Məhkəmə qərarları › İş №2-1(116)-432/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-432/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-432/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz şəhəri Nizami küçəsi ev 23-də yerləşən 2905 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının atası X4 valideynlərindən miras qalmış və o, həmin miras əmlaka 25.01.1995-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" almışdır. Aqrar islahat aparılan zaman həmin torpaq sahəsi X1i istifadəsində olmuşdur. "Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısı"nın 2298, 2299, 2300, 2301, 2302, 2303-cü sətirlərində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi İddiaçı mərhum atası X5 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,16 ha qeyd olunmuşdur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, X5 və onun ailə üzvlərinin mülkiyyətinə 1,38 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Bundan sonra, aqrar islahat aparılan zaman iddiaçının qanuni istifadəsində olan 0,30 ha torpaq sahəsi olması nəzərə alınmadığına və nəticədə səhvən şəhadətnamədə 0,16 ha torpaq sahəsi göstərildiyinə görə X5 JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2012-ci il tarixli 2inz(84)-973/2012 nömrəli qərarı ilə iddia təmin edilərək JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi qərara alınmışdır. Daha sonra, Oğuz Rayon AİK-in 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına istinadən, Oğuz şəhərində yerləşən 2997,58 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X3 adına A-389515 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 21.02.2012-ci ildə 9426 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçının atası X5 08.05.2013-cü ildə vəfat etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,41 ha bağ torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması xahiş etmiş, lakin sonuncu 02.11.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, 0,41 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə heç bir qeydiyyat yoxdur və torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə təsdiq edən hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, Ərazi İdarəsində mövcud olan torpaq payı almaq hüququ olan subyektlərin siyahısında qeyd olunan 0,41 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətinə verilməsi barədə heç bir qeyd yoxdur. Bundan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq mərhum atası X3 adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həyətyanı torpaq sahələrinə bitişik olan 0,41 ha zəbt torpaq sahəsinin yerləşdiyi fındıq bağında olan çoxillik əkmələr əmlak payı kimi mərhum atası X4 verilmişdir. Lakin həmin torpaq sahəsinə məlum olmayan səbəblərdən bugünədək "Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə" hazırlanmamışdır. Cavabdeh iddia ilə bağlı 04.03.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və eyni zamanda iddia edilən torpaq sahəsinin elektron baza məlumatlarında Oğuz Bələdiyyəsinə aid olduğunu və torpaq sahəsinin yaşayış məntəqələri həyətyanı torpaqlar kateqoriyasına aid olduğunu bildirmişdir. Bundan sonra iddiaçı məhkəməyə 05.04.2021-ci ildə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmısına xahiş etmişdir. Məhkəmənin 01.06.2021-ci il tarixli məhkəmə iclası protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(116)-432/2021 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 25.01.1995-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, Oğuz şəhəri Nizami küçəsi ev 23-də yerləşən 2905 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının atası X4 valideynlərindən miras qalmışdır. - İşdə olan, JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, X5 və onun ailə üzvlərinin mülkiyyətinə 1,38 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, A-389515 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Oğuz Rayon AİK-in 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına istinadən, Oğuz şəhərində yerləşən 2997,58 kv.m ha həyətyanı torpaq sahəsi ilə bağlı X5 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 21.02.2012-ci ildə 9426 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2012-ci il tarixli 2İNZ (84)-973/2012 nömrəli qərarından görünür ki, JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin 02.11.2020-ci il tarixli **********94 nömrəli imtina məktubundan görünür ki, 0,41 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə heç bir qeydiyyat yoxdur və torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə təsdiq edən hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, Ərazi İdarəsində mövcud olan torpaq payı almaq hüququ olan subyektlərin siyahısında qeyd olunan 0,41 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətinə verilməsi barədə heç bir qeyd olmadığından ərizənin icrası mümkün olmamışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, Oğuz şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X3 adı 504-cü sırada ailə başçısı kimi qeydə alınmış və qanuni həyətyanı torpaq sahəsi 0,16 ha göstərilmişdir. Pay torpaq sahəsinin miqdarı subyektlər siyahısında qeyd edilməmişdir. Eyni zamanda torpaq islahatı zamanı X4 0,41 ha torpaq sahəsinin verilməsinə dair arxivdə hər hansı bir məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbi 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. Cavabdehin imtina məktubundan aydın olur ki, iddiaçının cavabdehə ilkin müraciəti həmin 0,41 ha torpaq sahəsinin vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə olmuşdur. Başqa sözlə, iddiaçı cavabdehə ilkin müraciətində torpaq sahəsinə öz mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi halda, iddia ərizəsində mərhum atasının mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh özünün 02.11.2020-ci il tarixli **********94 nömrəli imtina məktubunda torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmamasının səbəbi kimi məhz onun mərhum atasının mülkiyyət hüququnun mövcud olmamasına əsaslanmış və bununla da iddiaçının iddia tələbində olan məsələyə münasibətini bildirmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə ilkin müraciəti hazırkı iddianın mümkünlük şərtinə tam cavab verir. Ona görə də hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Bundan başqa, həmin Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzasına əsasən, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin hissənin dördüncü abzasına əsasən, bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq islahatı zamanı həyətyanı torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi üçün həmin torpaq sahəsinin əvvəlcədən onun qanuni istifadəsində olması tələb olunur. İstər həyətyanı torpaq sahəsinin, istərsə də sovxozların və kolxozların özəlləşdirilən torpaqlarından torpaq payının şəxsin mülkiyyətinə verilməsi aqrar islahat komissiyasının qərarı ilə rəsmiləşdirilməlidir. Lakin müəyyən edildi ki, sözügedən 0,41 ha torpaq sahəsinin əvvəllər iddiaçının mərhum atasının qanuni istifadəsində olması, torpaq islahatı zamanı isə onun mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22.04.2021-ci il tarixli **********80 nömrəli arayışı ilə müəyyən edildi ki, torpaq islahatı zamanı X4 0,41 ha torpaq sahəsinin verilməsinə dair arxivdə hər hansə məlumat aşkar edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən isə görünür ki, sözügedən 0,41 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən hər hansı akt qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 0,41 ha torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar