Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-436/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "doğum haqqında təkrar şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1959-cu ildə Yevlax rayonu 28 Aprel sovxozunda X2 və X3 nikahından anadan olmuşdur. Onun doğumu qeydiyyat orqanında 10.07.1959-cu ildə qeydə alınmış və onun adına 711205 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına etibarlılıq müddəti 15.02.1990-cı ilədək olan BQ seriyalı 530950 nömrəli vətəndaşlığı olmayan şəxsə verilən qeydiyyat vəsiqəsi, bundan sonra isə 25.07.1997-ci ildə etibarlılıq müddəti 25.07.1998-ci ilədək olan A-017956 nömrəli "Vətəndaşlığı olmayan şəxsin vəsiqəsi" verilmişdir. İddiaçı 26.10.2019-cu ildə Cavabdehnə ərizə ilə müraciət edərək ona doğum haqqında təkrar şəhadətnamə verilməsini xahiş etmiş, lakin sonuncu 26.10.2019-cu il tarixli 3033 nömrəli məktubla imtina etmiş və bildirmişdir ki, təkrar şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə eyni xahişlə müraciət etmiş, lakin sonuncu 16.12.2019-cu il tarixli 05/Q-3938-15 nömrəli məktubla imtina etmiş və bildirmişdir ki, təkrar şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. İddiaçı həmin imtina ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə qarşı "doğum haqqında təkrar şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, doğulduğu vaxt ona doğum haqqında şəhadətnamə verilsə də, sonradan o, həmin sənədi itirmişdir. Onun valideynləri İran İslam Respublikasından şah rejimindən qaçan şəxslər kimi Azərbaycan Respublikasının ərazisində məskunlaşmışlar. Valideynlərinə vətəndaşlığı olmayan şəxs statusu verildiyinə görə yetkinlik yaşına çatdıqdan sonra ona da vətəndaşlığı olmayan şəxs statusu verilmişdir. O, hal-hazıradək Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs (apatrid) kimi yaşamış, lakin sovet rejimi dağıldıqdan sonra bu barədə yeni sənəd almamış və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdir. Hazırda o, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmək istədiyinə görə ondan doğum haqqında şəhadətnamə tələb olunur, o isə doğum haqqında şəhadətnaməsini itirmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığına görə Qeydiyyat Şöbəsi ona doğum haqqında təkrar şəhadətnamə verməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli 2-1(112)-5915/2020 nömrəli qərardadına əsasən, iddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli 2- 1(112)-5915/2020 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibət (etiraz) bildirməmişdir. Cavabdeh 03.08.2021-ci ildə məhkəməyə göndərdiyi məktubda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 25.07.1997-ci il tarixli A-017956 nömrəli "Vətəndaşlığı olmayan şəxsin vəsiqəsi"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport işi, viza və qeydiyyat idarəsi tərəfindən iddiaçının adına verilmiş, vəsiqədə onun 25.07.1998-ci ilədək qüvvədə olması qeyd edilmişdir. - İşdə olan, Cavabdeh 26.10.2019-cu il tarixli 3033 nömrəli imtina məktubundan görünür ki, təkrar şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 01.07.2021-ci il tarixli 018-9336-1221 nömrəli məktubundan görünür ki, İdarənin məlumat bazasında İddiaçı yalnız etibarlılıq müddəti 15.02.1990-cı ilədək olan BQ seriyalı 530950 nömrəli "Vətəndaşlığı olmayan şəxsə verilmiş qeydiyyat vəsiqəsi" ilə bağlı məlumat vardır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.14-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.7-ci bəndinin ikinci cümləsinə görə, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə görə, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Sadalanan normalardan görünür ki, təkrar şəhadətnamə almaq üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Azərbaycan Respublikasının 31.05.1996-cı il tarixli 106-İQ nömrəli Qanununa əsasən, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Apatridlərin statusu haqqında 28 sentyabr 1954-cü il tarixli Konvensiyasına qoşulmuşdur. Həmin Konvensiyanın 25-ci maddəsinin 1-3-cü bəndlərində deyilir:
1. Apatridlərin hər hansı bir hüquqdan istifadə etməsi üçün, adətən, bu apatridlərin müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının yardımına ehtiyac olduqda, xatırlanan apatridlərin ərazisində yaşadıqları Razılığa gələn Dövlətlər öz hakimiyyət orqanlarının onlara belə yardımı göstərməsi üçün tədbirlər görəcəklər.
2. 1-ci bənddə xatırlanan hakimiyyət orqanı və ya orqanları apatridləri əcnəbilərə, adətən, vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən, yaxud hakimiyyət orqanları vasitəsilə verilən sənədlər və ya vəsiqələrlə təchiz edəcək, yaxud öz nəzarətləri altında təchiz olunmalarını təmin edəcəklər.
3. Bu qayda ilə verilmiş sənədlər və ya vəsiqələr əcnəbilərə vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən, yaxud hakimiyyət orqanları vasitəsilə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsız olduğu sübut edilməyincə etibarlı sayılacaqdır. Göründüyü kimi, Konvensiyaya qoşulan ölkələr öz ərazisində yaşayan apatridlərin hər hansı bir hüquqdan istifadə etməsi üçün hakimiyyət orqanlarının onlara yardım göstərməsi üçün tədbirlər görəcəklərini, apatridləri sənədlər və ya vəsiqələrlə təchiz edəcəklərini, yaxud öz nəzarətləri altında təchiz olunmalarını təmin edəcəklərini öhdələrinə götürmüşlər. Eyni zamanda, Konvensiyada müəyyən edilmişdir ki, bu qayda ilə verilmiş sənədlər və ya vəsiqələr onların etibarsız olduğu sübut edilməyincə etibarlı sayılır. İşdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına etibarlılıq müddəti 15.02.1990-cı ilədək olan BQ seriyalı 530950 nömrəli vətəndaşlığı olmayan şəxsə verilən qeydiyyat vəsiqəsi, bundan sonra isə 25.07.1997-ci ildə etibarlılıq müddəti 25.07.1998ci ilədək olan A-017956 nömrəli "Vətəndaşlığı olmayan şəxsin vəsiqəsi" verilmişdir. Sonuncu vəsiqə hazırda da iddiaçıdadır. Məhkəmənin 03.06.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu verilərək aşağıdakı suallarla bağlı ətraflı arayış tələb olunmuşdur:
1. İddiaçı adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport işi, viza və qeydiyyat idarəsi tərəfindən 25.07.1997-ci ildə A-017956 nömrəli "Vətəndaşlığı olmayan şəxsin vəsiqəsi" verilmişdirmi?
2. Verilmişdirsə, həmin vəsiqə hansı tarixədək qüvvədə olmuşdur?
3. İddiaçı hazırda Azərbaycan Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxs kimi qeydiyyatdadırmı?
4. Qeydiyyatdadırsa, onun şəxsiyyətini təsdiq edən hansı sənəd vardır?
5. Qeydiyyatda deyilsə, o, Azərbaycan Respublikasının ərazisində hansı əsasla qalır? Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 01.07.2021-ci il tarixli cavab məktubunda həmin Baş İdarənin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin məlumat bazasında İddiaçı etibarlılıq müddəti 15.02.1990-cı ilədək olan BQ seriyalı 530950 nömrəli "Vətəndaşlığı olmayan şəxsə verilmiş qeydiyyat vəsiqəsi" ilə bağlı məlumat olması göstərilsə də, digər suallara cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya 25.07.1997-ci ildə verilmiş vəsiqədə onun etibarlılıq müddətinin 25.07.1998-ci ilədək olması yazılsa da, dövlət iddiaçını vəsiqə ilə təmin etmək öhdəliyi daşıdığına və müvafiq hakimiyyət orqanları bu öhdəliyi yerinə yetirməyərək 25.07.1998-ci ildən sonrakı müddətdə iddiaçını yeni vəsiqə ilə təmin etmədiyinə, hətta iddiaçının hazırda Azərbaycan Respublikasının ərazisində hansı əsasla qalması barədə suala cavab verə bilmədiyinə görə iddiaçı 25.07.1997-ci il tarixli vəsiqənin etibarlılıq müddətinin başa çatması ilə bağlı hər hansı məhrumiyyətə məruz qalmamalıdır. Digər tərəfdən, həmin vəsiqənin etibarsız olması sübut edilmədiyinə görə vəsiqə hazırda da iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda, cavabdeh iddiaçıya doğum haqqında təkrar şəhadətnamə verməkdən imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.