Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-438/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-cı il tarixli 07 saylı qərarı ilə Göyçay rayonu Mallışıxlı kəndi ərazisindən İddiaçı, X7, X1, X3, X4 2,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 345 saylı, 40804068 X21 verilmişdir.İddiaçı həmin torpaq sahəsinə dair adına çıxarış almaq məqsədi ilə cavabdehə müraciət etmiş, müraciətinə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüqunun qeydiyyatı üçün zərudi olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Göyçay rayonu Mallışıxlı kəndində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirən zaman JN- 345 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 2.03 ha torpaq sahəsi üzərində başqa şəxsə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Araşdırılan zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin bir hissəsi X12 tərəfindən, bir hissəsi isə X18 tərəfindən istifadə edilir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Göyçay rayon Məhkəməsinin 2(046)-830/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi.
3. JN-345 KOD 40804068 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı ilə 2.03 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı, 2000-ci il tarixli Göyçay rayonu, Mallı-Şıxlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və ailə üzvlərinin adları qeyd olunmuşdur .
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3761/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Hazırkı iddiaya əsasən iddiaçı cavabdeh inzibati orqandan 2.03 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdehin imtinasının əsasını iddia olunan torpaq sahəsinin iddiaçının istifadəsində olmaması ilə bağlı olmuşdur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-cı il tarixli 07 saylı qərarı 2.03 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsi naturada 1,69 ha mövcud olduğundan iddia həmin hissədə əsaslıdır.İddia olunan torpaq sahəsinin qeyri-qanuni zəbt olunması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. TEKUİS-ə əsasən tərtib olunan xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3761/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron bazada təqdim olunan, Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-345 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha torpaq sahəsi ilə iddiaçının naturada göstədiyi 1.69 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya, ölçü və bucaq fəqrləri mövcud olduğu üçün cavablandırmaq mümkün olmadı. Elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində göstərilən JN-345 nömrəli Dövlət aktı ilə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Elektron kadastr uçotu xəritəsində JN-345 nörməli Dövlət aktı ilə verilmiş torpaq sahəsi üzrə 2.03 ha, faktiki sahə 1.73 ha olaraq göstərilmişdir. İddiaçının naturada göstərdiyi 1.69 ha torpaq sahəsinin 1.04 ha hissəsi X14 tərəfindən, 0.65 ha hissəsi isə X18 tərəfindən faktiki istifadə edildiyi baxış zamanı mütəxəssisə bildirilmişdir. X15 faktiki istifadə etdiyi 0.65 ha torpaq sahəsində tikili yerləşdiyi müşahidə edilmişdir. Elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində göstərilən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-345 nömrəli Dövlət Aktı ilə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi X14 və X18 tərəfindən faktiki istifadə edilən torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada göstərdiyi 1.69 ha torpaq sahəsinin X18 tərəfindən istifadə edilən 0.65 ha hissəsi **********63 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 1.58 ha torpaq sahəsinin 0.19 ha hissəsi ilə üst-üstə düşsədə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində **********63 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-346 nömrəli Dövlət Aktı 1.58 ha olaraq göstərilmiş və elektron kadastr uçotu xəritəsində üst-üstə düşmə halı mövcud deyil. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem işə əlavə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ digər dövlətin vətənaşlığını qəbul edənədək yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi həmin hüququn dövlət qeydiyyatına alınmasına hüquqi əsas yaradır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X20 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş,Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində yerləşən 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X9, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı,Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.