Məhkəmə qərarları › İş №2-1(116)-428/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-428/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-428/2021 09.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 24.10.1988-ci ildə anadan olmuşdur. Onun özünə dair heç bir sənədi yoxdur. X3 tərəfindən doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan təkrar verilməsi məqsədilə cavabdeh orqana müraciət edilmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan X1 ünvanladığı 12.06.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktrarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildirilmişdir ki, övladının şəxsiyyətini təsdiq edən sənədi, həmçinin notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etmədiyi üçün övladının doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi Şöbənin imkanı xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi X1 tövsiyyə etmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh orqan 28.08.2021-ci il tarixli məktubunda işə nümayəndənin iştirakı olmadan baxaraq müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçının məhkəməyə ünvanladığı ərizələri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 1975 nömrəli, 26.10.1988-ci il tarixli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.10.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçıya 10.03.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ərizəyə əlavə etdiyi Cavabdeh 12.06.2020-ci il tarixli 05/Q-69/15 nömrəli imtina məktubundan görünür ki, qeyd etdiyi tələblə cavabdeh inzibati orqana onun özü yox, atası X3 müraciət etmişdir. Odur ki, məhkəmədə iddia həmin şəxsin adından qaldırılmalı və tələb də “Sizə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrarən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qoyulmalıdır. Qeyd olunanlar nəzərə alınaraq dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 20 gün vaxt verilmişdir. Bundan başqa iddiaçıya yenidən 20.04.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq 10.03.2021-ci il tarixli məktubda qeyd edilənlər bir daha nəzərinə çatdırılmış və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmənin dəftərxanasına 15.07.2021-ci il tarixdə X3 tərəfindən cavabdeh orqana edilən müraciətlə bağlı cavabdehin müraciətin təmin edilməsindən imtina etməsi barədə Sadiq Hüseynova ünvanladığı 07.07.2021-ci il tarixli məktub daxil olmuşdur. Məktubda cavabdeh orqan ilkin 12.06.2020-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd etmişdir. Məhkəmə tərəfindən 24.06.2021-ci il tarixdə İddiaçı yenidən yardım məktubu ünvanlanmış, məktuba münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində deyilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsində deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İşdən görünür ki, atası X3 onun doğum haqqında təkrar şəhadətnaməsinin ona verilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin həmin Şöbə təkrar şəhadətnamə verməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, ərizəçi iddiaçının şəxsiyyətini təsdiq edən sənədi və notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının ərizəyə əlavə etdiyi Cavabdeh 12.06.2020-ci il tarixli 05/Q-69/15 nömrəli imtina məktubundan görünür ki, qeyd etdiyi tələblə cavabdeh inzibati orqana onun özü yox, atası X3 müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinin ikinci cümləsinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Göründüyü kimi, mövcud normalarda şəxsiyyət vəsiqəsi təqdim edilmədən təkrar şəhadətnamənin verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə məhkəməyə hazırkı iddianı verən şəxsin İddiaçı olmasını da müəyyən etmək mümkün deyil. Hazırkı iddianın məhkəmə qərarı ilə təmin ediləcəyini ehtimal etsək belə, bu qərarın icrasının hansı qaydada həyata keçiriləcəyi, doğum haqqında təkrar şəhadətnamənin kimə təqdim ediləcəyi, qərarın icrası üçün gələn şəxsin İddiaçı olub-olmamasının necə müəyyən ediləcəyi məlum deyil. Bu səbəbdən iddia tələbi mümkün sayıla bilməz. İddiaçının doğum haqqında təkrar şəhadətnaməni almaqda məqsədi onu polis orqanlarına təqdim etməklə şəxsiyyət vəsiqəsi almaqdan ibarət olduğuna görə izah edilmişdir ki, şəxsiyyət vəsiqəsi təqdim etmədən doğum haqqında təkrar şəhadətnamə almağı mümkün olmasa da, doğum haqqında şəhadətnamə təqdim etmədən şəxsiyyət vəsiqəsi almağı mümkündür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" ilə aşağıdakılar müəyyən edilmişdir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X5 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır. 2.8. Vətəndaşın ərizə-anketindəki hər hansı məlumatın İAMAS-da toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, həmin şəxs barədə toplanılmış müvafiq fərdi məlumatlar İAMAS vasitəsilə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş aidiyyəti dövlət informasiya sisteminə ötürülür və həmin sistem tərəfindən zəruri məlumatlar müəyyən edilərək İAMAS-a təqdim edilir. 2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1-ci maddə). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3-cü maddə). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4-cü maddə). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (24.5-ci maddə). Sadalanan normaların birgə təhlilindən görünür ki, şəxs şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarına müraciət etdiyi zaman doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədikdə, həmin orqan başlanmış inzibati icraat çərçivəsində özü bu sənədi əldə etməli və şəxsiyyət vəsiqəsinin verilməsi məsələsini həll etməlidir. Ona görə də iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanına müraciət edə bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanan yuxarıda sadalanan yardım məktublarından göründüyü kimi məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsində yol verilən nöqsanların aradan qaldırılması üçün dəfələrlə yardım edilmiş, lakin iddiaçı tərəfindən nöqsanlar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar