Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-427/2022 21.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTKnın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən 30.12.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 azn məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 azn artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır. Bu səbəblə də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili Vəkil 10.03.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh 25.11.2021-ci il tarixli **********629900 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, 15.02.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla 30.12.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də 30.12.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Göründüyü kimi vergi ödəyicisinin artıq ödəmə məbləği yarandığı tarixdən 9 ildən artıq vaxt keçməsinə baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq 44.014,06 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində artıq ödəmənin cavabdeh orqan tərəfindən digər borclarla əvəzləşdirmə aparmaması ilə bağlı fikir bildirmiş, lakin iddiaçının həmin iddia tələbi də qanunsuz və əsasızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 27.01.2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir. İddiaçı MTK-nın direktoru Şəmsəddin Muradova və MTK-nın vəkili Vəkil, həmçinin üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsi və vəkili, həmçinin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, elektron və yazılı qaydada müraciət etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən tələbi təmin edilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi iddiaçının ilkin müraciətlərində edilən tələblərlə əhatə olunmaqdadır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 03.05.2006-cı il tarixdə VÖEN almaqla ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi kabinet üzərindən cavabdehə edilmiş 22.02.2019, 09.03.2019, 25.06.2019, 08.01.2021, 18.01.2021, 26.01.2021-ci il tarixli elektron müraciətlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı müxtəlif tarixlərdə həm artıq ödənilmiş məbləğ “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilənədək, həm də ondan sonra mübahisəli məbləğin geri qaytarılması ilə bağlı tədbirlərin görülməsi və köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının həmin müraciətlərini nəzərə almadan öz mövqeyini müddətin keçməsi ilə əsaslandırmağa çalışmışdır. Cavabdeh 15.02.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğdə artıq ödəməsinin yarandığını və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla 30.12.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsinin qaldığını və həmin məbləğin 30.12.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirərək, 15.02.2012-ci il tarixdən hesablanmaqla iddiaçının artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malik olduğunu, hazırda isə artıq ödəmə məbləğinin yarandığı tarixdən 9 ildən artıq müddət keçdiyini əsas gətirərək öz mövqeyini əsaslandırsa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTKya aid şəxsi hesab vərəqəsindən çıxarışa görə artıq ödəmənin yarandığı tarixdən 5 il keçdikdən, yəni 15.02.2017-ci il tarixdən sonra, 16.02.2017-ci ildən 29.07.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparıldığının və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilir. Yəni cavabdeh öz mövqeyini müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə 29.07.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır. Həmçinin şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 25.08.2020-ci il tarixdə ödəniş edilmiş, həmin məbləğ də, iddiaçının şəxsi hesab vərəqəsində qeyd edilmiş arıq ödəmə məbləğinin üzərinə əlavə edilməklə 44.064,06 manat artıq ödəməsinin olduğu göstərilmişdir. Belə olan halda cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarix düzgün müəyyən edilməmiş, bu isə əsassız olaraq müddət tətbiq edilməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Əgər cavabdeh müddətin keçdiyinə istinad edirsə, vergi orqanı tərəfindən də yaranmış artıq ödəməyə münasibətdə heç bir əməliyyat aparılmamalı idi. Eyni zamanda cavabdeh etirazında iddia olunan məbləğin vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmədiyini, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 44.014,06 manat məbləğin hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcud olduğunu bildirmişdir. Cavabdehin mövqeyini əsaslandırdığı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi dövrü dedikdə vergi öhdəliyinin subyektin maliyyə-təsərrüfat fəaliyyətinin müddət olaraq hansı hissəsi üzrə müəyyənləşdirilməsi (məsələn, il, rüb, ay) nəzərdə tutulur. Belə olan halda vergi orqanı tərəfindən sonuncu azalmanın 15.03.2019-cu il tarixdə, iddiaçının 22.02.2019-cu il və 09.03.2019-cu il tarixli müraciətlərindən sonra verildiyi, artıq ödəmə üzrə son hesablama əməliyyatının isə 29.07.2020-ci il tarixdə aparıldığı nəzərə alınmaqla, cavabdeh tərəfindən vergi dövrünün düzgün müəyyən edilmədiyi öz təsdiqini tapır. İddia tələbində qeyd edilən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. Həmin Qaydaların 2.1-ci bəndinə görə Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər... 4.4-cü bəndə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.4-1-ci bəndə əsasən, icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıüzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Həmin Qaydaların 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə müvafiq olaraq maliyyə orqanları, sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir... Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Bununla bərəbarə Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, göstərilənlərlə yanaşı cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-427/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-427/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver