Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-422/2021 12.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli 427 ş/h nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandirinin xx.xx.2019-cu il tarixli, 427 nömrəli əmrinin etibarsız edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5557/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Baxılması üçün Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə göndərilən 2-1(112)-5557/2020 nömrəli inzibati iş məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən xx xxxxxx 2019-cu ilədək Sərhəd Xidmətində baş çavuş kimi xidmət etmişdir. Xidmət etdiyi müddətdə rəhbərliyin bütün tapşırıqlarını nümunəvi hərbiçi kimi yerinə yetirmişdir. İddiaçı bildirir ki, o, xx xxxxxx 2019-cu il tarixli 427 nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən “xidməti uyğunsuzluğa görə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Lakin ona bugünədək hansı əsasla xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məlum deyil. İddiaçı iddia ərizəsində bildirir ki, hərbi xidmətə yararsızlıq və ya uyğunsuzluq müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən müayinənin nəticələrinə uyğun olaraq müəyyənləşdirilməlidir. Bu səbəblə də xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını qanunsuz hesab edir. İddiaçı cavabdeh orqana müraciət edərək işə bərpa olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli 427 ş/h nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbinə dair məhkəməyə rəsmi münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı xx.xx.2019-cu il tarixli əmrin ona elan edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2019-cu il 02 dekabr tarixində qəbul edilmiş və qeyd olunan əmrin ona elan olunmasını iddiaçı məhkəmə iclasında etiraf etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, inzibati akt qəbul edildikdən 7 (yeddi) ay müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixli iddia ərizəsini poçt vasitəsilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərməklə (ərizə dəftərxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) müddəti ötürmüş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1712/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da sərgilənmişdir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikayət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Onun tələbinin “xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi də tələbinin birinci hissəsi mümkün sayılmadığı üçün və tələbin birinci hissəsindən asılı olduğu üçün mümkün sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli 427 ş/h nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-422/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-422/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver