Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-432/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabında işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ-nin Şəki şəhər şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2002-2005-ci illəri əhatə edən müddətin əmək stajına daxil edilməsi və 2006-2009-cu illəri əhatə edən müddətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi hesabında işlənilməsi və sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini və cavabdeh orqanı dəyişərək cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabında işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqı olaraq ödənişlər etmiş, lakin, ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi hesabında əks olunmamışdır. İddiaçı, ödədiyi vəsaitin fərdi hesabında qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı ilin 1 yanvar tarixindən başlayaraq aparılır. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri" bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs' kimi uçot məlumatları, təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabaflar (Forma B2) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3), həmçinin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki. həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1,9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında; Göründüyü kimi Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və ‘'Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin. S.Qarayevə torpaq mülkiyyətçisi kimi Fondun yerli orqanında uçota durmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. - xx.xx.2009-cu il tarixli 859403 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 27 manat DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - xx.xx.2008-ci il tarixli 436669 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 40 manat DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - xx.xx.2008-ci il tarixli 436413 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 5 manat DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin 'Torpaq mülkiyyətçiləri” bölümündə İddiaçı dair “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və yaxud pay torpaq mülkiyyətçisi kimi uçot məlumatı aşkar edilməmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı - "xxxx" MMC, VÖEN-i-**********, hüquqi ünvanı- AZ1073, Bakı şəhəri Yasamal rayonu Akademiya dön 2. Ev 12, qanuni təmsilçisi – X10, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2002-ci ildir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı - Bakı şəhəri İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin Mətbəəsi, VÖEN-i-**********, hüquqi ünvanı- AZ1073, Bakı şəhəri Nərimanov rayonu X9 ev 123, qanuni təmsilçisi – X5, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2003-cü ildir. - X4 25 saylı Regional Xəzinədarlıq İdarəsinin xx.xx.2022-ci il tarixli 04/02-02 nömrəli məktubunda qeyd edilmişdir ki, 25 saylı Regional Xəzinədarlıq İdarəsi 01 iyul 2020-ci il tarixdən fəaliyyətə başlamışdır və həmin tarixdən Şəki rayonunda X2 Sistemi tətbiq edilmişdir. Odur ki, xx.xx.2020-ci il tarixdən əvvəllki dövrlərə aid olan məlumatların X1maması səbəbindən məktubda sözügedən ödənişlərin tərəfimizdən araşdırılması mümkün olmamışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şəki rayonu Cumakənd kəndində yerləşən 0.85 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X8 və X6 ümumi birgə mülkiyyətindədir. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şəki rayonu Cumakənd kəndində yerləşən 0.5801 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X8 və X6 ümumi birgə mülkiyyətindədir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir (8 may 2020-ci il tarixli 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.5.6-cı maddə ləğv edilmişdir). İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli 859403 nömrəli qəbzlə 27 manat, xx.xx.2008-ci il tarixli 436669 nömrəli qəbzlə 40 manat və xx.xx.2008-ci il tarixli 436413 nömrəli mədaxil qəbzi ilə 5 manat pul məbləği DSMF-nun Şəki şəhər şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti qəbul etməklə müvafiq mədaxil qəbzlərini iddiaçıya təqdim etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Təqdim edilən mədaxil qəbzləri "xxxx" MMC və Bakı şəhəri İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin Mətbəəsi tərəfindən çap edilmiş və həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları ilə sübuta yetirilir. Təqdim edilən qəbzlərin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2008-2009-cu illərdə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006- 2009-cu illəri əhatə edən müddətdə (xx.xx.2009-cu ildə 27 manat, xx.xx.2008-ci ildə 40 manat və xx.xx.2008-ci ildə 5 manat) ödədiyi məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi hesabında işlənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.