Məhkəmə qərarları › İş №2-1(116)-434/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-434/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-434/2025 23.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhəri Ş.Qurbanov küçəsi d-2 ev 4 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.3152,7 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri Ş.Qurbanov küçəsi d-2 ev 4 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.3152,7 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 14 aprel 1993-cü il tarixli notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən evi almışdır. Bu yaxınlarda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Oğuz şəhəri Ş.Qurbanov küçəsi d-2 ev 4 ünvanda yerləşən evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq çıxarış verilməsini xahiş etmişdir. 15 mart 2024-cü il tarixli 3-21-3-42/2-A-00xx-xx/2024 nömrəli məktubla iddiaçıya imtina cavabı verilmişdir. Eyni zamanda iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin Texniki Pasportunda göstərilən 0.3152,7 ha kimi qeydiyyata alınmasından imtina edilmişdir. Bundan başqa iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin 800 kv.metr hissəsinə JN-1725A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçilıq təssərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zaman, müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.3152,7 ha torpaq sahəsinin, 0.08 ha hissəsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərar, əsasında iddiaçının adına JN-l saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Müraciətdə qeyd edilən, ünvan 3 ünvanında yerləşən fərdı yaşayış evinə və həmin evin yerləşdiyi 0.3152,7 ha torpaq torpaq sahəsinin qeydiyyata almması üçün təqdim edilən sənədlərin əsilləri ilə birlikdə “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X8 9 saylı Qəbələ Ərazi İdarəsinin Oğuz rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-1725A KOD 40501004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

3. İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.1993-cü il tarixli alğı-satqı müqaviləsi.

4. Oğuz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 13 mart 1996ci il tarixdə verilmiş 1087 inventar nömrəli fərdi yaşayış evinin qeydiyyat sənədi və texniki pasportu.

5. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1470/2023 nömrəli məktubuna əlavə olunmuş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli iclas protokolu ilə təsdiq edilmiş Oğuz şəhəri üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından görünür ki, İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6305/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdehin imtinasının əsasını iddia olunan 3152,7 kv.m torpaq sahəsinin 2352,7 kv.m hissəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6305/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi yerləşən torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd təqdim edilmədiyinə görə koordinatlarını müəyyən etmək mümkün deyil. İddiaçı faktiki istifadəsində olan 0,1350 hektar torpaq sahəsinin koordinatları təyin edilmişdir. İddiaçı adına tərtib edilmiş JN-1725A KOD 40501004 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,08 hektar torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası həyətyanıdır. X4 X5 (TEKUİS) əsasən isə kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqları, uqodiyası həyətyanı mülkiyyət növü xüsusi (JN-1725A) kimi göstərilmişdir. İddiaçı adına tərtib edilmiş JN-1725A KOD 40501004 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,08 hektar torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 1087 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir. JN-1725A KOD 40501004 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,08 hektar torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan 0,1350 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan 0,1350 hektar torpaq sahəsi və JN-1725A KOD 40501004 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,08 hektar torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı müelkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Həmçinin, xx.xx.1993-cü il tarixli ev alqı-satqısı müqaviləsindən görünür ki, X1 özünə məxsus ünvan 4 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçıya satmışdır. İddiaçının hüquqi marağı Oğuz şəhəri Ş.Qurbanov küçəsi d-2 ev 4 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.3152 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət Reyestrindən Çıxarış verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsinin 0.08 ha hektar hissəsi JN-1725A KOD 40501004 nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmişdir. İddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd vardır :

1. Alqı-satqı əsasında əldə olunan mənzilin texniki pasportunda fərdi yaşayış evinin ölçüsü 47.3 kv.m, yerləşdiyi torpaq sahəsinin ölçüsü 3152 kv.m olaraq qeyd edilmişdir.

2. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında JN-1725A KOD 40501004 saylı Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, xx.xx.1993-cü il tarixli alğı-satqı müqaviləsi ilə verilən torpaq sahəsinin 0.08 ha hissəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, yerdə qalan hissəsi isə qeyd olunmamışdır. Araşdırma zamanı təqdim olunan mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsinə cəmi 1350 kv.m torpaq sahəsi mövcuddur.Odur ki,iddia olunan torpaq sahəsində iddiaçının faktiki istifadəsi 1350 kv.m torpaq sahəsi olduğundan iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri Ş.Qurbanov küçəsi d-2 ev 4 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1350 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar