Məhkəmə qərarları › İş №2-1(116)-419/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-419/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-419/2021 10.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 məhkəmədə ona məxsus olan K.Hüseynov küçəsi (qeydiyyat vəsiqəsi üzrə N.Rəfibəyli küçəsi olmuşdur) 8 saylı evin 2 saylı mənzilinin 1/2 hissəsinin cavabdeh İddiaçı verilməsi, digər 1/2 hissəsinin X1 mülkiyyətində qalması barəsində qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin mənzilin həyətyanı sahəsi var və həmin sahə 1989-cu ildən Bəşir Allahverdiyevin istifadəsində olmuşdur. Bu həyətyanı sahə beton hasardan ibarətdir, Mingəçevir Şəhər İcra Hakimiyyətinin qərarına görə torpaq sahəsi 540,0 kv.m olan hasarlanmış sahədir və həmin vaxtdan onların istifadəsindədir. Məhkəmə işə baxarkən topaq sahələrinin onlara məxsusluğu ilə əlaqədar qərar çıxarmamışdır. Bu da təbii ki, həmin şəxslərin hüquqlarının pozulması kimi qəbul olunur. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin torpaq sahəsinin sahəsi böyükdür, təxminən 600,0 kv.m təşkil edir. Mənzilin texniki pasportunda, həmçinin İddiaçı mənzilinin və həyətyanı sahəsinin bölünməsi barəsində cizgi işlənilmiş və təsdiq olunmuşdur. Həmin cizgiyə əsasən göstərilən torpaq sahəsi İddiaçı həyətyanı sahəsi kimi göstərilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mənzilin istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********99 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili xx xxxx 1995-ci il tarixli il tarixində 7384 reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınmış, həmin mənzil Mingəçevir şəhər Dövlət Notariat kontorunun xx xxxxxx 1997-ci il tarixində 3m-1-67 reyestr saylı müqaviləsi əsasında 1/2 hissə payı ilə X3 və İddiaçı adlarına xx.xx.1997-ci il tarixində 7394 a reyestr nömrəsi ilə qeydiyyata alınaraq müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı sözügedən mənzilin natura qaydasında bölünməsi məqsədilə iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2- 507/2005 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi əsasında ayrıca mənzil kimi 2 və 2a nömrəli ünvanla iki hissəyə ayrılmışdır. Hər iki mənzil dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. X3 adına olan Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2a nömrəli mənzili onun vəfatından sonra vərəsəlik yolu ilə arvadı X2 adına keçmiş, o da həmin mənzili xx.xx.2017-ci il tarixində X5 notarial qaydada bəxşiş etmişdir. Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan istər X3 və istərsə də İddiaçı adlarına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Üç mənzildən ibarət (hal-hazırda dörd) 1958-ci il tarixində inşa olunmuş yaşayış evi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 514 saylı sərəncamı isə Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili X3 şəxsi mülkiyyətinə verilməsi barədədir, torpaq sahəsinin ayrılmasına aid deyildir. Sərəncamda əks olunan 540 kv.m olan torpaq sahəsi 3 mənzildən ibarət olan bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi sayılır. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Ona görə də İddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı üçün mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Kamran Hüseynov küçəsi ev 8, mənzil 2 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Dövlət Arxivinin Mingəçevir filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 54-Asan nömrəli məktubundan müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx xxxx 1995-ci il tarixli, 514 saylı sərəncamında İddiaçı adı qeyd edilməmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli, **********99 nömrəli arayışında qeyd edilir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 saylı evin 2 nömrəli mənzili hissəvi olaraq paylı mülkiyyət hüququ 1/2 hissə olmaqla əsasında İddiaçı və X1 adına qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına ilkin hüquqmüəyyənedici sənəd olmadığı üçün “x” və “y” koordinatlarını, sahəsini, təyinatını, statusunu yerində müayinə etmək mümkün olmamışdır. İddiaçının 2-1(116)-1234/2020 nömrəli iş üzrə analoji iddia tələbi özünün ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli qərardadla geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Həmin işdə olan Layihə-Tədqiqat Mərkəzi MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi faktiki olaraq 607 kv.m-dir, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxemi tərtib edildi (əlavə olunur). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi (ayrılması) barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş akt yoxdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 514 saylı sərəncamı isə Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili X3 şəxsi mülkiyyətinə verilməsi barədədir, torpaq sahəsinin ayrılmasına aid deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar