Məhkəmə qərarları › İş №2-1(116)-438/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-438/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-438/2025 09.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 16 saylı Ucar ərazi idarəsinə qarşı “X5 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyekt tərkibinin ləğv edərək şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 1.50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində mərhum atası X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X5 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyekt tərkibinin ləğv edərək şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 1.50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-438/2025 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2004/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-478/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2004/2024 nömrəli xx.xx.2024 il tarixli qərardadı ləğv edilmiş və yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əsasən iddiaçının atası X6 1960-cı illərdə Ucar rayonu Qarabörk kəndində istifadəsində 1.50 ha torpaq sahəsi olmuş və onun tərəfindən özünə məxsus olan həmin torpaq sahəsində 2 otaq və 1 eyvandan ibarət hazırda iddiaçının yaşadığı fərdi yaşayış evi inşa olunmuşdur. Təxminən 5 il öncədən başlayaraq, tərəfindən həmin evə bitişik 3 otaq, hamam, sanuzel, həyətdə isə hamam və s inşa olunmuş, həyətyanı sahə isə hər tərəfdən dəmir hasarla bağlanılmışdır. Həmin torpaq sahəsinə dair qanunsuz olaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi tərəfindən islahatdan əvvəl xarici ölkə vətəndaşı olan qardaşı X2 adına JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə qanunsuz verilməklə yanaşı, iddiaçının vərəsəlik və gözlənilən mülkiyyət hüququnu pozur. İslahatdan öncə və hazırkı zamanda xarici ölkə vətəndaşı olan qardaşı X2 adına tərtib edilmiş, JN- 212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni aşağıdakı hallara görə qanunsuz hesab edir: X14 İslahat Komissiyası tərəfindən təsdiq edilmiş siyahıda 3 nəfər şəxsin-X6, X3, X2 adları qeyd olunmuşdur. JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı əsasında verilməsinə baxmayaraq, X2 adı qeyd olunan cədvəl Ucar Rayon Aqrar İslahat Komissiyası tərəfindən 2002-ci il tarixdə təsdiq edilmişdir. X7 islahatdan öncə xarici ölkə vətəndaşı olmuşdur. Qanunvericiliyin tələbinə görə onun mülkiyyətinə torpaq sahəsi verilə bilməz. (Torpaq Məcəlləsinin 48-ci maddəsi) İddiaçının atası X11 təsərrüfat başçısı kimi qeyd olunan həyətyanı torpaq sahəsinə dair Təsərrüfatbaşına kitabda torpaq sahəsi qrafasında torpaq sahəsinin ölçüsü 0.25 ha, normadan artıq həyətyanı sahənin 1.25 ha olması qeyd olunub. Odur ki, X2 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində X6 ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etdi. Cavabdeh iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili iddia tələbinə izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-212A KOD 90405018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X4 1.50 ha torpaq sahəsi verilmişdir.

3. Ucar rayon Notariat Arxivinin 451 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surəti.

4. Respublika Dövlət Arxivinin Şəki filialının 29 iyul 2021-ci illarixli 541 saylı Arxiv Arayışı nolarial təsdiq edilmiş surəti.

5. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-527/2023 nömrəli məktubuna əlavə olunmuş Ucar rayonunun Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, X2 adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” və “həyətyanı torpaq sahəsi” qrafasında 0,25 ha, zəbt olunan torpaq sahəsi 1.25, mülkiyyətçiyə verilən torpaq sahəsi 1.50 ha qeyd olunmuşdur.

6. cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada iddiaçı tərəfindən göstərilən, iddia olunan ərazi elektron bazada təqdim olunan kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən 1,50 ha torpaq sahəsinə verilən JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə eyni ərazidə yerləşir. Lakin JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı tərəfindən naturada göstərilən 1,50 ha torpaq sahəsi arasında konfiqurasiya və bucaq fərqləri mövcuddur

7. JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahələr uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi kimi göstərilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2004/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-478/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.

10. Azərbaycan Respublikası Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarından çıxarışın surəti.

11. Ucar rayon Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunun surəti.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Hazırkı iddia tələbinə əsasən ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətə verilmiş 1,5 ha torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi mərhum atası X6 müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə arxiv sənədlərini aqrar islahatın məqsədləri baxımından nəzərdən keçirərək hesab edir ki,iddia tələbi əsaslıdır.Belə ki, JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Ucar rayonu Qarabörk kəndində yerləşən 1,5 ha torpaq sahəsi Mirzəliyev (Mirzəyev) Elnur Rza oğluna mülkiyyətə verilmişdir.Həmin Şəhadətnamənin subyekt tərkibində yalnız Mirzəliyev (Mirzəyev) Elnur Rza oğlu qeyd edilsə də müvafiq hüquqmüəyyənedici sənədlərin hazırlanmasının ilkin əsası olan subyektlər siyahısında E.Mirzəliyevlə baərabər X11 və onun arvadı X1 adı qeyd edilmişdir.Göründüyü kimi əslində Şəhadətnamə hazırlanarkən mülkiyyətə verilən 1,5 ha torpaq sahəsi subyektlər siyahısında göstərilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmişdir.Bu baxımdan da həmin Şəhadətnaməyə əsasən mülkiyyətə verilən torpaq sahəsinin subyekt tərkibinə düzəliş edilməsi aqrar islahatın məqsədi baxımından zəruridir. Hazırkı iddia tələbinə əsasən iddiaçı mərhum atası X6 ümumi birgə mülkiyyət hüququna dair arayışın verilməsini tələb etsə də əslində torpaq sahəsi yuxarıda qeyd olunan subyekt tərkibinin ümumi birgə mülkiyyətinə verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsi anlamında qanuni istifadə kimi başa düşülməməlidir. Yəni, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-212A nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar qəbul olunarkən orada yaşayan və qanuni istifadəçilərin adları şəhadətnamədə göstərilmədən hazırlanmışdır. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-1182/2023 saylı qərarına əsasən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X11 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 16 saylı Ucar ərazi idarəsinin üzərinə X5 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyekt tərkibini ləğv edərək, Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş Ucar rayonu Qarabörk kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mərhum X6 ümumi birgə (X1 ümumi birgə mülkiyyətçi olması nəzərə alınmaqla) mülkiyyət hüququna dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar