Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-44/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum X1na məxsus əmlakların (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) dair qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1354/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-81/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-1354/2020 nömrəli qərardadı ləvğ edilərək iddia tələbi mümkün sayılmış, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-44/2022 nömrəli qərardadı ilə İsmayıllı rayon Əhən bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabında mərhum X1nın ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi - 0550 ha və yaşayış evinin tikintisi 1934- cü il qeyd edilmişdir. Anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. X1 xx.xx.1973-cü ildə vəfat etmişdir və qanunvericiliyin tələblərinə əsasən mərhumun yeganə vərəsəsi özüdür. Bu barədə DƏDRX İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096№-li məktubla məlumat vermişdir. Qeyd edilənlərə əsasən mərhum X1na məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi - 0550 və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. DƏDRX İsmayıllı rayon şöbəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşları onun iştirakı ilə ərazidə olaraq torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişdir. X7, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. Göstərilənlər nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı Əliyev X4 rayonu Qoydan kəndində yerləşən mərhum anasından miras qalmış 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında İsmayılı rayonu Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin statusu biçənəkdir. Faktiki iddia edilən torpaq sahəsi kəndin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Torpaq sahəsi üzərində hər-hansı bir tikili mövcud deyil. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsi bir tərəfdən yol digər tərəflərdən isə bələdiyyə torpaqları ilə sərhəddir. İddiaçı tərəfindən təqdim edilən yerquruluşu planı vətəndaşın çoxsaylı müraciətlərinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem tərtib edilərkən hər-hansı sənədə istinad edilməyib. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan İsmayıllı rayon Qodan kəndində yerləşən iddiaçının mərhum anasından miras qaldığı bildirilən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi haqqında Əhən bələdiyyəsinin şəxsi təsərrüfat kitabında vətəndaş vergi subyekti kimi qeydiyyatda deyil və bu barədə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan sənədlər təqdim etməmişdir. İddia olunan torpaq sahəsi elektron baza məlumatlarında İsmayıllı rayon Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmçinin iddiaçı, İƏD-si üzrə qeydiyyatda deyil. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 021033 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 284 №-li arayışında qeyd edilmişdir ki, ismayıllı rayonu 138 №-li arxiv fondunda saxlanılan Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum X2 ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimidir: Ailə başçısı: X5 1895-ci il təvəllüdlü. Torpaq sahəsi : 0550 qeyd olunub, Evin tikili tarixi: 1934-cü il qeyd olunub. - İsmayıllı rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli 251 №-li məktubundan görünür ki, İddiaçı, X2 vərəsəsidir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayonu Əhən kəndi üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısında X5 və İddiaçı adları aşkar edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Rayon Dövlət Arxivinin 12 10.2018-ci il tarixli, 284 nömrəli arxiv arayışında, İsmayıllı Rayon İcra hakimiyyəti Başçısının Əhən kənd İnzibati Ərazi İdarəsi üzrənümayəndəliyinin Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfat başına kitabında X2 adına qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini və koordinatlarım təyin etmək mümkün deyil. İddiaçı nümayəndələri tərəfindən göstərilmiş, İsmayıllı rayonu Qoydan kəndi erazisində yerləşən torpaq sahəsi naturada ölçülmüş, sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir Faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları yerquruluşu planında göstərilmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 284 nömrəli arxiv arayışında İsmayıllı rayonRayon İcra Hakimiyyəti başçısının Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfat başına kitabında X2 adına qeyd edilmiş torpaq sahəsi ilə İddiaçi İddiaçı nümayəndələri tərəfindən göstərilmiş, naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyil. - cavabdehin xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçının hüquqi marağı İsmayıllı rayon Əhən bələdiyyəsinin ərazisində yerləşən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olduğunu bildirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması ilə bağlı müvafiq qeydiyyatın DƏDR-də qeydə alınmasına nail olmaqdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı hazırlayır. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyrimümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı təsərrüfatbaşına kitabda qeyd edilmiş məlumatlara istinad edərək həmin torpaq sahəsinin mərhum anasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq sənəd iddia olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir(həmçinin həmin sənədlərlə torpaq sahəsinin yerləşmə yerinin də müəyyən edilməsi mümkün deyil). İddiaçının mərhum anası torpaq islahatı başlananadək vəfat etdiyindən, islahat zamanı müvafiq torpaq sahəsinin iddiaçının mərhum anasına ayrılması mümkün ola da bilməzdi. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində yerli aqrar islahat komissiyasının müvafiq qərarının təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı, zəbtində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bundan başqa müəyyən olunur ki, iddia olunan torpaq sahəsi - Əhən bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı, uqodiyası biçənək olan torpaq sahəsidir. Müvafiq torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmaması ilə bərabər, qanunvericilik (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2.m) müvafiq kateqoriyadan olan torpaq sahələrinin bələdiyyə mülkiyyətindən xüsusi mülkiyyətə verilməsini birbaşa qadağan etmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsində qeyd olunan torpaq sahələrinin yalnız istifadəyə və icarəyə verilməsi təsbit olunmuş, xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsi:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum X1na məxsus əmlakların (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.