Məhkəmə qərarları › İş №2-1(116)-428/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-428/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-428/2024 16.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidmətinin ərazisində istifadəsi üçün nəzərdə tutulmuş metal konstruksiyadan quraşdırılmış Tir əyləncə qurğusunun sökülməsinin cavabdehə qadağan edilməsi haqqında haqqında qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidməti ərazisində istifadəsi üçün cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, sizi təqib etməyinə və qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehin qanunsuz məktubu ilə sökülmüş qurğunun cavabdeh hesabına bərpa edilməsi və dəymiş 2.338 (iki min üç yüz otuz səkkiz) manat ziyanın cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidmətinin ərazisində istifadəsi üçün nəzərdə tutulmuş metal konstruksiyadan quraşdırılmış Tir əyləncə qurğusunun sökülməsinin cavabdehə qadağan edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə təmin edilmişdir. İddia ərizəsinə əsasən ünvan 2 ünvanda yerləşən “Asudə vaxt” iaşə obyekti İddiaçı2 məxsusdur. Belə ki, sözügedən İddiaçı1 miras qalmış iaşə obyekti 10.11,2020-ci il tarixə qədər onun mülkiyyətində olmuş və bundan sonra obyekti oğlu Xəzərə bağışlamışdır. Sözügedən iaşə obyektini uzun illərdir istifadə edirlər. Obyektin sərhədləri bilinən xidməti ərazisində, ümumi istifadədə olmayan, əhalinin gediş gəlişinə mane olmayan, məhəllədaxili ərazi və meydan hesab edilməyən sahədə iddiaçılar tərəfindən metal konstruksiyadan quraşdırılmış “TİR” əyləncə qurğusunu xx.xx.2023-cü il tarixdə sökdürmüş, nəticədə ailə büdcəsinə 2338 manat maddi ziyan vurulmuşdur. İcra Hakİimiyyəti Başçısının şəhər Mənzil Kommunal Təsərrüfata İB-ya xx.xx.2023-cü il tarixdə söküntü ilə bağlı ünvanladığı məktubda heç bir qanuna istinad etmədən metal konstruksiyanın təcili sökülməsini tələb etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2023-cü il tarixli etiraz məktubda qeyd olunur ki, İddia ərizəsində yalnız “Yerli icra Hakimiyyətləri haqqında Əsasnamə’dən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu ildə təsdiq edilmiş və 2017-ci ildə ləğv edilmiş 34 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdan sitatlar gətirir və hər dəfə də vurğulayırlar ki, o, özbaşına quraşdırmalar edə bilər və bunun üçün heç bir icazə almaq tələb olunmur. Mübahisənin başlamasına səbəb isə ondan ibarətdir ki, mülkiyyətlərində olan ölçüsü 124 kv.metr torpaq sahəsində, hansı ki, həmin torpaq sahəsinin 107,97 kv.metri “Asudə vaxt" kafesinin tikintisi altındadır, əlavə torpaq zəbt edərək orada özbaşına heç bir qurumla, şəhərin Baş memarı ilə, şəhər İcra Hakimiyyəti ilə razılaşmadan köşk quraşdırılmış, əlavə torpaq sahəsi zəbt edərək “Tir" quraşdırılmış və işləri o, hələ 2020-ci ildə etmişdir, iddia ərizəsində isə o, göstərir ki, Bələdiyyə ilə 200 kv.metr əlavə torpaq sahəsinə müqavilə bağlamışdır. Halbuki, Bələdiyyə ilə 200 kv.metr torpaq sahəsinə müqavilə 01,06.2023-cü ildə, mövsümü, 4 ay müddətinə bağlanmış və müqavilənin şərtlərinə görə o, həmin torpaq sahəsində heç bir quraşdırma işləri apara bilməz. İddiaçıların quraşdırdıqları köşkün və qoyduqları “Tir”in onların mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Ərazinin sxemi bu faktı aydın sübut edir. (Sxem əlavə olunur). Yeri gəlmişkən, qeyd edirik ki, Mingəçevir Bələdiyyəsi həmin müqaviləni xx.xx.2023-cü il tarixli 15/2 nömrəli qərarı ilə icarədar İddiaçı2 müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən birtərəfli qaydada ləğv etmişdir. “Asudə vaxt" kafesi şəhərin V.Hüsenov küçəsi 14b ünvanında yerləşsə də o, şəhərin H.Əliyev prospektinə yaxındır və Xəzər və İddiaçı1ların özbaşına quraşdırdıqları "Tir” şəhərin arxitektor görkəmini pozur. Bu halları nəzərə alaraq iddiaçılara qanunsuz quraşdırdıqları “Tir”i götürmək təklif olunub, onlar əvvəllər "Tir"i götürmələrinə söz versələr də bunu etməmişlər. Xəzər və İddiaçı1 əməllərinə hüquqi qiymət verilməsi üçün şəhər Polis şöbəsinə müraciət olunmuş, araşdırma aparılmışdır. Araşdırma nəticəsində həqiqətən həmin ərazidə “Tir” quraşdırıldığını və köşk qoyulduğunu müəyyən edilmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Bu məsələ müraciətimiz əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də araşdırılmış və bu təşkilatın nümayəndələri də İddiaçı2 torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq metal profildən quraşdırdığı “Tir”in qanunsuz olaraq qoyulduğunu aşkar etmişlər. Qeyd edirik ki, iddiaçıların mülkiyyətində olan “Asudə vaxt” iaşə obyektinin fəaliyyətinə heç bir şəxs, yaxud qurum tərəfindən heç bir maneə törədilməyib və törədilmir. Bütün bu yazışmalara və mübahisələrə səbəb Azər və İddiaçı2ların özbaşına quraşdırdıqları “Tir” dir. Həmin qurğu ərazidən götürüldükdən sonra bütün mübahisələrə son qoyulacaqdır. İddiaçılar iddia ərizələrində göstərirlər ki, şəhər İcra Hakimiyyəti tərəfindən onların qanunsuz quraşdırdıqları “Tir” sökülmüş və onlara 2338 (iki min üç yüz otuz səkkiz min) manat ziyan dəymişdir. Birincisi həmin “Tir” qurğusu sökülməyib, bu gün də “Asudə vaxt” kafesinin yanındadır. Doğrudur “Tir”in sökülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə X3 məktub göndərilmiş və E.Əhmədov əraziyə gələrək “Tir”in sökülməsini iddiaçılara təklif etmişdir. Lakin İddiaçı2 qanunsuz quraşdırdığı “Tir”i sökmək əvəzinə Korrupsiyya qarşı mübarizə Baş idarəsinin “161” X4 zəng etmiş, daha sonra şəhər prokurorluğuna şikayət ərizəsi yazmışdır ki, Cavabdeh başçısının nümayəndəsi Elnur Əhmədov ondan “Tir” qurğusunun sökülməməsi müqabilində 500 (beş yüz) manat rüşvət tələb etmişdir. Bu fakt da Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsindən daxil olmuş təqrir və Mingəçevir şəhər Prokurorluğunun “Cinayət işinin rədd edilməsi haqqında” qərarı əlavə edilir. “Tir” qurğusu bu gün də həmin ərazidədir, sökülməmişdir, təbii ki, iddiaçılara heç bir maddi ziyan vurulmamışdır. Əlavə olaraq qeyd edirik ki, iddiaçılar Şəki İnzibati Məhkəməsinə müraciət etmələri ərəfəsində “Tir'in yan və arxa divarlarını (üstləri) özləri sökmüşlər və bunu İcra Hakimiyyətinin üstünə yıxırlar. Göstərdiklərimiz hallara əsasən iddiaçılar Xəzər və İddiaçı1ların şəhər İcra Hakimiyyətinə qarşı “Maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə son qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbini əsassız hesab edirik və bir daha qeyd edirik ki, “Asudə vaxt" kafesinin fəaliyyətinə şəhər İcra Hakimiyyəti tərəfindən heç bir maneə törədilmir, onlara qarşı heç bir qanunsuz hərəkətə yol verilmir və verilməyib, iddiaçıların heç bir əmlakı sökülməyib, onlara heç bir maddi zərər vurulmamışdır.İddiaçı Xəzər və İddiaçı1 qanunsuz quraşdırdıqları Tiri və köşkü götürmək əvəzinə şantaj yolunu seçmişlər və bütün dövlət qurumlarına, Prezident Administrasiyasına dayanmadan, ardıcıllıqla şikayət ərizələri yazaraq onların sahibkarlıq fəaliyyətinə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən maneələr törədildiyini iddia edirlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Şəki Apellyasiya Məhkəməsinuin 3(107)-315/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının surəti.

2. Cavabdeh qanunsuz tələbi və əməlləri barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2020-cİ il tarixli akt və onun əsasında Mingəçevir şəhər Prokurorunun qərarı.

3. Mingəçevir ŞPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli (cinayət tərkibinin olmaması barədə) qərarı.

4. Mingəçevir ŞPŞ-nin TB-nin xx.xx.2021-ci il tarixli (cinayət tərkibinin olmaması barədə)qərarı.

5. Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli (cinayət tərkibinin olmaması barədə) qərarı.

6. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0124 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

7. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli 36 nömrəli icarə müqavilənin surəti.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisinə icazə tələb olunmayan qurğuların siyahısı” haqqında xx.xx.2019-cu il tarixli qərarından çıxarışın surəti.

9. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” dən çıxarışın surəti. 10..Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsindən çıxarış surəti.

11. Mingəçevir Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11/5 saylı qərarının surəti; 12.Mingəçevir Bələdiyyəsinin xx.xx.2023-cü İl tarixli 15/2 saylı qərarının surəti 13.Mingəçevir Bələdiyyəsinin “Yerli büdcə məsələləri” daimi komissiyasının xx.xx.2023-cü il tarixli arayışı; 14.Mingəçevir Bələdiyyəsinin “Vergi və ödənişlər” şöbəsinin müdirinin məlumatı. 15.Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədən çıxarışın surəti. 16.Mingəçevir şəhər Məhkəməsinin 2(051)-665/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 2.2.4-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia tələbi öhdəliyin icrası haqqında iddianın xüsusi növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia növünə aiddir. İddiaçı, cavabdeh orqandan imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı yönəlmiş, iddia qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyət etibarilə də əsassızdır.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Hazırkı iddia tələbinə əsasən iddiaçıların hüquqi marağı ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidmətinin ərazisində quraşdırılmış qurğunun sökülməsinin cavabdehə qadağan edilməsindən ibarətdir. Hazırkı iş üzrə məhkəmə araşdırması iki məsələnin müəyyən edilməsi istiqamətində aparılmışdır.Birincisi qurğunun quraşdırıldığı ərazinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi,ikincisi həmin qurğunun inşasının qanuniliyinə dair ddiaçı və cavabdehlərin hərəkətlərinin müəyyən edilməsi. Təqdim olunan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0124 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.Həmin çıxarışa əsasən müəyyən edilir ki,iddiaçıya məxsus torpaq sahəsinin üzərində 107,97 kv.m sahəsi olan qeyri-yaşayış binası inşa edilmişdir.Göründüyü kimi 124 kv.m sahəsi olan ərazisinin 107,97 kv.m hissəsi üzərində tikili mövcuddur.İş materallarına əlavə edilən fotoşəkilərdən,habelə müxtəlif inzibati orqanlar tərəfindən aparılmış araşdırma materiallarına əsasən inşa edilmiş qurğunun iddiaçıya məxsus torpaq sahəsində deyil,kənarda quraşdırıldığı müəyyən edilir.Bununla bağlı məhkəmə tərəfindən mütəxəssis rəyi alınmasına dair təşəbbüs göstərilmiş,lakin iddiaçının hərəkətsizliyi nəticəsində müvafiq rəyin alınması mümkün olmamışdır.Lakin,qurğunun inşa edildiyi ərazinin Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aid olduğu,tərəflər arasında bağlanmış icarə müqaviləsinə hazırda xitam verildiyi araşdırma əsasında təsdiq olunmuşdur. Digər tərəfdən sözügedən qurğunun inşasına dair hər hansı hüquqi əsas təqdim edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.12. qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə); Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; .... Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yerli icra hakimiyyətləri haqqında Əsasnamə (mübahisə yarndığı vaxt qüvvədə olmuş mətninə əsasən) : 4.11.7. məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək; Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd edir ki,mövcud qurğunun inşasının qanuniliyi öz təsdiqini tapmadığından cavabdehin həkətləri əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Qanun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidmətinin ərazisində istifadəsi üçün nəzərdə tutulmuş metal konstruksiyadan quraşdırılmış Tir əyləncə qurğusunun sökülməsinin cavabdehə qadağan edilməsi haqqında haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar