaması ilə bağlı hər-hansı sübut nə əmlakın siyahıya alınması barədə protokola, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4726,03 manat borcuna görə, fərqləndirici əlaməti - qiyməti 35000 manat məbləğində, 2008-ci il buraxılış olan, “RANGE ROVER” minik markalı (qara rəngli), **-ZR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 35000 manat məbləğdə siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-418/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-418/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver