Məhkəmə qərarları › İş №2-1(116)-419/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-419/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-419/2023 05.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 967 kv.metr həyətyanı torpaq sahəsinin X1 adına qeydiyyata alınmış Texniki pasportun əsasında mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq mərhum atası X2 məxsus olması haqqında arayışın (Elektron arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1205.5 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq mərhum atası X1 adına dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 967 kv.metr həyətyanı torpaq sahəsinin X1 adına qeydiyyata alınmış Texniki pasportun əsasında mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq mərhum atası X2 məxsus olması haqqında arayışın (Elektron arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1205,5 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum atası X1 adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Qeyd edilən evin avqust 1987-ci il tarixli 1096 nömrəli Texniki Pasportunda həyətyanı torpaq sahələrinin ölçüsü 1205,5 kv. metr göstərilmişdir. Hal-hazırda həmin 1205,5 kv.metr həyətyanı torpaq sahəsi faktiki olaraq qapalı həyət kimi onun istifadəsindədir və heç bir mübahisə yoxdur. Ona görə də ünvan 2 ünvanda yerləşən evə və həmin evin Texniki Pasportunda qeyd edilən və faktiki istifadəmizdə olan 1205,5 kv.metr torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq mərhum atası X1 adına Dövlət Reyestrindən Çıxarış hazırlanmalıdır. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1205.5 kv. metr həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam olaraq təqdim, etməmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçı müraciətində qeyd etdiyi torpaq sahələrinin 100.52 kv. metr hissəsinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinə sənəd təqdim elməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis məhkəmənin suallarına əsasən bildirmişdir ki, A seriyalı 389670 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi barədə elektron bazada məlumat aşkar edilməmiş, 713C və 713 B Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamələrin arxiv nüsxəsi mövcud deyildir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2362/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddia olunun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi yerləşən torpaq sahəsi 0,1295 kv metr olmaqla, təyinatı yaşayış məntəqələrinin torpaqları daxilində uqodiyası həyətyanı sahələrin altında olan torpaqlara aiddir. Torpaq sahəsi X1 adına tərtib edilmiş 713C Kod 40501004 seriyalı 'Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. A seriyalı 389670 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 699,48 kv.m torpaq sahəsi haqqında elektron məlumat bazasında heç bir məlumat tapılmadığı üçün tələbdə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyildir. JN-713B Kod 40501004 seriyalı şəhadətnamədə qeyd edilmiş 0,04 ha torpaq sahəsi iddiada qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. A seriyalı 389670 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron məlumat bazasında tapılmadığı üçün JN-713B Kod 40501004 seriyalı şəhadətnamədə qeyd edilmiş 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyildir. İddia olunan və ya istifadə olunan torpaq sahəsi JN-558 A nömrəli şəhadətnamə ilə başqa şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. iddia olunan və ya istifadə olunan torpaq sahəsi 0,0221 hektar hissədə JN-713C, 0,0328 hektar hissədə JN-558A saylı Şəhadətnamələrdə qeyd edilmiş və 0,0746 hektar hissədə isə iddiaçının özünün istifadəsində olan Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.

2. Cavabdeh tərəfindən təqdim edilmiş X10 kitabının təsdiqlənmiş surətindən görünür ki, həmin kitabda X6 adı qeyd edilmişdir.

3. A seriyalı 389670 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, X3 Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə verilmiş 699.48 kv. metr həyətyanı torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

4. İddiaçının atası X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçı nın hazırkı iddia tələbinə əsasən hüquqi marağı ünvan 1 ünvanında yerləşən fərdi evin və həmin evin yerləşdiyi 967 kv.metr həyətyanı torpaq sahəsinin X7 məxsusluğunun cavabdeh tərəfindən qeydə alınmasından ibarətdir. Cavabdehin imtinasının əsasını iddiaçı tərəfindən 1205.5 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin tam təqdim edilməməsi təşkil etmişdir.Həmin əsasa münasibətdə məhkəmə qeyd edir ki,iddiaçı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsası kimi fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir.Həmin sənəddə torpağın sahəsi 1205,5 kv.m qeyd olunmuşdur. İşin araşdıırlması zamanı müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsinin 328 kv.metr hissədə başqa subyektin adına JN-558A saylı Şəhadətnamə işlənilmişdir. İddiaçı tələbində dəqiqləşdirmə apararaq iddia tələbinin həmin hissəsinə azaldılması barədə ərizə təqdim etmişdir. Həmçinin,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş A seriyalı 389670 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 699,48 kv.m torpaq sahəsi haqqında elektron məlumat bazasında heç bir məlumat mövcud deyil. Araşdırma zamanı iddiaçının adına tərtib edildiyi bildirilən JN-713B Kod 40501004 seriyalı və 713C Kod 40501004 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamələrin koordinatlarının elektron bazada əks olunmadığı,həmin sənədlərin naturada iddiaçıya verilmədiyi,arxiv nüsxəsinin isə mövcud olmadığı müəyyən edildi.Qeyd olunanlara əsasən həmin sənədlər ümumiyyətlə çap olunmadığından mötəbərliyi öz təsdiqini tapmamışdır. İddiaçının atası X8 xx.xx.2020-ci ildə vəfat etmişdir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan fərdi yaşayış evi iddiaçının atasına məxsus olmaqla,iddia olunan torpaq sahəsi iddiaçının mərhum atası X6 qanuni istifadəsində olmuşdur.Bu barədə müvafiq qaydada qeydiyyat aparılmışdır.Hazırda fərdi yaşayış evi və həmin torpaq sahəsinin mərhuma məxsusluğunun müəyyən edilməsi zərurəti yaranmışdır. İstinad olunan Fərmanın 2.5-ci bəndində müvafiq normalar təsbit olunduğundan iddia olunan torpaq sahəsinə münasibətdə iddiaçının torpaq üzərində mərhumun mülkiyyət hüququnun qeydə alınması tələbi,hüquqi baxımdan isə torpaq sahəsinin mərhuma məxsusluğunun təsdiq edilməsinə dair elektron arayışın verilməsi tələbi haqlı olmuşdur. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 967 kv.metr həyətyanı torpaq sahəsinin mərhum X2 məxsus olması haqqında elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar