Məhkəmə qərarları › İş №2-1(116)-418/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-418/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-418/2025 21.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Ağsu RQİ və TBŞ-yə qarşı “2011-ci il buraxılışlı “Chevrolet Niva GLS-minik” markalı, 31BD875 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi ******* olan minik avtomobilinin ban nömrəsiz kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Ağsu RQİ və TBŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Chevrolet Niva GLSminik” markalı, 31BD875 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi ******* olan minik avtomobilinin ban nömrəsiz kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mülkiyyətində 2013-cü ildən 2011-cı il buraxılışlı “CHEVROLET NİVA GLS-minik” markalı, 31BD875 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0344525, ban nömrəsi X9L212300B0331654 olan avtomobil vardır. Avtomobilin ban nömrəsi olan hissəsi erroziyaya uğrayaraq silinmişdir. O, avtomobilin ban nömrəsinin nömrəsiz kimi qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Ağsu Regional Qeydiyyat-imtahan və X1 müraciət etmişdir. Lakin cavabdeh təşkilat şifahi olaraq avtomobilin ban nömrəsinin karroziyaya uğraması barədə və oğurluq olmaması barədə rəy tələb olunmuşdur. O, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmişdir. Həmin təhqiqat orqanı tərəfindən araşdırma aparılmış, müvafiq mütəxəsis araşdırması aparılmış və avtomobilin ban nömrəsinin korroziyaya uğraması barədə rəy vermişdir. Bundan sonra onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Ağsu Regional Qeydiyyat imtahan və X1 rəsmi müraciətinə 18 mart 2024-cü il tarixli 3-13-16/- 2/2- 955/2024 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, bu rəy qeydiyyat üçün əsas deyildir, yalnız müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, özünə məxsus nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi törətmiş, nəqliyyat vasitəsi aşaraq yararsız vəziyyətə düşmüşdür. Bundan sonra o, yeni kuza alaraq avtomobilin ehtiyat hissələrini həmin banın üzərinə yığmışdır. Hazırda həmin nəqliyyat vasitəsi faktiki olaraq onun istifadəsində olmaqla işlək vəziyyətdədir. Bununla belə nəqliyyat vasitəsini sənədləşdirə bilmir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-ci il tarixli məktubu, 459464 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlər, Azərbaycan Respublikasının DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. DİN-nin 1999-cu il “14” 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş, “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimat:

1. 5. Nəqliyyat vasitələri uçotdan çıxarıldıqda “Əsasnamə”nin tələblərinə müvafiq olaraq, bu Təlimatın 2.1-2.5, 2,7-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. Qeyd: Fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin uçotdan çıxarılması üçün bu Təlimata 3 nömrəli əlavədə göstərilən forma üzrə doldurulmuş ərizə qəbul edilir. 2.1. Nəqliyyat vasitələrinin qeydiyyatı üçün onların mülkiyyətçilərindən “Əsasnamə” ilə nəzərdə tutulmuş sənədlər və müvafiq ərizə (hüquqi şəxslər üçün “Təlimata İ nömrəli əlavə, fiziki şəxslər üçün isə - Təlimata 2 nömrəli əlavə qəbul edilir. 2.2. Nəqliyyat vasitəsi sahibinin və ya onun nümayəndəsinin şəxsiyyəti, “Əsasnamə”nin 2.8-ci hissəsində nəzərdə tutulmuş müvafiq şəxsiyyət vəsiqəsi, onlar itirildikdə isə polis orqanlarının verdiyi arayış əsasında müəyyən edilir. 2.3. Fiziki şəxslərə məxsus olan nəqliyyat vasitəsinin qeydiyyatı üçün sahibin nümayəndəsi müraciət etdikdə onun bu səlahiyyətlərə malik olmasını təsdiq edən vəkalətnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin mövcudluğu yoxlanılır. ... 2.7. Nəqliyyat vasitələri “Əsasnamə”nin 2.6 və 2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada texniki müayinədən keçirilir. Texniki müayinənin nəticəsi barədə ərizədə “DYP-nin xidməti qeydləri” qrafasında müvafiq qeydlər aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir. (Nəqliyyat vasitəsinin texniki müayinə aktı Təlimata 4 nömrəli əlavədə göstərilmişdir). 2.8. Nəqliyyat vasitələri, onların nömrəli aqreqatları, nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlər, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qaçırılmış və oğurlanmış nəqliyyatın məlumat-axtarış uçotu bazası üzrə yoxlanılır. Aparılmış yoxlamanın nəticəsi barədə qeydiyyat ərizəsində müvafiq qeydlər edilir. Nəqliyyat vasitəsi Azərbaycan Respublikasına xarici dövlətlərdən gətirildikdə və müəyyən şübhə doğurduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” MMV və ya ƏSİL vasitəsilə müvafiq yoxlama həyata keçirilə bilər. Yoxlanılan nəqliyyat vasitələri sorğuya cavab alınan müddətədək müvəqqəti qeydiyyata alınmalıdır. 2.9. Sənədlər qəbul edildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və onun uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi həyata keçirilməlidir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.10. Təqdim edilən sənədlərdə saxtakarlıq əlamətləri aşkar edildikdə, “Əsasnamə”nin 10-cu bəndində göstərilən hallarda sənədlər və nəqliyyat vasitəsi mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.13. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qeydiyyat hərəkətlərinin aparılması reyestrində (Təlimata 5 nömrəli əlavə müvafiq yazılar qeyd olunur. Qeydiyyat hərəkətlərinin növləri üzrə ayrıca reyestrlər aparılır. 2.18. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün müvafiq əsaslar olmadıqda, ərizə təqdim edilmiş digər sənədlərlə birlikdə nəqliyyat vasitəsinin sahibinə və ya onun nümayəndəsinə qaytarılır və imtinanın səbəbləri barədə ona yazılı cavab verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə:

4. Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması 4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ... 4.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirilmə qaydası: ... 2) Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 2011-ci il buraxılışlı “Chevrolet Niva GLS-minik” markalı, 31BD875 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi ******* olan minik avtomobilinin ban nömrəsiz kimi qeydə alınmasına nail olmaqdır. İddiaçı, ilkin icraat zamanı, o cümlədən məhkəməyə təqdim etdiyi iddia ərizəsində sözügedən nəqliyyat vasitəsinin ban nömrəsinin karroziyaya uğramasını bildirmiş, bunun nəqliyyat vasitəsinin uzun müddət ərzində istismarda olması ilə əsaslandırmışdır. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında qeyd etmişdir ki, qeyd olunan avtomobilin banı eyni modeldən olan digər avtomobilə aiddir və eyni zamanda ban nömrəsi kəsilərək çıxarılmışdır. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı, nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün təqdim edərkən avtomobilin banının dəyişdirilməsi məlum olmuşdur. İddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, hadisə DYP tərəfindən qeydə alınaraq İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilmişdir. Hadisə nəticəsində ban əzilərək yararsız vəziyyətə düşmüş, başqa ban əldə edilərək avtomobilin qalan hissələri həmin bana yığılmışdır. Məhkəmə tərəfindən İXP ******* saylı protokola dair tərtib edilmiş icraat materialları aidiyyəti orqanlardan sorğu edilməsinə baxmayaraq, tələb olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı iddiaçı, sözügedən nəqliyyat vasitəsinin banının korroziyaya uğramamasını və yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə düşdüyündən başqa ban əldə edərək avtomobilin qalan hissələrini həmin bana yığmasını etiraf etmişdir. Odur ki, İXP ******* saylı protokola dair tərtib edilmiş icraat materiallarının əldə edilməsi zərurəti aradan qalxmışdır. İstinad olunan “Əsasnamə”-nin 4.7-ci bəndinin tələbindən görünür ki, nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər təqdim edilməlidir. Müvafiq sənədlər olmadan yeni qeydiyyat şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Hazırkı iş üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyişdirilmiş banının alınmasının qanuniliyini təsdiq edən sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Ağsu RQİ və TBŞ-yə qarşı “2011-ci il buraxılışlı “Chevrolet Niva GLS-minik” markalı, 31BD875 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi ******* olan minik avtomobilinin ban nömrəsiz kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar