Məhkəmə qərarları › İş №2-1(116)-4219/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4219/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4219/2025 25.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qıznınn katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ucar Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktının qeyd edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Bildirirəm ki, mən 11 may 2011-ci il tarixdə 06 fevral 1978-ci ildə Ucar rayonunun Lək kəndində anadan olmuş X6 ilə nikaha daxil olmuş və nikahımız 11Ö05.2011-ci ildə Ucar rayon İHB-nın Lək kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmışdır. X2 xx.xx.2015-cİ ildə X5 Respublikası Simferepol şəhərində vəfat etmişdir, həmin vaxt mən və uşağım Ucar rayonu Lək kəndində yaşadığımızdan vəfat edən vaxt ərimin yanında olmamışıq. Ərimin cənazəsini çətinliklə Azərbaycana gətirtmiş və Ucar rayonu Lək kəndində dəfn etdirmişik. Cənazəni gətirərkən cənazəni gətirənlərə Rusiya Federasiyasında qeydə alınmış ölüüm haqqında şəhadətnamənin surətini vermişlər. X8 ölümü Azərbaycan Respublikasında qeydə alınmamışdır. Mən 12 iyul 2019-cu il tarixdə Beyləqan rayon Təzəkənd kənd sakini X1 ilə ikinci dəfə evlənmişik. Buna baxmayaraq X6 bizim ailə üzvü kimi sistemdə görünür. Həm də o mənim ərim kimi görünür. Bundan sonra Ucar rayon Qeydiyyat şöbəsinə və digər orqanlara müraciət etsək də keçmiş X8 ölümünü qeydə aldıraraq ölüm haqqında şəhadətnamə ala bilməmişik. Ucar rayon Qeydiyyat şöbəsindən və Beyləqan rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu hal bizim ailə üçün müəyyən problemlər yaradır. Onun ailə üzvlərimizin siyahısından çıxarılması və faktiki olaraq ölümünün qeydə alınması üçün onun ölüm faktı məhkəmə qaydasında tanınmalıdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, ərinin ölüm faktının qeydə alınması ona sosial yardımın alınması ilə bağlıdır və onun harada ölməsi əhəmiyyət kəsb etmir, əsas məqsəd onun ölümünün sistemdə qeyd edilməsidir. Əsaslandırma hissə: İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Hazırkı tələbdə iddiaçının hüquqi marağı keçmiş ərinin ölüm faktının qeydə alınmasından ibarətdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 195.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2009-cu il tarixli, 3 nömrəli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırkı halda iddiaçı hüquqi nəticə doğuran sənəd hesab edilən ölüm haqqında şəhadətnaməni əri xarici ölkədə vəfat etdiyindən və bu barədə akt qeydi kitabı qeydiyyat şöbəsində mövcud olmadığından ala bilmir. Belə olan halda ölümün qeydi yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən izah edir ki, qeyd olunan məsələ ilə bağlı (ölümün qeyd edilmə faktının müəyyən edilməsi) iddiaçının yaşadığı yerin məhkəməsinə qanunla müəyyən edilmiş qaydada ərizə ilə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar