Məhkəmə qərarları › İş №2-1(116)-436/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-436/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-436/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X1 Hesablama Stansiyasında (xx.xx.1988-ci il tarixdən Göyçay rayon Satatistika idarəsi adlanır) rəis işlədiyi dövrü dövlət qulluğu kimi nəzərə almaqla pensiya məbləğinin bərpa olunması və pensiyaya çıxdıqdan sonra ödədiyi məcburi dövlət sosial sığorta məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə həmin tarixli məhkəmə iclasının protokolu ilə qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1952-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Göyçay Rayon Məlumat Hesablama Stansiyasında (xx.xx.1988-ci il tarixdən Göyçay rayon Statistika İdarəsi adlanır) rəis vəzifəsində işləmişdir. Bundan başqa müxtəlif dövlət orqanlarında, o cümlədən də xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu il tarixədək dövlət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının cəmi dövlət qurumlarında iş stajı 53 il, o cümlədən dövlət qulluğundakı iş stajı 27 ildən artıq olmuşdur. xx.xx.2015-ci il tarixdə - 63 yaşı tamam olduqdan sonra pensiyaya çıxmışdır. Pensiyaya çıxanda Göyçay Rayon Məlumat Hesablama Stansiyasında (sonradan Göyçay rayon Statistika İdarəsində) rəis işlədiyi illər üzrə hesablanıb, dövlət qulluqçusu kimi iddiaçıya pensiya təyin edilməsi üçün müvafiq dövlət orqanına müraciət etmiş və həmin müraciətinə əsasən pensiya təyin edilmişdir. 1988-ci ilədək Göyçay Rayon Məlumat Hesablama Stansiyası (sonradan Göyçay Rayon Statistika İdarəsi) iki sahədən ibarət olmuşdur. Həmin sahələrdən statistika sahəsi dövlət büdcəsindən, idarənin mexanizasiya sahəsi isə təsərrüfat hesabına fəaliyyət göstərmişdir. Yəni, idarənin rəisi, rəis müavini, baş mühasibi və statistika sahəsinin işçiləri dövlət büdcəsindən, mexanizasiya sahəsinin işçiləri isə təsərrüfat hesabına maliyyələşdirilirdilər. Beləliklə 1988-ci ilədək “Rayon Məlumat Hesablama Stansiyası” adlanan təşkilat 1988-ci ildən etibarən “Rayon Statistika İdarəsi” adlandırılmışdır. Dəyişiklikdən sonra statistika və mexanizasiya sahələri hər biri qüvvədə qalmaqla, funksiya və vəzifələrini əvvəlki qaydada həyata keçirməklə xərcləridə əvvəlki qaydada olduğu kimi statistika sahəsi Dövlət büdcəsinin vəsaiti hesabına və mexanizasiya sahəsi göstərdiyi xidmətlərə görə təsərrüfat vəsaiti hesabına maliyyələşdirilirdi. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina gəlmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçı V Abdullayevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq stajına görə əlavə 47,60 manat, rütbəyə görə əlavə 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,01 manat olmaqla orta aylıq əmək haqqı 974,61 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 yanvar 2020ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta ayhq əmək haqqı (949,81 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (974,61 manat) arasındakı fərq məbləğinin (24,80 manat) 67,25 faizi-16,68 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (715,28 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 731,96 manat məbləğində hesablanmalı olduğu halda, 946,83 manat məbləğində müəyyən edilməklə 01,01,2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 7735,32 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 805,15 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 923,51 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 5541,06 manat ödənilməli olduğu halda, 7167,66 manat pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçıya həmin dövr üzrə 1626,60 manat artıq pul vəsaiti ödənilmişdir, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaiti 7 mart 2023-cü il tarixli müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8890,59 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 257,81 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası 923,51 manat məbləğində aşağıdakı tərkibdən ibarət olduğu müəyyən edilmişdir: > əmək pensiyasının sığorta hissəsi-621,31 manat; > qulluq stajına görə əmək pensiyanıza əlavəniz-218,24 manat; > maddi yardım-83,96 manat. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqan iddia tələbinə etirazda İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8890,59 manat artıq pul vəsaiti ödəmənin aşkar edilməsi barədə məlumat verilmişdir İddia tələbi inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, mahiyyət etibarı ilə də əsaslıdır. Belə ki, müvafiq pul məbləğinin iddiaçıdan tutulması ilə bağlı qəbul edilməsi gözlənilən inzibati aktlara münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia, iddiaçının həyatını (mövcudluğunu) çətin vəziyyətə sala bilən və ya bərpası mümkün olmayan zərərin vurulması təhlükəsinin mövcud olduğu halları əhatə etməlidir. Çünki hazırkı iş üzrə iddiaçının gəlirlərinin qorunub saxlanılmasına böyük marağı var. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından görünür ki, müvafiq pul məbləğinin tutulması ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Əksinə, iddiaçının cavabdeh orqana müraciət ərizələrinin məzmunundan görünür ki, o müvafiq tutulmanın icra edilməsinə etiraz etmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki,iddiaçıya aid pensiya məbləği qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin müddəaları tətbiq edilərək yenidən hesablanma aparılmışdır.Həmin qərarın qəbul edilməsi iddiaçıya münasibətdə artıq ödəmənin əsaslarının da aradan qalxmasını təsdiq edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdeh orqanın faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur. Odur ki, cavabdeh orqanın üzərinə tutulmaların dayandırılması və tutulmuş həmin vəsaitin geri qaytarılması öhdəliyi qoyulmalıdır. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, cavabdeh inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli və 2-1(102)-8/2023 nömrəli, 18 yanvar 2023- cü il tarixli qərarları) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat məbləğində hesablanmış artıq ödəmənin tutulmasına yönəlmiş hərəkəti qanunsuz hesab edilir və cavabdehin üzərinə həmin vəsaitin tutulmasının dayandırılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar