Məhkəmə qərarları › İş №2-1(116)-425/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-425/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-425/2020 19.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən (09.12.2019-cu il) icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan 18.02.2020-ci il tarixli AZ-İİ seriyalı 039345 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 04.01.2020-ci il tarixdə ölmüşdür və bu barədə 18.02.2020-ci il tarixində 07 nömrəli akt qeydi tərtib olunmuşdur. İddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar