Məhkəmə qərarları › İş №2-1(116)-4373/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4373/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4373/2025 02.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində doğum yerinin dəyişdirlməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına doğum haqqında akt qeydində doğum yerinin Gürcüstan Respublikası Rüstavi şəhərinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “İddiaçı adına xx.xx.1983-cü il tarixdə Cavabdeh tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə akt qeydlərində X1 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulduğu qeyd edilmişdir. Halbuki iddiaçı xx.xx.1983-cü ildə Gürcüstan şəhəri Rustavi doğum evində dünyaya gəlmişdir. İddiaçı Gürcüstan Respublikasının N15 saylı yarıaçıq və qapalı tipli azadlıqdan məhrumetmə müəssisəsində cəza çəkir. Etibarnamə vasitəsilə Cavabdehnə doğum qeyd haqqında düzəliş olunması barədə və İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi haqqında sərəncam verilməsi ilə bağlı məktub ünvanlamışdım. Cavabdeh 3-16-5/8-15-829/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə aidiyyatı üzrə məhkəməyə müraciət etməyimi tövşüyə edilmişdir.. Cavabdeh inzibati orqan iddiaya münasibətində bildirmişdir ki, “vətəndaşın doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədlərin (doğumu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin) təqdim edilməsi mümkün olmamışdır. Qanunvericiliyə əsasən həmin sənədlərin saxlanılma müddəti 1 ildir. Lakin bildiririk ki, doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənədlər bəndində Mingəçevir şəhər Uşaq Poliklinikasının arayışı kimi məlumat yazılmışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2026-cı il tarixdə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. AZ-İ 479347 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti.

3. 12101109486 nömrəli Gürcüstan Demokratik Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə Rustamov Ramizə verilmişdir.

4. 11.06.2025-ci il tarixli X2 tərəfindən verilmiş 45 nömrəli arayışın surəti.

5. 31.07.2025-ci il tarixli **********8 nömrəli İddiaçı doğum aktı qeydinə əlavə və dəyişikliklərin edilməsi barədə qərarın surəti.

6. Mingəçevir Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məktubun surəti.

7. Cavabdehndə saxlanılan xx.xx.1983-cü il tarixdə tərtib edilmiş 1234 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının doğum tarixi “İddiaçı xx.xx.1983cü il” kimi qeyd edilmişdir.

8. Cavabdehndə saxlanılan xx.xx.1983-cü il tarixdə tərtib edilmiş 51 №-li atalığı müəyyən etmək haqqında aktı qeydinin surəti

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı tələbdə iddiaçının hüquqi marağı adına doğum haqqında akt qeydində doğum yerinin Gürcüstan Respublikası Rüstavi şəhərinə dəyişiklik edilməsindən ibarətdir. İş üzrə müəyyən edilir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixli, 1234 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğulduğu yer “Azərbaycan Respublikası Mingəçevir şəhəri” qeyd edilmişdir. Sözügən doğum haqqında akt qeydi tərtib edilən zaman qüvvədə olan “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 184-cü maddəsinə əsasən doğumun qeydiyyatı, uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud da onlardan birinin yaşadığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Doğum haqqında yazılı və ya şifahi formada məlumat valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar valideynlərin razılığı olduqda, doğumun təntənəli şəraitdə qeyd olunmasını təmin edirlər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci üç ay ərzində, uşaq ölü doğulduqda isə doğum vaxtından ən geci üç gün müddətində verilməlidir. Göründüyü kimi akt qeydi tərtib edilən dövrdə mövcud qanunvericiliyə əsasən doğumun qeydiyyatını aparan müvafiq orqana məlumat uşaqların doğulduğu yerdə və ya valideynlərin, bu mümkün olmadıqda isə uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 185-ci maddəsinin tələbinə görə doğum haqqında məlumatın düzgün verilməsi buna dair səlahiyyəti olan şəxslərin məsuliyyət sferasına aid olan məsələ olduğundan burada qeydiyyatı aparan orqanın hərəkətlərinin qanunsuz olmasına istinad edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Hazırkı halda iddiaçıya aid doğum haqqında aktın qeydində onun doğuldu yerin səhv qeyd edilməsi iş üzrə müəyyən edilmdiyindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “iddiaçının adına doğum haqqında akt qeydində doğum yerinin Gürcüstan Respublikası Rüstavi şəhərinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar