Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-429/2022 20.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “10.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 26.06.1979-cu il tarixdən, 26.04.1982-ci il tarixə kimi "xxxx" ASC-də (X11 birliyi), 04.07.1982-ci il tarixdən, 20.05.1997-ci ilədək Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləməyi nəzərdə alınmaqla), 2 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin (06.12.1986-cı ildə X1 və 23.12.1988-ci ildə X2) və 01.09.1998-ci ildən 21.06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil etməklə, hüququnun yarandığı 26.11.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehə olan 10.08.2021-ci il tarixli ilkin müraciətindən 3 il əvvələ yəni, 10.08.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbində göstərmişdir ki, 06 dekabr 1986-cı il və 23 dekabr 1988-ci il tarixlərdə 2 övladı (X1 və X2) doğulmuş və bununla bağlı 18 noyabr 1986-cı il tarixdən 30 yanvar 1987-ci il tarixədək və 16 noyabr 1988-ci il tarixdən 22 fevral 1989-cu il tarixədək Şəki rayonu Qorxmuq kənd 1 May kolxozdan analıq məzuniyyətinə çıxmışdır. 26.06.1979 - 26.04.1982-ci il tarixlərdə "xxxx" ASC-də, daha sonra 04.07.1982-ci il - 20.05.1997-ci il tarixlərdə Səki rayonu Qorxmuq kənd 1 May kolxozda “Tütünçü” olaraq işləmiş, 01.09.1998-ci il tarixdən 21.06.2001-ci il tarixədək Şəki 1 saylı Peşə məktəbində aşpazqənnadı ixtisası üzrə oxumuşdur. O, İşlədiyi sahənin zərərli sahə olmasını nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda göstərmişdir ki, İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bundan başqa vətəndaşın fərdi hesabının sığorta hissəsindəki qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40200.00 manat müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 9153.12 manat təşkil edir. Qeyd edilənləri ümumiləşdirərək İddiaçı iddia etdiyi “Tütünçü” peşəsi yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarda nəzərdə tutulmadığından və fərdi hesabın sığorta hesabında qeydə alınan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olduğundan ona imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd etdiyi “Tütünçü” peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr'nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmamışdır. Bütün bunları nəzərə alaraq bildiririk ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 08.10.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İV-ЖГ 290080 №-li “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında 15.04.1986-cı ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvadın familyası “Süleymanova” olmuşdur. - Xİİ –ЖГ 306551 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X1 06.12.1986-cı ildə doğulmuşdur. “Ana” haqqında qrafasında İddiaçı qeyd edilmişdir. - X10 filialının 17.03.2021-ci il tarixli arxiv arayışından və 04.07.1984-cü ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən Süleymanov (Ağammədova) İradə Osman qızı 1982-1988, 1991-1997-ci illərdə həmin kolxozda işləmiş, vəzifəsi 1983-1985, 1988, 1991, 1993-1996-cı illərdə “göy tütün”, “tütün”, “quru tütün” olmaqla qeydiyyat aparılmışdır. Həmin illər üzrə minimum adam günü norması 170 gün müəyyən edilmişdir. iddiaçı 18.11.1986-30.01.1987 və 16.11.1988-22.02.1989-cu illlərdə analıq məzuniyyətində olmuşdur. - 04.07.1984-cü ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçı 26.06.1979-cu ildə X11 birliyinin 69 saylı peşə texniki məktəbinin burucu qrupuna şagird qəbul edilmiş, 01.10.1980-cı ildə məktəbi bitirdiyi üçün birliyin burucu sexinə ipək açan peşəsinə qəbul edilmiş, 26.04.1982-ci ildə işdən azad edilmişdir. 01.01.1998- 01.08.1998-ci illərdə Qoxmuq İstehsal kooperativində əmək fəaliyyəti ilə məşğul olmuşdur. - A116709 №-li peşə təhsili haqqında diplomdan görünür ki, iddiaçı Şəki 1 saylı Peşə məktəbinə 01.09.1998-ci ildə daxil olmuş və 21.06.2001-ci ildə “aşpaz-qənadçı” ixtisası üzrə həmin peşə məktəbini bitirmişdir. Ümumi təhsil müddəti 2 il 9 ay 20 gün olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5. Pensiya seçmək hüququ (-). 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi 03.01.2016-cı il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması. İddiaçının ümumi iş stajının 20 ildən çox olması əmək kitabçası və dövlət arxivinin sənədləri ilə təsdiq olunur. Həmin sənədlərə görə iddiaçı Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda işlədiyi dövrlərdə 1982-ci ildə soğan pomidor, 1983-cü ildə göy tütün becərilməsində, 1984-cü ildə tütün, soğan, 1985-ci ildə göy tütün, soğan (18.11.1986-30.01.1987-ci ilə qədər uşağa qulluq üzrə sosial məzuniyyətdə olmuş, 1987-ci ildə qismən ödənişli analıq məzuniyyətində olmuş), 1988-ci ildə tütün, 1991-1997-ci illərdə göy tütün, quru tütün becərilməsində iştirak etmişdir. Arayışdan görünür ki, Qoxmuq kənd “1 May” kolxozunda minimum adam günü norması 170 gün olmuşdur. Odur ki, iddiaçının 1983-1986, 1988, 1991-1997-ci illər üzrə tam əmək stajı 12 il müəyyən olunur. Arayışda qeyd edilən 1982-ci ildən başqa digər illər üzrə iddiaçı tütünçülüklə məşğul olmuş, həm də tütünçülüklə məşğul olduğu illərdə əmək günü minimum normadan artıq olmuşdur. Arayışa əsasən 1982-ci il istisna olmaqla iddiaçının kolxozda işlədiyi tütünçülüklə məşğul olduğu dövr tam 12 il təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli 04/05-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, 19.05.2021-ci il tarixli qərarında istinad olunub). Odur ki, iddiaçının qismən ödənişli sosial məzuniyyətdə olduğu 1987-ci il və körpə uşağa qulluq etdiyi 1989-1990-cı illər iş stajına daxil edildiyindən iddiaçının güzəştli sahədə iş stajı 15 il müəyyən edilir. Həmin müddətin üzərinə iddiaçının X11 birliyinin 69 saylı peşə texniki məktəbində işlədiyi və Qoxmuq istehsal kooperativində olan 3 il 6 ay 7 gün əmək fəaliyyəti və Şəki 1 saylı Peşə məktəbində təhsil aldığı 2 il 9 ay 20 gün təhsil müddətini topladıqda 21 il 3 ay 27 gün ümumi əmək stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz (oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, 19.05.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. İddiaçı özü də cavabdehə ilkin müraciətinin 10.08.2021-ci il tarixdə olduğunu bildirir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli 10.08.2018-cı ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 10.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.