Məhkəmə qərarları › İş №2-1(116)-423/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-423/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-423/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "14.11.1972-ci ildən 30.05.1973-cü ilədək və 09.06.1975-ci ildən 30.11.1998-ci ilədək Göyçay Rayon Qaraməryəm kənd R.Rza adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu Şahsoltanlı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək ünvan 2Rza adına sovxozda işləmiş, 31.05.1973-cü ildən 22.05.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 09.06.1975-ci ildə yenidən həmin sovozda işə qəbul olunmuş və 30.11.1998-ci ilədək orada işləmişdir. İddiaçı 12.03.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 29.11.2019-cu il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirmişdir ki, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından əmək pensiyasının təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək ünvan 2Rza adına sovxozda işləmiş, 31.05.1973-cü ildən 22.05.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 09.06.1975-ci ildə yenidən həmin sovozda işə qəbul olunmuş və 30.11.1998-ci ilədək orada işləmişdir. Onun əmək kitabçası olmasa da, bu hallar müvafiq əmrlərlə təsdiq edilir. Cavabdeh iddiaya qarşı 17.12.2019-cu il tarixli etirazında bildirmişdir ki, iddiaçının pensiya hüququ 12.03.2019-cu il tarixdə yaranmışdır. Lakin İddiaçı 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək və 09.06.1975-ci ildən 30.11.1998-ci ilədək ünvan 2Rza adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Əgər İddiaçı 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək və 09.06.1975ci ildən 30.11.1998-ci ilədək ünvan 2Rza adına kolxozda işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı əmək pensiyası təyin oluna bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 17.12.2019-cu il tarixli **********8 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının pensiya hüququ 12.03.2019-cu il tarixdə yaranmışdır. Lakin İddiaçı 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək və 09.06.1975ci ildən 30.11.1998-ci ilədək ünvan 2Rza adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. - İşdə olan, Göyçay Rayon Dövlət Arxivinin 26.02.2020-ci il tarixli 73 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək, bundan sonra, 09.06.1975-ci ildən 18.03.1987-ci ilədək ünvan 2Rza adına kolxozda işləmişdir. Həmin kolxozun 1990-2000-ci illərə aid əmr kitablarında İddiaçı işdən çıxması və ya başqa əmri barədə məlumat yoxdur. Həmin kolxoz 21.08.2000-ci ildə ləğv olunmuşdur. - İşdə olan, Göyçay Rayon İcra Hakimiyyəti başçısının aparatının 10.04.2020-ci il tarixli 108 nömrəli məktubundan görünür ki, ünvan 2Rza adına kolxozun aqrar islahatlarla əlaqədar 21.08.2000-ci ildə sonuncu əmri verilmiş və 6 nəfər işçi işdən azad olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 12.03.2019-cu ildə pensiya yaşına (64 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. X4 filialı tərəfindən verilmiş 26.02.2020-ci il tarixli 73 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, ünvan 2Rza adına sovxozun 14.11.1972-ci il tarixli 173 nömrəli əmri ilə İddiaçı mal fermasına qarovulçu təyin edilmişdir. İddiaçının hərbi biletindən görünür ki, o, 31.05.1973-cü ildən 22.05.1975-ci ilədək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. X4 filialı tərəfindən verilmiş 26.02.2020-ci il tarixli 73 nömrəli arxiv arayışı ilə bu da müəyyən olunur ki, ünvan 2Rza adına sovxozun 09.06.1975-ci il tarixli 77 nömrəli əmri ilə iddiaçı fəhlə təyin edilmişdir. Aqrar islahatla əlaqədar sovxozda sonuncu əmr 21.08.2000-ci ildə verilmiş və həmin vaxtadək İddiaçı işdən çıxması barədə əmr verilməmişdir. Lakin onun öz izahatına görə, o, sonuncu dəfə əmək haqqını 30.11.1998-ci ildə almış və həmin gündən sonra sovxozda işləməmişdir. Cavabdeh iddiaçının sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtinasını belə əsaslandırır ki, həmin müddət iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara uyğun olaraq, iddiaçının sovxozda işlədiyi müddət onun əmək kitabçasında göstərilməsə də, arxivdə olan sənədlərlə təsdiq edildiyinə görə onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının hərbi bileti ilə müəyyən edilir ki, o, 31.05.1973-cü ildən 29.05.1975-ci ilədək (1 il 11 ay 29 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, iddiaçının adına olan arxiv arayışında (24 il 1 ay) və hərbi biletində (1 il 11 ay 29 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, onun sosial sığorta stajının cəmi 26 il 10 gün təşkil edir. Bu isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 14.11.1972-ci ildən 30.05.1973-cü ilədək və 09.06.1975-ci ildən 30.11.1998-ci ilədək Göyçay Rayon Qaraməryəm kənd R.Rza adına sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar