Məhkəmə qərarları › İş №2-1(116)-436/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-436/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-436/2022 18.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 23.08.2021-ci il tarixli **********320800 nömrəli qərarının ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 23.08.2021-ci il tarixli **********320800 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.05.2021-ci il tarixdə **********340200 nömrəli qərar qəbul edilmiş və qərara əsasən 220.50 manat məbləğində “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı”nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsi üçün iddiaçıdan tələb edilmişdir. Lakin, tələb edilən müddət ərzində ödəniş təmin edilmədiyindən 10 saylı Ərazi Vergilər İdarəsi “tələbin icraya yönəldilməsi haqqında” 23.08.2021-ci il tarixli **********320800 nömrəli qərarı qəbul etmiş və iddiaçı hazırda həmin qərarı məhkəmə qaydasında mübahisələndirir. İddiaçıya 11.01.2022-ci il tarixdə yardım məktubu göndərilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, 10 saylı Ərazi Vergilər İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” müvafiq qərarını deyil, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.05.2021-ci il tarixli **********340200 nömrəli qərarını mübahisələndirməlidir. Müvafiq qərarın “Vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində qeyd edilir ki, qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. İş materiallarında olan Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin 21.12.2021-ci il tarixli məktubuna əlavə edilən kargüzarlıq sənədinin təsdiq edilmiş surətindən görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.05.2021-ci il tarixli **********340200 nömrəli qərarı elektron formada iddiaçının şəxsi kabinetinə göndərilmiş və qərar 12.08.2021-ci il tarixdə iddiaçı tərəfindən oxunmuşdur (qəbul edilmişdir). İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hüquqi marağı, barəsində hesablanmış 284.21 manat borcun şəxsi hesab vərəqindən silinməsi ilə bağlıdır. Odur ki, iddiaçı müvafiq borcun hesablanması barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarı (inzibati aktı) mübahisələndirməlidir. Mübahisələndirilən, 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 23.08.2021-ci il tarixli **********320800 nömrəli qərarı 284.21 manat borcun hesablanması barədə deyil, əvvəllər hesablanmış, lakin iddiaçı tərəfindən ödənilməmiş həmin pul məbləğinin məcburi qaydada tutulması məqsədilə tələbin icraya (İsmayıllı rayon icra və probasiya şöbəsinə) yönəldilməsi ilə bağlıdır. Yəni, cavabdeh tərəfindən “tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsi onu göstərir ki, iddiaçı barəsində daha əvvəl 284.21 manat borcun ödənilməsini nəzərdə tutan qərar (inzibati akt) qəbul edilmişdir. Odur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün cavabdeh tərəfindən qəbul edilmiş, 284.21 manat borcun ödənilməsini nəzərdə tutan qərarı (inzibati akt) İPM-nin 38.1-ci maddəsinə uyğun olaraq ona təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirə, eyni zamanda şikayətin verilmə müddəti buraxıldıqda isə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5-nömrəli qərarına əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən hüquqi marağınıza uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün sizə 10 (on) gün müddətində vaxt təyin edilir. Verilmiş müddət başa çatdıqdan sonra Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianızın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəkdir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış hüquqi yardım məktubu 02.02.2022-ci il tarixdə iddiaçı tərəfindən poçt vasitəsilə qəbul olunmuş, lakin iddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 23.08.2021-ci il tarixli **********320800 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar