Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-439/2024 05.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqə əsasında qalibi olduğu, “Hərracların təşkili mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş şəhadətnamədə qeyd olunan mülkiyyət hüququ üzrə Balakən şəhər bələdiyyəsinə məxsus olan 3.0 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqə əsasında qalibi olduğu, “Hərracların təşkili mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş şəhadətnamədə qeyd olunan mülkiyyət hüququ üzrə Balakən şəhər bələdiyyəsinə məxsus olan 3.0 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hərracların təşkili mərkəzi” PHŞ-nin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2022-ci il tarixli iclasının 281 nömrəli protokolunun surətindən görünür ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid 3 ha və ya 1 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilən müsabiqədə ən yüksək təklif vermiş İddiaçı, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur.Lakin,nəzərdə tutulmuş 20 gün müddətində müqavilə bağlanmamışdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardımın göstərilməsinə dair məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir. Hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. İddiaçıya arzuladığı hüquqi nəticəyə müvafiq iddia tələbi ilə mülki icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı yardım məktubunu alsa da münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən iddiaçının hüquqi marağının Balakən Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasından ibarət olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə;
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları:
3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Vİ. Müqavilələrin bağlanması və hüququn verilməsi.
18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, yuxarıda istinad olunan “Əsasnamə”nin və “Qaydalar”ın tələbindən göründüyü kimi bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə inzibati akt qərar qəbul edir. Əsasnamənin 10-cu bəndində isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 və 16.4-cü maddələrinə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə və hərrac və ya müsabiqə keçirilmədən torpaq sahəsinin satıldığı hallara münasibətdə torpaq sahəsinin bilavasitə bələdiyyə qərarı ilə ayrılması nəzərdə tutulur. Əsasnamənin 23-cü bəndi də məhz birbaşa torpaq sahəsinin ayrılması nəzərdə tutulan hallarda (10-cu bənddə göstərilən) bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməli olduğunu müəyyən edir. İstinad olunan Əsasnamənin 22-ci bəndində bələdiyyənin hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra növbəti dəfə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməli olduğu qeyd olunur. Yəni, hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinə münasibətdə bələdiyyə ilkin olaraq hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə, daha sonra isə üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməklə inzibati fəaliyyəti həyata keçirir və müvafiq sənədləri hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməklə inzibati fəaliyyətini başa çatdırmış olur. Bundan sonrakı prosedurda isə müsabiqə və ya hərrac vasitəsilə torpaq sahəsi mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən şəhadətnamə verilir ki, həmin şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Göründüyü kimi müsabiqədə qalib gəlmiş şəxsə təqdim edilmiş şəhadətnamə həmin subyektlə bələdiyyə arasında mülki qanunvericiliyə uyğun müqavilə bağlanması üçün yetərli olduğundan bələdiyyənin yenidən inzibati fəaliyyət həyata keçirməsi və bunun nəticəsində inzibati akt qəbul etməsinə lüzum yoxdur. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi qanunvericilikdə də bununla bağlı bələdiyyənin inzibati fəaliyyət həyata keçirməsi proseduru müəyyənləşməmişdir. Yəni, bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etdikdən sonrakı fəaliyyəti inzibati hüquq münasibətləri ilə deyil, keçirilmiş hərracın və ya müsabiqənin nəticəsindən asılı olaraq mülki hüquq münasibətləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2507/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında da oxşar işlə bağlı həmin mövqe təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, ...torpaqla bağlı müqavilələrdən (alğısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın satılması ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə aşagıdakılar izah edilmişdir: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırılan mülki hüquq münasibətlərindən yaranan məsələlər barədə ümumi rayon məhkəməsinə müraciət edilməlidir. Belə ki, Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Normaların məzmunundan göründüyü kimi, müqavilə bağlamağa məcburetməyə yol verilməməsində istisnalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqə əsasında qalibi olduğu, “Hərracların təşkili mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş şəhadətnamədə qeyd olunan mülkiyyət hüququ üzrə Balakən şəhər bələdiyyəsinə məxsus olan 3.0 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə