Məhkəmə qərarları › İş №2-1(116)-425/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-425/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-425/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavbdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1883/2023 saylı qərardadı ilə mümkün sayılmamışdır.Qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-440/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən araşdırılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-440/2023 saylı qərardadında iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlər verilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı tərəfindən “Torpaq sahəsinin məkan göstəricilərim ozundə əks etdirən yer quruluşu planı və ölçüsü”-nə dair sənədi təqdim edilməmişdir, bu səbəbdən də sözü gedən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. İddiaçının cavabdehə xx.xx.2022-ci il tarixli ilkin müraciəti;

2. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu;

3. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə tərəfindən iddiaçının cavabdehə ilkin müraciəti nəzərdən keçirilmiş,iddianın mümkünlük şərtinə cavab vermədiyi müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-440/2023 saylı qərardadında qeyd olunan iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlərin həyata keçirilməsi məqsədi ilə 05 iyun 2024-cü il və 27 iyun 2024-cü il tarixinli məhkəmə iclasları təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir.Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda ona hüquqi yardım göstərilməklə nail olmaq istədiyi hüquqi nəticə müəyyənləşdirilə,düzgün iddia tələbinin irəli sürülməsinə nail oluna bilərdi. Hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehə ilkin müraciəti eyni deyildir.İddiaçı cavabdehə ilkin ərizəsində İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada yerinin tanıdılmasını xahiş etmiş,cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinin planı və ölçü sənədi tələb olunaraq həmin tələbin icrasından imtina edilmişdir.Hazırkı iddia ərizəsinə əsasən iddiaçının tələbi İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki,iddiaçının da həmin tələblə bağlı ilkin müraciətinin olmadığı görünür. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 3.4-cü bəndində qeyd edilir ki,birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Həmin qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar