Məhkəmə qərarları › İş №2-1(116)-433/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-433/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-433/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaimə hissəsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində düzəliş edilməsi və Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət aktlarının qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının qaimə hissəsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində düzəliş edilməsi və Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqısatqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayon Qaradağlı Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 06 saylı iclas protokolunun qərarına əsasən Ağdaş şəhəri Hərbi Qəsəbə sakini İddiaçı sahibkarlıq məqsədilə bələdiyyə torpaqlarından torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınaraq ona 0,0240 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Satılan torpaq sahəsinin dəyəri xx.xx.2005-ci il tarixli kassa mədaxil qəbzi ilə bələdiyyəyə ödənilmiş, həmin tarixdə Torpaqların alqı-satqısına dair akt tərtib edilərək Torpaq şöbəsində qeydiyyata alınaraq ayrılmış torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Alqı-satqı edilərək sahibkarlıq məqsədilə ayrılmış həmin 0,0240 ha torpaq sahəsinə (torpaq sahəsini sahibkarlıq məqsədilə ayrılması qeyd edilmişdir) Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə xx.xx.2005-ci ildə qeydiyyata alınmış) JN:401 KOD 90317018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 2005-ci ildən istifadəsində olan həmin torpaq sahəsindən təyinatına uyğun olaraq maneəsiz istifadə edir. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********73 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi torpağa mülkiyyət hüququna dair JN-401 nömrəli Dövlət aktı araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv olunmuş DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0401 nömrəli Dövlət aktında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin sahibkarlıq məqsədilə verilməsi göstərildiyi halda, qaimə hissəsində əkin göstərilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinin yerləşdiyi ərazi ictimai tikililər ərazisi, Ağdaş rayonunda aparılmış elektron uçotun nəticələrinə görə hazırlanmış xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli **********44 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu ərazisində yerləşən 0,0240 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etiyi torpağa mülkiyyət hüququna dair JN-0401 nömrəli Dövlət aktı araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv olunmuş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0401 nömrəli Dövlət aktında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin sahibkarlıq məqsədilə verilməsi göstərildiyi halda, qaimə hissəsində əkin göstərilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinin yerləşdiyi ərazi ictimai tikililər ərazisi, Ağdaş rayonunda aparılmış elektron uçotun nəticələrinə görə hazırlanmış xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. İddiaçının adına tərtib edilmiş “topağa mülkiyyət hüququna dair” dövlət aktı Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən həyata keçirilmişdir. Həmin qərara əsasən torpaq sahəsinin uqodiyası, təyinatı ona görə müəyyən edilmişdir. Hesab edirik ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən JN-0401 KOD 90317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının arxiv nüsxəsinin və iddiaçının adına tərtib edilmiş xx.xx.2005-ci il tarixli bələdiyyənin alqı-satqı aktının nüsxələrinin alınması eləcədə torpaq münasibətlərinin nizama salınması və torpaqdan səməri istifadə olunması məsələrinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi, Bələdiyyənin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin, habelə bələdiyyənin hüdudları daxilində dövlət, bələdiyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklərin müəyyən olunmasının, bütün koteqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə informasiya sistemini yaradılması Xidmətin fəaliyyət istiqamətlərinə aid olduğundan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin səlahiyyətlərinə aid olduğu üçün həmin təşkilatdan tələb olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında əsasnamənin 2.0.2, 2.0.3 və 2.0.4-cü bəndlərinə əsasən 17 saylı Yevlax ərazi idarəsinin fəaliyyət istiqamətləri daşınmaz əmlakın dövlət reyestrinin və inventarlaşdırma işlərinin aparılması ilə texniki sənədlərin tərtib edilməsini təmin etməkdən, həmçinin daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etməkdən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi, Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ağdaş rayonu Qaradağlı bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsi bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qaradağlı bələdiyyəsinin sədi X3 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: JN-0401 kod 90317018 nömrəli Dövlət aktından görünür ki, Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı ilə 0,0240 ha torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı verilmişdir. Aktın Torpaq sahəsinin qaiməsi hissəsində sahəsi əkin torpağı olmaqla (dəmyə) ölçüsü 239,94 kv.m qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehə notariat qaydada verilmiş xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, Ağdaş şəhərində yerləşən, sənəd üzrə mülkiyyətində olan 0,0240 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi ölçülərkən məlum olmuşdur ki, torpaq sahəsinin 0,0027 ha hissəsi elektrik xəttinin mühafizə zonasına düşür. Ona görə də, 0,0213 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına iddiaçı etiraz etməmişdir. Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda iddiaçıya bələdiyyə torpağından 0,0240 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə verilmişdir. DTXK-nın Ağdaş rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, Şöbə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. Aktdan görünür ki, akt tərtib edilərkən iddiaçı AZE seriyalı 18766509 nömrəli köhnə nəsil şəxsiyyət vəsiqəsinə malik olmuşdur. Ağdaş RPŞ-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, AZE 18766509 nömrəli şəxsiyyət vəsiqəsi İAMAS alt sistemində və Ağdaç RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən aşkar edilməmişdir. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 45 nömrəli məktubuna əlavə olunmuş Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarının arxiv nüsxəsindən görünür ki, həmin qərarla iddiaçıya kənd təsərrüfatına yararsız sahədən sahibkarlıq məqsədilə 240 kv.m torpaq sahəsi ayrılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********91 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Ağdaş rayonu Qaradağlı kəndi “Qaradağlı" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinində qeydə alınmış JN 401 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsinin koordinatlarını elektron məlumat bazasında mövcud olan X1 X2 yerləşdirdikdə, məlum oldu ki, sözügedən torpaq sahəsinin 209 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, dövlət mülkiyyətində aid (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalıdır) torpaq sahəsində yerləşir. Qalan 31 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə, yollar və küçələr uqodiyalıdır. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi Ağdaş rayonu Qaradağlı kəndi “Qaradağlı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində qeydə alınmış JN 401 nömrəli “Torpağa mkülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsindən 31,5 metr cənub-qərbdə yerləşir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin 209 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, dövlət mülkiyyətində aid (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalıdır) torpaq sahəsində yerləşir. Qalan 31 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə, yollar və küçələr uqodiyalıdır. JN 401 nömrəli “Torpağa mkülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsindən 31,5 metr cənub-qərbdə yerləşir. Qanunvericiliyin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sahibkarlıq məqsədilə, dövlət torpaqları isə bələdiyyə tərəfindən ayrıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaimə hissəsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində düzəliş edilməsi və Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar