Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-44/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh inzibati orqanın əsassız vergi hesablanmasına dair 26 sentyabr 2022-ci il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********995700 №-li qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh inzibati orqanın əsassız vergi hesablanmasına dair 26 sentyabr 2022-ci il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********995700 №-li qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi ona 16 avqust 2022-ci il tarixdə vergi orqanına dəvət məktubu ünvanlayaraq qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən 2020-2022-ci illər ərzində müxtəlif mənbələrdən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-dəkı hesablarına ümumilikdə 966 860.0 manat məbləğində vəsait daxil edilmiş, ATM və ya bankların kassalarından nağdlaşdırılmışdır. Cavabdeh həmin məktubda Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə və Vergi Məcəlləsinin müxtəlif maddələrinə istinad edərək, bank hesablarına mədaxil nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi üçün onu 24 avqust 2022-ci il tarixdə saat 11:00-da 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına dəvət etmişdir. O, 13 sentyabr 2022-ci il tarixdə cavabdehə rəsmi şəkildə ərizə təqdim edərək ərizəsində pul vəsaitlərinin nə üçün onun açdığı hesablara köçürülməsini ətraflı şəkildə izah etmişdir. Belə ki, ailəlidir 5 övladı var. Hər bir valideyn istər ki, övladları sağlam və xoşbəxt olsun. Lakin, bəzi valideynlərinin çiyinlərinə övladlarının sağlamlıq durumu ilə sınağa çəkilmək yükü düşür. O da övladlarıyla sınağa çəkilən valideynlərdən biridir. Övladlarından 02 mart 2005-ci il təvəllüdlü Zeynəb və 28 iyul 2007-ci il təvəllüdlü Nigar böyük beta-talassemiya, anadangəlmə ürək qüsuru, mədəciklər arası çəpərin membranoz hissəsinin defekti xəstəliklərindən əziyyət çəkirlər. Övladlarının müayinə, müalicəsi çox bahalıdır. Mütəmadi olaraq müayinəyə, davamlı müalicəyə ehtiyacı var. Özünün, qohumların, tanış və dostların maddi vəsaiti hesabına övladının müalicəsi ilə məşğul olur. Qızlarının sağlamlıq durumu ilə bağlı qayğıları ilə məşğul olur və ayrı işləri görməyə nə vaxtı, nə də mənəvi gücü qalmır. Qızlarının qarın nahiyəsinə aparat qoşulub, həmin aparatlar əsasən gecələr işləməklə, uşaqların bəzi orqanlarının fəaliyyətini stimullaşdırır. Uşaqlara bahalı dərmanlar alır, hər ay Bakı şəhərinə, icra edilməsi zəruri olan prosedurlara aparır. Övladlarını xilas etmək üçün əlindən gələni əsirgəmir. İstəyirəm ki. mümkün qədər sağlam olsun, böyüyüb həddi-büluğa çatsınlar, xoş günlərini görsün. Həkimlərin, bu sahədə işləyən mütəxəssislərin bildirdiyinə görə, qızlarının sağlamlıq durumunu mümkün qədər yaxşılaşdırmaq üçün bahalı cərrahiyə əməliyyatı edilməlidir. Bu növ əməliyyat ən çox keyfiyyətlə və uğurla Türkiyə, Almaniya, İsrail kimi dövlətlərdə yerləşən məşhur Tibb Mərkəzlərində aparılır. Əməliyyatın özünə, həmçinin valideynlərin uşaqla birlikdə xarici ölkəyə səfər edib, uşaq cərrahiyyə əməliyyatı olunub, tibb müəssisəsindən evə yazılana qədər yaşamaq uçün məsrəflər çox böyükdür. Ən yaxşı halda 1 milyon manat civarında məsrəf etməklə yuxarıda qeyd etdiyi cərrahiyyə əməliyyatını etdirmək mümkündür. Uşaqların cərrahiyyə əməliyyatına hazırlanması (cərrahiyyə əməliyyatından sağ çıxmaq ehtimalı daha da, artsın deyə uşağa öncədən xüsusi iynə-dərman vasitələri ilə müalicə tətbiq olunmalıdır, qeyd etdiyi kimi övladlarında anadangəlmə ürək qüsuru var, cərrahiyyə əməliyyatı buna hazırlıqsız icra edilərsə qızları üçün çox risklidir, həyati önəm kəsb edir) da, əlavə məsrəflər tələb edir. Cavabdehin 16 avqust 2022-ci il tarixdə vergi orqanına dəvət məktubunda qeyd etdiyi 966.860.0 manat məbləğində vəsait qızının cərrahiyyə əməliyyatına yardımsevər insanların sayəsində toplanmış pul vəsaitidir. Həmin pul vəsaitini o qazanmamışdır, həmin pul vəsaiti yardımsevər vətəndaşların göndərdiyi ianələr, yardımlardır. Onun həmin pulun yığılmasında rolu sadəcə elanların verilməsi, sosial şəbəkələrdə müzakirələrə daxil olub, öz dərdimi, balalarımın sağlamlıq durumunu paylaşıb, yardım istəməyindən ibarətdir. Həmin pul vəsaiti nə muzdlu işdən gəlir, nə sahibkarlıq fəaliyyətindən gəlir, nə qeyrisahibkarlıq fəaliyyətindən gəlir, nə borc, nə kredit deyil, ianələr və yardımlardır. Onların sayəsində övladlarının Almaniyaya, yaxud İsrailə cərrahiyyə əməliyyatına aparılması üçün zəruri olan 1 milyon manat pulun yığılıb başa çatmasına az bir məbləğ qalıb. Yuxarıda qeyd olunan məktubu aldıqdan sonra maraqlandıqda bu sahəni bilən insanlar bildirdilər ki, Vergilər Nazirliyi və tabeliyində olan qurumlar onun kimi uşağı xəstəliklərdən əziyyət çəkən valideynlərə həssas yanaşırlar. Ələlxüsus da Azərbaycan Respublikası Prezidentinin, həmçinin İ vitse prezidentin talassemiyalı uşaqlara və onların yaxınlarına münasibətdə verdikləri göstəriş və tapşırıqlar istər Vergilər Nazirliyində, istərsə də digər Nazirliklər və strukturlarda ciddi şəkildə nəzərə alınır. Vergi Məcəlləsinin 106.1, 106.1.1, 106 1.2-ci maddələrinə görə xeyriyyə təşkilatlarının gəliri, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Bundan başqa, Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti də vergidən azaddır. İnternet üzərindən Vergi Məcəlləsini oxudum və gördüm ki. həqiqətən bu maddələr mövcuddur. Görünür ki, Vergi Məcəlləsi tərtib olunarkən qayğıya ehtiyacı olan şəxslərin durumu nəzərə alınıb və bu, məni talassemiyadan əziyyət çəkən uşaqların valideyni kimi sevindirdi. Çünki, qayğı ilə əhatə olunmağı hiss etmək insanda güvən yaradır. Ərizəmə müalicə həkiminin 24 fevral 2009-cu il tarixli tibbi arayışının 18 yaşına qədər uşaqlara sosial pensiya təyin edilməsi üçun TSEK-ə 12 mart 2009-cu il tarixli göndərişin, rəngli doppler exokardioqrafiyasının surətlərini də əlavə etmişdim. Göstərdiklərimi nəzərə alıb, mədaxil edilmiş pulların vergidən azad edilməsinə göstəriş verilməsini cavabdehdən xahiş etmişdim. Yuxarıda qeyd etdiyim kimi, ərizəmi və ərizəyə əlavə olunmuş sənədləri cavabdehə 13 sentyabr 2022-ci il tarixdə təqdim etmişəm. Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi mənim həmin ərizəmə cavab vermədən, ərizəmdə qeyd etdiklərimlə bağlı mövqe bildirmədən. 26 sentyabr 2022-ci il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********995700 saylı qərar çıxararaq, mənə 135.360 manat 40 qəpik vergi hesablamışdır. 26 sentyabr 2022-ci il tarixli qərarı çıxarandan xeyli sonra isə 12 oktyabr 2022-cı il tarixli **********831600 saylı məktubla mənim müraciətimə cavab vermişdir. Cavabdeh həmin məktubda 01 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.3.1 -ci maddəsinin qüvvədə olan redaksiyasına, həmçinin 01 yanvar 2022-cı il tarixdən qüvvəyə minmiş redaksiyasının müddəalarına istinad edilmişdir. Cavabdehin istinad etdiyi maddi hüquq normalarına nəzər yetirdikdə görünür ki, vergitutma mənbəyi kimi yardım alan tərəf deyil, yardımı göndərən tərəf çıxış edir. O, yardım alan tərəf kimi vergitutma mənbəyi kimi çıxış etmir. Bundan əlavə, ondan malik olmadığı, qeyri-mümkün olan informasiyanın (sübutların) təqdim edilməsi tələb olunur. Halbuki, o, yardım göndərən şəxsləri tanımır, onların fiziki və ya hüquqi şəxs olduqlarını, xeyriyyə və ya qeyri-kommersiya təşkilatları olduğunu, dərnək və yaxud yardımsevərlər klubu olduğunu, hər hansı vəzifədə olubolmadığını bilmir. O, sosial şəbəkələr vasitəsi ilə, dükanda, bazarda, tanımadığı bütün insanlara müraciət edərək, balalarının ağır xəstə olduğunu bildirmiş, hesablar barədə zəruri məlumatlar olan kağız elanları onlara təqdim etmişdir. Bu elanı başqa şəxslər də, öz hesablarında yaymış, telefon vasitəsi ilə bir-birinə göndərmişlər, fərdi söhbətlərdə bir-birinə danışmışlar və yardım etməyə çalışmışlar Vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarını ehtiva edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.3-cü maddəsinin tələbinə görə hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2021-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ərizəsində himayəsində iki azyaşlı xəstə övladı olduğunu, onların bir sıra xəstəlikdən əziyyət çəkdiklərini, qeyd olunan xəstəliklərin xarici ölkələrin tibb müəssislərində müalicə edildiyini, bu cür əməliyyatlar üçün bir milyon manat vəsait tələb olunduğu, bu qədər vəsaitin olmadığı üçün əlacsız qalaraq sosial şəbəkə vasitələri ilə vətəndaşlara müraciət etdiyini bildirmişdir. İddiaçı ərizəsində övladlarının müalicəsi üçün müxtəlif bank hesabları açdıraraq həmin rekvizitləri müxtəlif yerlərdə (metroda, maqazinlərin qarşısında) yerləşdirdiyini, bu müraciətlərdən sonra 966.860,0 manat vəsaitin toplandığını qeyd etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, uçot-baza məlumatına əsasən fiziki şəxs vergi orqanı tərəfindən xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün pul-kredit müəssisələrinin (kommersiya banklarının və bank əməliyyatlarını həyat keçirmək üçün lisenziyası olan sair kredit müəssisələrinin) fəaliyyəti kimi qeydə alınmışdır. Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********998200 nömrəli xidməti məktubda vətəndaş İddiaçı (PİN:xxxxxxx) aparılmış bank əməliyyatlarına əsasən 2020-2022-ci illər ərzində müxtəlif mənbələrdən "xxxx" ASC, "xxxx" ASC,"xxxx" ASC-dəki hesablarına (AZ81BRES41010AZ**********001, AZ28BRES********************, AZ80BRES******************** .AZ44BRES41010 AZ**********002,AZ93UBAZ**********1010AZN001, AZ03UBAZ**********1012AZN0 ümumilikdə 966860,0 manat məbləğində vəsaitin mədaxil edildiyi, ATM və ya bankların kassalarından nağdlaşdırıldığı bildirilmişdir. Aparılmış əməliyyatlar ilə əlaqədar olaraq vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə **********951400 nömrəli dəvət məktubu göndərilərək vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi bildirilmişdir. Həmçinin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********064400 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə **********883300 nömrəli məktubla və məktuba “stasionar xəstənin tibbi kartasından çıxarışı"-nı əlavə edərək övladlarının talassemiya xəstəliyindən əziyyət çəkdiyini və qeyd edilən vəsaitin müxtəlif şəxslər tərəfindən yardım kimi edildiyini bildirilmişdir. Vergi ödəyicisinin bu məktubu əsassız hesab edildiyindən Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq 2021-ci ilə dair analoji qaydada 135.360.40 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********995700 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin övladının Almaniyada müalicə olunması üçün lazım olan bir milyon manat vəsaitə çatmasına az qaldığı qeydinə münasibət bildirirərkən qeyd etmək istərdik ki, toplanan vəsaitlər bütün məbləğdə vergi ödəyicisi tərəfindən nağdlaşdırılmışdır. Övladlarının müalicəsi məqsədləri üçün toplanan vəsaitin vergi ödəyicisi tərəfindən bank hesabında saxlanılmamasının səbəbləri və həmin vəsaitin məqsədli istifadə edilməsi üçün hal-hazırda vergi ödəyicisində mövcud olub-olmamasının, izahatında xeyriyyə və qeyrikommersiya təşkilatlarının gəlirlərinin vergidən azad olunması qeyd edildiyindən, vergi ödəyicisinin hesabına vəsaitlərin qeyri-hökümət təşkilatlarından daxil olub-olmamasının araşdırılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə **********831600 nömrəli məktub göndərilmişdir. Övladlarına Almaniyada və ya İsraildə cərrahiyə əməliyyatının aparılması üçün və ya ölkə daxilində aparılmış müalicələr ilə bağlı çəkilmiş hər hansı bir xərc sənədi və ya xaricdə müalicə olunması üçün qeyd olunan vəsaitin xarici ölkə xəstəxanalarının hesabına köçürülməsi ilə bağlı, ümumiyyətlə uşaqların müalicəsi ilə bağlı çəklimiş hər hansı bir xərc sənədi vegi ödəyicisi tərəfindən təqdim edilməmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, Dövlət Vergi Xidməti və onun tabeliyində olan qurumlar mənim kimi uşaqı xəstəliyindən əziyyət çəkən valideyinlərə humanist yanaşmalıdı fikrinə münasibət bildirirərkən qeyd etmək istərdik ki, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Qanun” un 6.1 -ci maddəsinə əsasən irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir və qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlar dövlətin nəzarətindədir. İddiaçı xeyriyyə təşkilatlarının gəliri, qeyri kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr üzvlük haqları və ianələr vergidən azaddır və bu səsəbdən ona hesablanmış vergi məbləğini azadılması qeydinə münasibət bildirərək qeyd etmək istərdik ki, Vergi Məcəlləsinin 106.1 -ci, 1061.1 -ci və 106.1.2-ci maddələrinə əsasən xeyriyyə təşkilatlarının gəliri (sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa; qeyrikommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Bu maddəyə nəzər saldıqda görünür ki, burada gəlir sözü fiziki şəxslərin əldə etdiyi gəlir deyil, xeyriyyə təşkilatlarının və qeyri kommersiya təşkilatlarının (sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa) gəlirləri, aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr nəzərdə tutulur. İddiaçı özü yardım alan tərəf kimi vergitutma mənbəyi kimi çıxış etmədiyini, yardımların kim tərəfindən (fiziki və ya hüquqi şəxs) olunduğunu bilmədiyini qeydi ilə əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bəyannamə verməyə borcludurlar. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Sadalanan maddələrdən göründüyü kimi, vergi ödəyicisi İddiaçı əldə etdiyi gəlirlər (yəni köçürülmüş pullar) barəsində vergi orqanına bəyannamə təqdim etməli idi. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutuma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 99.3.7-ci maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla, fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Eyni zamanda, 1 yanvar 2022-ci il tarixədək Vergi Məcəlləsinin 102.1.3.1 -ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi gəlir vergisindən azad edilmişdir. Sözügedən maddənin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının müddəalarına əsasən ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azad edilmişdir. Vergi Məcəlləsinin 102.1.3.1 -ci maddəsinə əsasən təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məblğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1 -ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Qeyd olunanlardan aydın olur ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022ci il tarixli “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” **********995700 nömrəli Qərarın ləğv edilməsi edilməsi barədə ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, Mülki Prosessual Məcəlləsinin 47.2, 154-cü maddələrinə əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********995700 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 135 360,40 manat qeyd edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-532/2023 nömrəli qərardadı ilə xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AA*******, xxxxxxx) İddiaçı adına olan AZ81BRES41010AZ**********001, AZ28BRES********************, AZ80BRES********************, AZ44BRES41010AZ**********002, AZ93UBAZ**********1010AZN001, AZ03UBAZ**********1012 AZN hesablarına 2020-2022-ci il tarixlərdə pul vəsaiti köçürmüş subyektlər, ödənişin təyinatı, tarixi və hər bir subyekt tərəfindən ödənilmiş pul vəsaitinin məbləği barədə məlumatlar aidiyyəti üzrə "xxxx" Kommersiya Bankı” ASC və "xxxx" ASCdən götürülsün. Qərardadın icrası müvafiq olaraq; - AZ93UBAZ**********1010AZN001, AZ03UBAZ**********1012 hesablara münasibətdə -"xxxx" Kommersiya Bankı” ASC-yə, - AZ81BRES41010AZ**********001, AZ28BRES********************, AZ80BRES********************, AZ44BRES41010AZ**********002 hesablara münasibətdə "xxxx" ASC-yə həvalə edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisələndirilmişdir. Odur ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İddia mümkün olsa da, mahiyyət etibarilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü pul-kredit müəssisələrinin (kommersiya banklarının və bank əməliyyatlarını həyat keçirmək üçün lisenziyası olan sair kredit müəssisələrinin) fəaliyyəti kimi qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının bank hesablarına 2020-2022-ci illər ərzində müxtəlif mənbələrdən ümumilikdə 966860,0 manat məbləğində vəsait mədaxil edilmiş, sözügedən məbləğ ATM və ya bankların kassalarından nağdlaşdırılmışdır. İddiaçı, himayəsində iki azyaşlı xəstə övladı olduğunu, onların bir sıra xəstəlikdən əziyyət çəkdiklərini, qeyd olunan xəstəliklərin xarici ölkələrin tibb müəssislərində müalicə edildiyini, bu cür əməliyyatlar üçün bir milyon manat vəsait tələb olunduğunu, bu qədər vəsaitin olmadığı üçün əlacsız qalaraq sosial şəbəkə vasitələri ilə vətəndaşlara müraciət etdiyini, övladlarının müalicəsi üçün müxtəlif bank hesabları açdıraraq həmin rekvizitləri müxtəlif yerlərdə (metroda, maqazinlərin qarşısında) yerləşdirdiyini, bu müraciətlərdən sonra 966.860,0 manat vəsaitin toplandığını qeyd etmişdir. Bununla belə iddiaçı tərəfindən nağdlaşdırdığı vəsaitin övladlarının müalicəsi üçün sərf olunmasına dair hər hansı mötəbər sübut ilkin inzibati araşdırma zamanı cavabdeh orqana, o cümlədən məhkəməyə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bəyannamə verməyə borcludurlar. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Eyni zamanda, 1 yanvar 2022-ci il tarixədək Vergi Məcəlləsinin 102.1.3.1 -ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi gəlir vergisindən azad edilmişdir. Sözügedən maddənin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının müddəalarına əsasən ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azad edilmişdir. Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. İşin hallarından göründüyü kimi iddiaçı sözügedən vəsaitin övladlarının müalicəsi məqsədilə toplandığını bildirsə də, həmin vəsaitin nağdlaşdırılmasının da, məhz həmin məqsədlə həyata keçirilməsini sübut edə bilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-532/2023 nömrəli qərardadı ilə iddiaçının AZ81BRES41010AZ**********001, AZ28BRES********************, AZ80BRES********************, AZ44BRES41010AZ**********002, AZ93UBAZ**********1010AZN001, AZ03UBAZ**********1012 AZN hesablarına 2020-2022ci il tarixlərdə köçürmüş pul vəsaitləri öyrənilmişdir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, hesaba mədaxil edilmiş məbləğlər ölkə üzrə orta statistik maddi yardım məqsədilə verilməsi mümkün olan ağlabatan məbləğlərdən olduqca yüksəkdir. Məhkəmə hesab edir ki, iddiaçının övladlarının müalicəyə ehtiyacının olması özlüyündə toplanmış vəsaitin birmənalı olaraq müalicə haqları, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardım kimi qiymətləndirilməsinə səbəb olmur. Bunun üçün həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər də mövcud olmalıdır. Vergi Məcəlləsinin 99.3.7-ci maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla, fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının bank hesablarına toplanmış 966.860,0 manat vəsait fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid olduğundan cavabdeh orqan 14 faiz dərəcə ilə 135 360,40 manat məbləğində gəlir vergisini hesablayaraq mübahisələndirilən qərarın qəbul edilməsində haqlı olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh inzibati orqanın əsassız vergi hesablanmasına dair 26 sentyabr 2022-ci il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********995700 №-li qərarının ləğv edilməsi” barədə iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-44/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-44/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver