Məhkəmə qərarları › İş №2-1(116)-422/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-422/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-422/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5228/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, tələbində qanunvericilik normalarını sadalamış və göstərmişdir ki, 1990-cı illərdə N saylı hərbi hissədə xidmət edərkən hərbi hissə komandirinin N saylı əmri ilə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Ağdərə rayonuna ezam olunmuşdur. Odur ki, döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq “Müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə qarşı etirazını iddiaçının döyüş əməliyyatlarında iştirakının əmrlərlə təsdiq olunmaması ilə əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N nömrəli hərbi hissə komandirinin 26, N sentyabr 1992-ci il tarixli 38 nömrəli əmrindən görünür ki, iddiaçı (111) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 252 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı, xx.xx.1996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və hərbi qeydiyyata götürülməsi üçün bakı şəhəri Nəsimi rayon HK-na göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı, məzuniyyətə, ezamiyətə getmiş hesab edilmişdir. - Dövlət Sərhəd Xidməti “Naxçıvan” X1 xx.xx.2022-ci il tarixli 16/291 nömrəli məktubunda qeyd edilmişdir ki, əsgər İddiaçı 26, N sentyabr 1992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Sərhəd Qoşunları Baş İdarəsinə ezam olunmuş, xx.xx.1996-cı il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Xidmət etdiyi müddət rəzində hər hansı bir nüfuzdan salıcı, təqsirləndirici və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. - cavabdehin xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarından və xx.xx.2020-ci il tarixli Dövlət Sərhəd Xidmətinin “Müharibə veteranı” və “Silahlı Qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi komissiyasının yekun rəyindən görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - H3 ******* nömrəli hərbi biletdən və SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 1404 nömrəli məktubundan görünür ki, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və xaric edilməsi ilə bağlı müvafiq qeydlər mövcuddur, lakin iddiaçının döyüş əməliyyatlarında iştirakı ilə bağlı hər hansı qeyd icra edilməmişdir. DSX-nin X4 İdarəsinin xx.xx.2021-ci il tarixli sorğunun icrasına cavab olaraq İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanladığı xidməti məktubda aşağıdakılar qeyd edilmişdir: - “İddiaçı 1992-1996-cı illərdə “Naxçıvan” X2 (keçmiş N nömrəli hərbi hissə) müddətli həqiqi hərbi xidmət keçmişdir. Vətəndaşın xidmət müddətində döyüş əməliyyatlarında iştirak etməsinə görə “Müharibə veteranı” vəsiqəsinin verilməsi ilə əlaqədar daxil olmuş müraciəti əsasında xidmət yeri üzrə müvafiq arxiv məlumatları toplanmış və 2020-ci ilin may ayında “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmışdır... arxiv materialları ilə xidmət müddəti ərzində döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona “Müharibə veteranı” vəsiqəsinin verilməsi mümkün olmamış və bu barədə ərizəçinin ünvanına müvafiq məktub göndərilmişdir”. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – ... Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, ... tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, 26, N sentyabr 1992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Sərhəd Qoşunları Baş İdarəsinə ezam olunmuş, xx.xx.1996-cı il tarixdə isə şəxsi heyətin siyahısından çıxarılmışdır. Yəni, iddiaçının xidmətdə olduğu hərbi hissəyə giriş və çıxışları qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirakına dair hər hansı sənəd (əmr, rəy və həbi biletdə qeyd) mövcud deyil. Odur ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas ola bilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə sadalanan sənədlərə əsasən, döyüşlərdə iştirakını sübuta yetirən hallar mövcud olmadığından cavabdeh orqanın iddiaçının müraciətinin təmiin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar