Məhkəmə qərarları › İş №2-1(116)-421/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-421/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-421/2021 05.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********945800 nömrəli məktubunda qeyd edilən və kameral vergi yoxlaması nəticəsində hesablanmış 951.39 AZN məbləğində gəlir vergisinin hesablanması barədə qərarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********945800 nömrəli məktubunda qeyd edilən və kameral vergi yoxlaması nəticəsində hesablanmış 951.39 AZN məbləğində gəlir vergisinin hesablanması barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********710100 nömrəli məktubla iddiaçının xx.xx.2019-cu il tarixdən guya vergi borcunun yarandığı barədə qərarın olduğunu bildirmişdir. Lakin iddiaçının bundan yaxın günlərdə Mingeçevir İcra və Probasiya Şöbəsi tərəfindən çağrıldığı zaman məlumatı olmuşdur. Bundan sonra iddiaçı ərizə ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli **********945800 nömrəli uyğunsuzluq məktubu ilə ona 951.39 AZN gəlir vergisi hesablanmışdır. Lakin bunun haradan hesablandığı və necə bu məbləğə gəlindiyi barədə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, faktiki olaraq heç bir fəaliyyəti olmadığı halda ona bu qədər məbləğin hesablanması əsassızdır və qanunsuzdur. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********052100 nömrəli vəsatətində qeyd etmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********945800 nömrəli məktubunda qeyd edilən və kameral vergi yoxlaması nəticəsində hesablanmış 951.39 manat məbləğində gəlir vergisinin hesablanması barədə Qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ilə bağlı bildirilir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 951.39 manat məbləğində gəlir vergisinin hesablanması barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********962700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir ki, iddiaçı tərəfindən sözügedən Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi olmuşdur. Belə ki, vergi ödəyicisində kameral vergi yoxlamaları keçirilmiş, yoxlama ilə 2018-ci il ərzində 24508,80 manat dəyərində mal (siqaret) alınmasına baxmayaraq müvafiq il üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmiş və nəticədə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırıldığı müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli **********945800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və həmin yoxlamaların nəticəsinə dair qəbul edilmiş hazırda ləğv olunmasını xahiş etdiyi Qərarla vergi ödəyicisinə ümumilikdə 951.39 manat məbləğində vergilər hesablanmışdır. Sözügedən mübahisələndirilən qərar, uyğunsuzluq məktubu, borc bildirişləri, xəbərdarlıq məktubu, “Tələbin icraya yönldilməsi haqqında” qərar və digər sənədlər vergi ödəyicisinə elektron formada və poçt xidməti vasitəsi ilə göndərilmişdir. Bununla əlaqədar hesablama aparılan vaxtdan sonra borcla bağlı vergi ödəyicisi ilə dəfələrlə yazışmalar aparılmış, lakin qərar qəbul edildikdən 18 ay sonra məhkəməyə müraciət olunmuşdur, Vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş borcun dövlət büdcəsinə tutulması ilə bağlı prosedurlar yerinə yetirilmiş, borc məbləği ödənmədiyi üçün həmin məbləğin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********088600 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında" müqaviləyə əsasən vergi ödəyicisinin vəzifəsi vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir. Qeyd olunanlara baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra, yəni mübahisələndirilən qərar onun elektron qutusuna göndərildildikdən və dövlət büdcəsinə borcu yarandığını bildikdən 18 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2019-cu il 10 may tarixində qəbul edilmişdir. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, inzibati akt qəbul edildikdən 18 aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixli iddia ərizəsini poçt vasitəsilə məhkəməyə göndərməklə (ərizə dəftərxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) müddəti ötürmüş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********945800 nömrəli məktubunda qeyd edilən və kameral vergi yoxlaması nəticəsində hesablanmış 951.39 AZN məbləğində gəlir vergisinin hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar