Məhkəmə qərarları › İş №2-1(116)-422/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-422/2020

14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-422/2020 14.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0,57 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı ünvan 1i ünvanda yerləşən 0.67 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq öz adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Oğuz rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, islahat zamanı 0.67 ha torpaq sahəsi 145 nömrə ilə onun və ailə üzvlərinin adına yazılsa da, həmin torpaq sahəsinə şəhadətnamə hazırlanmamışdır.Ona görə də torpaq islahatı zamanı ünvan 1i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu Baş Daşağıl Kooperativi X10 Komissiyasının qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının təsdiq olunmuş surətləri özünə göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən ona göndərilən 05 noyabr 2019-cu il tarixli **********20 nömrəli cavab məktubunda dörd nəfər ailə üvlərinin adına 0.04 ha qanuni istifadədə, 0.57 ha zəbt torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Əlavə olaraq həmin məktubda iddiaçıya 0.07 ha torpaq sahəsinə JN-145A saylı, 0.04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələrin də verildiyi qeyd edilir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək faktiki istifalərində olan 0.67 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.İdarədən verilmiş cavab məktubunda onun müraciətinin icra olunmasından imtina edilmişdir. Cavabdeh iddia qarşı imtinasından bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və X10ı komissiyaları aparmışdır. Elektron kadastr məlumat bazasında və arxivdə apardığımız araşdırma zamanı müəyyən olunmuşdur ki, X10ı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuş “Pay almaq hüququ olan subyektlərin Siyahısı”nda 15-ci sırada mərhum X3 və onun ailə üzvləri İddiaçı, X1, X4 (cəmi dörd nəfər) adları qeyd edilmişdir. Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı torpaq sahəsi kimi 0,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0,11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələr verilmişdir.Pay torpaq sahəsi kimi ayrılan 3,23 hektar torpaq sahəsinə isə JN-0015 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənilmişdir. Cavabdehin etirazının dəlilləri: Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər-hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi Oğuz rayonu Baş Daşağıl bələdiyyəsidir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli, AZE seriyalı 16028317 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, ƏMDK-nin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********20 nömrəli imtina məktubu, JN-0015 seriyalı 40500018 nömrəli Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli etirazı, xx.xx.2019-cu il tarixli 4/15041 nömrəli, xx.xx.2020-ci il tarixli **********60 nömrəli məktubları, AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli **********26 nömrəli məktubu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli çıxarışı, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışları, JN-145A seriyalı 40500018 nömrəli və JN-145B seriyalı 40500018 nömrəli Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X10 komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X10 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********20 nömrəli məktubundan görünür ki, X10ı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuş “Pay almaq hüququ olan subyektlərin siyahısı”nda 15-ci sırada mərhum X3 və onun ailə üzvləri İddiaçı, X1, X4 (cəmi dörd nəfər) adları qeyd edilmişdir. Həmin tərtib edilmiş siyahıda qanuni istifadədə 0.04 ha, zəbt kimi isə 0,57 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı torpaq sahəsi kimi 0,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələr verilmişdir. Pay torpaq sahəsi kimi ayrılan 3,33 hektar torpaq sahəsinə isə JN-0015 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənilmişdir. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X10 komissiyaları aparmışdır.Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmiş və adlarına JN-0015 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən ,07 ha torpaq sahəsinə JN-145A saylı, 0,04 ha torpaq sahəsinə JN-145B saylı və 0.11 ha torpaq sahəsinə JN-145C saylı Şəhadətnamələr verilmişdir. “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair akt”a əsasən Oğuz rayonu Daşağıl kəndində 3.33 ha qanuni kənd məhsullarının istehsalı sahəsi verilmişdir. İddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,57 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilmiş və adlarına mülkiyyət sənədləri tərtib edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 0,57 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0,57 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir . Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar